Oxçuçayda oxu atıb, yayı gizlədənlər


Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur. Bu dövr ərzində Ermənistan təbiətə qarşı da təcavüzkar davranıb. Ekoloji çöküş hər gün daha da dərinləşir.

Ermənilərin ekoloji terroru Azərbaycanın içməli su mənbələrinə, su təsərrüfatına da ciddi ziyan vurub. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirir. Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə zəhərlənir. Bundan əlavə, Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və Araz suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur.

Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Arazın sol qolu Oxçuçaydır. Bu çay əslində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarını Ermənistanın həmin bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənib ki, heç bir canlı yaşamır. Onun suyu ilə suvarılan Zəngilan rayonu ərazisindəki torpaqlar da zəhərlənib və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir. Oxçuçayın zəhərli suları gələcəkdə Xudafərin su anbarına töküləndə necə olacaq – bu, böyük sual olaraq qalır.

“TRT Deutsch” xəbər portalında dərc olunan “Azərbaycan erməni şirkətlərinin ətraf mühiti çirkləndirməsini tənqid edir” adlı məqalədə xarici işlər naziri Ceyhun Bayramovun belə bir fikri yer alıb ki, bu vəziyyət təkcə Azərbaycan üçün deyil, eyni zamanda, İran üçün də böyük problemə çevrilib: “Ermənistan hökuməti anlamalıdır ki, yaxasını məsuliyyətdən kənara çəkə bilməz”.
Məqalədə regiondakı ekoloji problemin yaranmasında Almaniya şirkətlərinin iştirakına da toxunulur. Almaniyanın Karlsruhe şəhərində yerləşən “Cronimet“ şirkətlər qrupunun Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının 60 faizlə əsas payçısı kimi məsuliyyətindən də söz açılıb. Tənqid hədəfləri sırasında ingilis şirkəti tərəfindən alındıqdan sonra “Chaarat Kapan CJSC” adını daşıyan Qafan dağ-mədən və emal zavodunun da adı hallanır.
Məqalədə Azərbaycan ekspertlərinə istinadla bildirilir ki, Oxçuçaydan götürülmüş su nümunələrində nikel 7, dəmir 4 və mis-molibden birləşməsi 2 dəfə normadan çoxdur. Forel və digər balıqlar çayın kritik həddə çirklənməsi nəticəsində artıq məhv olublar, ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir. Oxçuçayın çirkləndirilməsi ötən illərdə Ermənistanda da əks-səda doğurub, lakin bununla bağlı xüsusi tədbir görülməyib.

Ermənistanla Almaniyanın “Cronimet“ şirkətlər qrupu arasında sıx əlaqələr mövcuddur. Şirkətin təsisçi və icraçı direktoru Günter Pilarski Ermənistanın Baden-Vürttemberq konsulluq regionu üzrə fəxri konsuludur. Şirkətin adı Ermənistan üçün çalışan alman lobbiçilərinin siyahısında yer alır. 2019-cu ildə dərc olunmuş araşdırmalara görə, bu şirkət ətrafında maraqlar toqquşub. Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyanın kürəkəni Mikael Minasyan üçüncü tərəfin iştirakı ilə Zəngəzur mis-molibden kombinatının gizli payçısına çevrilib.

Almaniyanın Bakıdakı səfirliyi mənbəyini Ermənistan ərazisindən götürən və Zəngilan ərazisindən keçərək, Araz çayına birləşən Oxçuçayı çirkləndirən alman şirkəti barədə Azərbaycan mediasının sorğusuna səfir Volfqanq Maniqin adından cavab verərək, Azərbaycan KİV-lərinin transsərhəd çayların çirkləndirilməsi mövzusuna bu cür diqqət ayırmasını alqışladığını və buna görə təşəkkür etdiyini bildirib. Lakin onu da bildirib ki, çayı çirkləndirən Zəngəzur mis-molibden kombinatının səhmdarı olan Almaniya şirkəti “Cronimet Holding” guya hazırda bu regionda işləmir. Bu cavab olsa-olsa, məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyırdı.

