"Molla Nəsrəddinlə "Kirpi"nin söhbəti


Bu gün "Molla Nəsrəddin" satirik jurnalının ad günüdür. Jurnalın ilk nömrəsi 1906-cı il 7 aprel tarixində işıq üzü görüb. Bu münasibətlə milli satiramızın babası sayılan "Molla Nəsrəddin"lə "Kirpi"nin xəyali söhbətini sizə təqdim edirik.

- Nə var, nə yox, Kirpi? İşlər necədir? 

- Sağ ol, molla, işləri necə qoyub getmisənsə, eləcə durur!

-  Yüz ildən artıqdır ki, görmürəm sizi, nə yeniliklər var bizim müsəlman aləmində?

- Yenilik?! Rəhmətliyin oğlu, guya, bilmirsən ki, bizdə yenilik həmişə keçmiş oyananda, ölü diriləndə olur. Amma adamın başının üstündə allah var, bizdə də xeyli yeniliklər var, məsələn, birini deyim, sən gedəli, xeyli terror təşkilatları yaratmışıq, partladırıq, dağıdırıq, artıq dünyanın gözü bizdən qorxur, bizimlə hesablaşırlar.

- Əla! Bəs o vaxt bizim elm, təhsil uğrunda başladığımız mübarizədən nə xəbər var? Biz o vaxt rus çarından, İran mollalarından, ərəb şeyxlərindən uzun əziyyətdən sonra müsəlman qızlarının təhsil alması üçün məktəblərin açılmasına icazə alıb gimnaziyalar tikmişdik, onların axırı nə oldu?

- O məktəblər durur, amma içində qız yoxdur, yenə qız uşaqlarının oxumasına pis baxırlar, qızları 8-ci sinifdən çıxarıb ərə verirlər. Hətta heç onların dünyaya gəlməsini istəmirlər. Abort deyə tibbi edam üsulu tapmışıq, qız uşaqlarını ana bətnindəcə edam edirik, gedirlər işlərinin dalınca.

-  Nə yaxşı, nə yaxşı! Doğub diri-diri basdırmaqdansa, daş-qalaq eləməkdənsə, elə ana bətnindəcə işlərini bitirmək çox mədəni yoldur. Əşi, siz xeyli inkişaf etmisiniz ki, bə bayaq deyirsən yenilik-zad yoxdur. Bəs oğlan uşaqlarını necə, yenə Bakı milyonçuları onları məşhur universitetlərə oxumağa göndərirlər?

- Yox, daha milyonçu yoxdur, olsaydı, elə öz məktəblərimizdə də yaxşı dərs keçmək olardı. Beş-altı imkanlı adam var, onlar da iş adamlarıdır, uşaq-muşağa vaxt ayıra bilmirlər.

-  Bəs səhiyyənin vəziyyəti necədir, bizim vaxtımızda həkim qıtlığı, dərman çatışmazlığı var idi?

-  Şükür allah, bu sahədə bolluqdur, həkimimiz də boldur, dərmanımız da, xəstəmiz də! Ancaq bir məsələ var ki, artıq tibb sahəsi bu gün daha çox mollarların diqqətini cəlb edir. Xeyli kirayə yas çadırı verən firmalar yaratmışıq, ən son model qəbir daşları istehsal edirik, maşallah, ehsan süfrələrində bir donuz ətimiz əskikdir, onu da dinimizə hörmət əlaməti olaraq qoymuruq, yoxsa, papacanı, günaha yazmasalar, qəşəng qaban kababı da vermək olar. Ən əsası odur ki, bu gəlhagəlin hamısı həkimlərimizin əlinə baxır. Tibb olmasa, millət qırılar acından!

-  Bəs bizim o vaxt kəndlərdə, rayonlarda tikib kitabla doldurduğumuz kitabxanaların vəziyyəti nə yerdədir?

- Hansı, indi o kəndlərdə mal-qaranın səyyar tövlələrinə, rayonlarda kababxanalara çevrilən binaları deyirsən? İndi heç şəhərin mərkəzində kitab, qəzet almağa dükan tapmaq olmur, o ki, qala kənd olsun. Həm də sizin o kitabxanaları bilirsən niyə dağıtdıq?

- Niyə?

-  Hamı əvvəl deyirdi ki, oxusaq bizdən də nəsə çıxacaq, amma ha oxuduq, ha yazdıq, heç nə çıxmadı, ona görə kitabın başını buraxdıq.

