Professorun soğan dərdi


Dünya ölkələri arasında iqlim bolluğunun – burada doqquz iqlim söhbətini nəzərdə tuturam, - qafiyə zənginliyinin məhz bizdə olması haqqında yazdığım dissertasiyamı, nəhayət ki, bitirib qurtardım. Elmi rəhbərim bu işimin xalqımızın zəngin elm anbarına yeni töhfələr verəcəyi haqda televizorda xeyli danışdı. Düzdü, sonralar mənə məlum oldu ki, hər yerdə filosof kimi təqdim olunan elmi rəhbərimin, nəinki fəsləfədən xəbəri var, yazığın heç bir dənə elmi məqaləsi də yoxdu. Elmlər doktoru kimi tanıdığımız bu ağsaqqal heç mal həkimi də deyilmiş...
Nəyimə gərəkdi, hamı ona professor deyirsə, mən niyə deməməliyəm, elmin, fəlsəfənin dərdi mənəmi qalıb? Guya, mən ciddi bir elmi əsər ortaya qoysam xalq sevəcək, rəhbərlik məni irəli çəkəcək? Mənə belə şeylər lazım deyil, kim istəyir gedib o yolda saçını, dişini töksün, keçəl, mırıq günlərə qalsın.

Hə, elmi işimi yazan müddətdə rəhbərim, guya, məni nəzarətdə saxlayır, altdan-altdan tez-tez evinə çağırırdı. Professor yay vaxtı dəniz kənarındakı villasına, havalar soyuyan kimi şəhərdəki evlərinin birinə yığışır, bir növ, durna həyatı yaşayır. Bir də görürüdün mənə zəng eləyirdi ki, elmi işi də götürüb gəl. Mən də sevinə-sevinə gedirdim, bilirdim ki, elmdən bir kəlmə də olsun danışmayacağıq. Çatan kimi elmi işi soruşurdu: “Gətirmisən?” Mən də üstündə: “Qoca sarsaqla gənc axmağın simfoniyası” adlı elmi işimi papkadan çıxarıb kişinin qarşısına qoyardım. Kağızların qalınlığına baxıb: “Xeyli yazmısan ki! Müdafiədən narahat olma, təki ortada yazılı kağız olsun!” deyirdi. Ondan elm haqda başqa şey eşitmədim.
Keçirdik əsas məsələyə, manqalı qalayıb kabab çəkirdik. Kişi kababın yanında badımcan, pomidor, bibər kababını da xoşlayırdı. Bahalı araqlar içirdik. Bir dəfə sərxoş olanda elmə necə pərçimləndiyini gəyirə-gəyirə danışdı:
“Əsgərliyi bitirib sovxozda üç il suçu işləyəndən sonra Bakıya gəldim. Kömürçü bazarında alver eləyən kəndçilərimizə qoşuldum. Biz bazara mal gətirən kəndçilərdən kartof-soğan alıb baha satırdıq. Kirayə evdə qalır, hər gün yeyib-içirdik. Yaxşı qazanırdıq, ata-anama da pul göndərirdim. Qolumda elə bir güc vardı, yüz kiloluq kartof kisəsini saman çuvalı kimi oynadırdım.
Bir gün bazara yaşlı bir kişi gəldi. Məndən xeyli kartof-soğan alıb, bazarlıq yükünü maşına daşımağımı xahiş etdi. Beləcə, onunla dostlaşdıq.

Bir gün yay vaxtı kişinin bazarlığına kömək eləmək üçün evlərinə qədər gedəsi oldum. Evdə onun qudurğan arvadı və gözəl bir qızı vardı. İlk dəfə onların evinə gedəndə xeyli utandım, corablarım iylənirdi. Arvadı yanımdan keçəndə “püfff!” eləyib burnunu tutdu. Ancaq qızı uzaqdan mənə baxıb gülümsəyirdi. Bir dəfə kişinin bağ evinin həyətini sahmana salmağa getdim. Ağacları budadım, suladım, əkin yerini bellədim. Arvadı bağda deyildi deyə, qızı ilə arxayın söhbətləşirdim. Qızı ikinci kursda oxuyurdu, məndən üç yaş kiçik idi. Bir gün yenə bağ evinə gedəndə qız fürsət tapıb mənə dedi ki, səni sevirəm. Sevindiyimdən başım fırlandı, az qaldım yıxılam. Anasının vəhşi qışqırıqlarına baxmayaraq biz nişanlandıq və anasından tezcə ayrılmaq üçün evləndik. Kişi bizə şəhərdə üçotaqlı ev almışdı. İşdən sonra çox vaxt bizə gəlir, bacardıqca arvadını az görmək istəyirdi.
Bir gün kişi mənə dedi, gəl səni universitetə qəbul eləyək. Uzun mübahisədən sonra razılaşdım. Universiteti necə bitirdim, aspiranturaya necə qəbul oldum, dissertasiyalarımı necə müdafiə elədim, heç özümün də xəbərim olmadı. Heyif, məni öz sənətimdən ayırdılar. Nə qədər varım-dövlətim, adım-sanım olsa da, könlüm yenə kartof-soğan satmaqda qalıb”.

Bunu deyib susdu, mən isə fürsətdən istifadə edib qədəhlərə araq süzdüm. Əlini qədəhə uzadanda gördüm ki, elmi rəhbərimin gözləri yaşarıb. O, arağı birnəfəsə başına çəkib, kartoflu-soğanlı xatirələrinin anısına qəfildən bir ağız hönkürdü.






Tarix: 27.07.2015

4068