Ancaq təəssüflər olsun ki, özünü ekoloji problemlərə qarşı həssas göstərməyə çalışan Avropa “yaşılları” bu məsələyə tamamilə laqeyd yanaşırlar. Almaniyanın Yaşıllar partiyası isə ümumiyyətlə, müraciətlərə saymazyana cavab verərək, Azərbaycana ayırmağa vaxtının olmadığını bildirib.

Avropa Şurasında Azərbaycana qarşı dəfələrlə qərəzli qətnamələrin təşəbbüskarı kimi çıxımış etmiş və qəbulunda xüsusi fəallıq göstərmiş Almaniya Yaşıllar qrupunun üzvü Rebeka Harms Sorosun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edib. Təsadüfi deyil ki, onun sosial şəbəkələrdə Sorosla çoxsaylı şəkilləri var.
Onu da qeyd etmək lazımdır ki, Avropadan “International Media Support”, ABŞ-dan isə NED təşkilatının koordinatorluğu ilə Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasının əsas sponsorlarından biri də məhz Corc Sorosdur. Uzun müddət ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq təşkilatlar və QHT-lərin də əsas maliyyə dayağıdır. “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, Beynəlxalq Böhran Qrupu kimi təşkilatlar bu işlərdən əsas gəlir götürənlərdir.

Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Qarayaxma kampaniyalarının arxasında Azərbaycanı istəməyən və ümumiyyətlə, dünyada bu və ya digər ölkələrdə qarışıqlıq salmağa çalışan şeytan xislətli qüvvələr dayanır və onları Soros Fondu yönəldir. Soros milyardlarını bu və ya digər ölkənin siyasi həyatına müdaxilə edərək, orada özünə tabe qüvvələri hakimiyyətə gətirmək və onların vasitəsilə həmin dövlətlərin sərvətlərini çapıb-talamaqla qazanır. Bugünkü bədbəxt Ermənistanın indiki hakimiyyətini dəstəkləyən və arxasında dayanan da Sorosdur.

Soros şəbəkəsinin Azərbaycanda da özəl maraqları var. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi, öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması Soros kimi qəsbkarların, hakimiyyət dəllallarının planlarını pozur. Ermənistanda öz diktəsi ilə oturub-duran Paşinyanı hakimiyyətə gətirən Corc Soros məkrli planlarını Azərbaycanda da həyata keçirmək istəyir. Xarici şirkətlərin Ermənistanın işğalçı hakimiyyətinin əlilə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərinə gətirilməsi, çayların, digər su hövzələrinin çirkləndirilməsi, sonra guya ermənilərin ətraf mühitin qorunmasıyla bağlı tədbirlər görməsi və ekoloji problemin həllində azərbaycanlılarla əməkdaşlığa hazır olması bu iblisanə planın tərkib hissəsidir.
Alman səfirliyinin Azərbaycan ictimaiyyətinin müraciətinə cavabında bu məsləni qaldırılması da təsadüfi ola bilməz. Sorosçu ermənilərin və almanların yaratdığı problemi guya sorosçu azərbaycanlılarla birgə həll etməyə çalışırlar. Fitnəkar plandır, ancaq baş tutan deyil!

Almaniyadan təşkil olunan anti-Azərbaycan kampaniyalarının davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir. Hələ 2012-ci ildə Bakıda keçirilən Eurovision musiqi yarışması, 2015-ci ildə yüksək səviyyədə baş tutan l Avropa oyunları və digər mühüm tədbirlər zamanı Almaniya mediasının Azərbaycana qarşı aqressiv mövqeyi diqqətli müşahidəçilərin xatirindədir. Əlbəttə, bütün bunlar təsadüfi deyil və ola da bilməz. Almaniyadan təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir.

Nadir Qocabəyli



Tarix: 07.07.2021

3302