- Bəs o erməni-müsəlman davası nə yerdə qaldı?

- Hə, bax sizi o vaxt inandırıblar ki, bu, erməni-müsəlman davasıdır, ancaq biz indi təzə-təzə öyrənmişik ki, bu, rus-türk müharibəsi imiş, hələ də uzanır, ancaq şot hələ də rusların xeyrinədir, görək axırı nə olacaq!

- Bizim dövrümüzdə gələcək nəsillər üçün teatrlar, operalar, konservatoriyalar tikilirdi, gedən var indi onlara?

-  Hə, molla, nöş yoxdur, ölkəyə gələn bütün mədəni qonaqlar bizim də əvəzimizə gedib-gəlirlər teatra-zada. Sağ olsunlar, ona görə də biz alverimizdən, çak-çukumuzdan qalmırıq. Sənin dediyin gələcək nəsillər üçün isə addımbaşı bir məscid tikmişik. Gedib gözlərinin qurdunu öldürülər.

- Yenə şükür edin ki, sizin dövrdə bizim dövrdə olduğu kimi təriqət davaları yoxdur, saqqalın uzunluğuna görə baş kəsmirlər.

-  Onu sənə kim deyir? Gəl səni Azərbaycandan on addım Şərqə tərəf aparım, bax gör nə dövlətlər, nə dini icmalar, nə fətvalar görəcəksən, eşidəcəksən! Müsəlman alimləri əllərini göyə qovzayıb dua edirlər ki, sən bizi oxumuşların şərindən qoru, allahım! Sizin dövrdə təriqətlər baş kəsirdilərsə, bizim dövrdə universitetləri bağlayırlar, kitabxanaları yandırırlar, elm adamlarını, yazıçıları, müxbirləri öldürürlər.

- Bəsi indinin Sabirləri, Cəlilləri, Axundovları hara baxır?

- Nə Sabir, a kişi? bu günün şairi Sabirin yazdığı şerin bir misrasını belə yaza bilməz! Gecəynən onu evinə getdiyi yerdə arxadan bıçaqlayıb öldürərlər. İndi elə bilirsən, Cəlilin “Ölülər” əsəri kimi əsər yaza bilərsən, od vurub evində ailəni yandırarlar. İndi Axundovun “Kəmalüddövlə məktubları”nı yazsan, adamı diri-diri torpağa göməllər.  

-  Bəs nə düşünürsünüz?

-  Düşünürük ki, nə qədər ki, müsəlman aləmində məzar evdən, ölüm həyatdan, kişi qadından, qarın başdan, ailə vətəndən müqəddəs hesab olunacaq, özümüzü öldürməyə dəyməz.  

- Tikanlarını o yana elə, səni bi öpüm, Kirpi! səni də danışdırıb qanını qaraltdım! Sən mənim canım, bir söz də soruşum, o Kərbəlayı Həsən ağa var idi ha, qızlarını məktəbə göndərən adamları öldürəcəyi ilə hədələyirdi, sonra öz arvadlarından biri şəhərdə qadın həkim olmadığıdan öldü, o neynir? Yadımdaır o vaxt bir neçə mülkü, faytonları, silahlı qoçuları vardı, onun axırı nə oldu? Day bir də sən mənim əlimə nə vaxt düşəcəksən, allah bilir?

- O da necə görmüşdünsə, eləcə durur, bir qram qocalıb eləməyib. İntəhası son illər İranı Amerika sıxışdırdı, ölkə zəiflədi, ona görə də Kərbəlayının İranla alveri öldü. Amerika da İranı sıxışdırdıqca ərəbin qol-qanadın açdı. Həsən ağa da dünya görmüş kişidir, getdi Həccə, ərəblərlə işləri səhmana saldı. İndi olub həm də Hacı Həsən ağa! Hörməti hörmət, alveri də ki alver! Hə, bir də faytonlarınının yerinə indi bahalı maşınlar alıb, amma elə onları da küçədə-bazarda köhnə vərdişlə at-arabası kimi sürür.  

 - Görüb eləsən, mənim ağzımnan onun üzündən öpərsən! Denən, molla deyir, o əmanət nooldu? özü biləcək! 

 



Tarix: 07.04.2017

8768

Ən çox gülünənlər