ABŞ, Fransa və Rusiyanın müəmmalı diplomatik cığallığı


Qarabağ münaqişəsinin həllini illərlə uzadan, bölgəyə saysız-hesabsız səfərləri heç nəyə yaramayan, yalnız gəzmək, yeyib-içmək xarakteri daşıyan ATƏT-in Minsk qrupu həmsədr olan ölkə səfirlərinin son demarşı bəzilərimizdə böyük çaşqınlığa, təəccübə, hətta heyrətə səbəb oldu, bəzilərimiz isə bu qeyri-adekvat davranışı təbii qarşıladıq.

Təəccübümüz və heyrətimiz üç böyük ölkə səfirinin Azərbaycan hökmətinin Şuşaya səfər təklifini qəbul etməməsiylə bağlıydı. Çünki münaqişənin həllində orbitr rolunu üzərinə götürmüş, həm də zəngin diplomatiya ənənəsi olan bu ölkələr gərək bütün dünyanın gözü qarşısında belə kobud səhvə yol verməyə, bütün dünyanın gözü qarşısında bu cür primitiv bir cığallığa əl atmayaydılar.

Axı Şuşa adlı qədim və gözəl şəhərın, mədəniyyət ocağının məhz Azərbaycanın, azərbaycanlıların olduğu nəinki tarixi və siyasəti az-çox bilənlərə, hətta adi adamlara da bəllidir. Hamı bilir ki, bu şəhərdə tarixən hər zaman azərbaycanlılar yaşayıb-yaradıb, bu şəhər dünya mədəniyyətinə, ədəbiyyatına, musiqisinə məhz azərbaycanlı korifey sənətkarlar bəxş edib. Şuşadakı bütün tarixi abidələr, saraylar, binalar Azərbaycan mənşəlidir, azərbaycanlıların adıyla bağlıdır.

Kim bilməsə də, bunları 30 ilə yaxın bir müddətdə o bölgəyə səfər edən ABŞ, Fransa və Rusiyanı təmsil edən səfirlər bilməli və dövlətlərinə ətraflı məlumat verməliydilər axı. Yəni bu 30 ildə o adamların başı eyş-işrətdən, yeyib-içməkdən ayılmayıb?

Kim bilməsə də, bizimlə 200 ilə yaxın bir dövrdə eyni imperiyanın, eyni dövlətin tərkibində olan yaxın qonşumuz Rusiya bunu bilməliydi axı. Onlar müxtəlif xarakterli təmaslarda olduqları, danışıqlar apardıqları Qarabağ xanlarını xatırlamalıdırlar axı. Sovet dövründə də Şuşanın məhz azərbaycanlıların mütləq çoxluq təşkil etdiyi şəhər olduğunu bilmədirlər axı!

Şuşanın sovet dövründə Azərbayanın böyük mədəniyyət, musiqi paytaxtına çevrildiyini ruslar çox gözəl bilirlər axı!

Bəs nədən birdən-birə Azərbaycan Prezidentinin təklifinə bu cür laqeydlik və hörmətsizlik nümayiş olunur? Özü də bir çox məslələrdə bir-biri ilə razılaşmayan, bir-birinin əksinə gedən, bir-biriylə yola getməyən bu üç ölkə Şuşa məsləsində qəflətən həmrəy və “həmrəng” olur? Guya ermənilərin xətrinə dəymək istəmirlərmiş. Ya da ümumiyyətlə cavabları yoxdur, qaçıb gizlənirlər...

Axı Şuşanın erməniyə nə dəxli var?! Erməni onu sadəcə elə sizlərin fitvası və xeyir-duasıyla 29 il idi işğalda saxlayırdı, ancaq buna rəğmən bir gün tərk etməli olacağını bilirdi.

Artıq Şuşa yenə öz həqiqi sahibində - azərbaycanlılardadır və sizlər də bunu birbaşa və dolayısı ilə qəbul etmisiniz. Bəs bu demarş nə deməkdir, nəyə xidmət edir? Yoxsa peşman olmusunuz? Yaxud gözləriniz həqiqəti, ədaləti görmək istəmir?

Gözlərinizi geniş açın, cənablar və yaxşı-yaxşı baxın! Şuşa qədim və əzəli Azərbaycan torpağıdır! Azərbaycan oğulları bu torpaq uğrunda qanlarını axıdaraq, onu mənfur düşmənin caynağından qoparıblar. Qulaqlarınızı açıb eşidin: bundan sonra biz onu bir daha heç kəsə verməyəcək, əbədi olaraq göz-bəbəyimiz kimi qoruyacağıq! Sizin istək və arzularınızdan, davranışlarınızdan, demarşlarınızdan asılı olmayaraq!



Tarix: 16.07.2021

2520