Şərqin rok qadağası



Ötənlərdə həmkarlarımızdan biri narazılıq edirdi ki, Azərbaycanda həqiqətən ciddi bir rok qrupuna ehtiyac var. Əslində, bu mövzu uzun illər forumlarda da ciddi müzakirə olundu. Bu gün müxtəlif kafe və publarda rok musiqi ifa edən, öz gücünə ayaqda qalmağa çalışan rok qruplar mövcud olsa da, onların çoxu alternativ rok janrından kənara çıxa bilmirlər. Səs tembri uyuşmazlığından, yaxud da ciddi natarazlıqlar fonunda ağır “heavy metal” musiqi ifaçısı və qruplara rast gəlinmir. Ümumiyyətlə, musiqinin ən üsyankar janrı olan rok musiqisinin öz tarixi və ərsəyə gəlməsi çox maraqlı olsa da, bu yazıda qısaca Şərq rokuna və buralarda rokun formalaşmasına bir az nəzər yetirmək istəyirəm.

Məsələnin məğzinə varmazdan öncə qısaca deyim ki, musiqi duyumu və zövqünün toplumların şüuru ilə həmahəng olmağı haqqında sənət fəlsəfəsinin gəldiyi qənaəti bölüşürəm. Çünki rep musiqisi necə ki, amerikan gettolarından dünya musiqi kültürünə yol açdı, həmin nüans həm xalqaların lokal, həm də qlobal musiqi janrlarına aiddir. Con Lennon musiqini dilsiz gözəllik hesab edirdi. Yunq hesab edirdi ki, bir toplumun çoxluq meyarları ilə ayaqlaşmayan istənilən incəsənət hadisəsi və musiqi heç vaxt həmin toplumlarda populyarlıq qazanmayacaq. Fəlsəfə və coğrafiyanın sevimli deterministik coğrafi şüur anlayışı da buradan yaranır.

Daha soyuq olan şimali avropalılar üçün heç vaxt dərvişanə Şərq musiqi kültürü cəlbedici ola bilməz. İndi rok dinləməyən adamları qınamaq, ya da bu musiqini bəyənməyənləri zövqsüz hesab etmək də mədəniyyətin sosiologiyasından bixəbərlikdən törəyən haldır. Önəmli olan klassikləşmiş musiqi ilə yanaşı alternativ musiqilərin olduğunu da dərk etdirmək və gələcəkdə kültür deformasiyasına səbəb olacaq bayağı və şit musiqi tərzinin aradan qaldırılmağına çalışmaqdır. Yeraltı musiqi deyə biçimləndirdiyimiz “andeqraund” tərzlərin və ifaların Qərbdə yaranmağı da belə baş verdi. Bunların hər biri ayrıca bir yazı mövzusudur. Fəlsəfə və lirika, musiqi və ədəbiyyat, incəsənət və rifah bir-birindən tam asılı olan anlayışlardır.

Uzaq Şərqin buddist musiqiləri, eniqmatik çin-yapon musiqisi bu gün sırf o coğrafiyada sevilsə də, arada bir çin incə səsinə dayalı xor musiqisi, açıqcası zövq verir insana. Rok kültürün daha çox dışlandığı arena müsəlman şərqi idi, amma buna baxmayaraq İran, Türkiyə, Pakistanda və hind müsəlmanları arasında ciddi rok musiqisi təşəkkül tapdı.

Banqladeşdə rok musiqisi ilk yarandığı zamanlarda təhdidkar elan olundu. Benqal mistika elementləri ilə bass gitar tandemi yaradan rokerlər gizli dərnəklər yaradaraq ilk işlərini qeyri-leqal formada yayırdı. Banqladeş rokunun ən önəmli özəlliyi burada sakit ifa mədəniyyətinin anidən ağır qərb brutallarla əvəz olunmağında idi. Təəsüf ki, indi belə video portallarda arayış verəndə çox sayılı isimsiz benqal rokçularına rast gələ bilirik. Ötənlərdə oxuduğum bir yazıda Banqladeşə rokun ilk ayaq açmasının Qərbdə təhsil alıb vətəninə dönən iki-üç gənclə bağlı olduğu söylənirdi. Bu gün həm avropada, həm də Amerikada banqladeş əsilli rok ifaçıları öz video kanallarını yaradaraq özlərinə dinləyici kütləsi formalaşdırmaqla məşğuldur. Banqladeşdə hazırda rok musiqiçilərə qarşı ciddi basqılar olmasa da, onların az təbliğatı Şərqin bu qapalı ölkəsində rokun istənilən səviyyədə olmadığını nümayiş etdirir. Pakistanda durum daha yaxşıdır. Buranın rok musiqi kültürü qərb metal tərzinə yaxın olsa da, tanınma və beynəlxalq aləmə çıxma məsələsində bu ölkənin də vəziyyəti o qədər yaxşı deyil.

Pakistanlılar urdu mühafizəkarlığında çox israrcıdır. Onların yalnız rok musiqidə deyil, xarici istənilən ədəbi-kültürəl prosesə qarşı da güclü və gərəksiz immuniteti mövcuddur. Təkcə psixoloji analizlər vasitəsi ilə deyil, adicə Bakı küçələrini bürüyən pakistanlı satıcılarla söhbət əsnasında da buna şahid ola bilərsiz. Pakistanla Banqladeşi birləşdirən rok musiqisinin şərq idealist fəlsəfəsindən qaynaqlanmasıdır. Buradakı rokçuların bütün qısa video kliplərində səmazən göstərisinə rast gəlmək mümkündür. Pakistan rokunun ən öndə ismi sufi yönlü, təsəvvüf fəlsəfəsini həyat amalına çevirməyə çalışan “Mekaal Hasan” qrupudur. Pakistanın ən qarışıq dönəmlərində belə bu qrup əyalətlərə yayılmış, özlərinə ölkə sərhədlərində ciddi dinləyici kontingenti formalaşdırmağı bacarmışdı. Qrupun xaricə çıxmaq üçün şansları olur, bəzi qonşu ölkələrə qısa konsert turneləri təşkil edir.

Ancaq Hindistanda bir neçə dəfə konsert keçirtmək cəhdləri olumlu qarşılanmamış və hətta yarımçıq saxlanmışdı. Sonralar Pakistanlı pop və rok sənətçisi Qulam Ali də “Mekaal Hasan”ın ənəgəllənməsinin yaratdığı pis ənənədən dolayı Hindistanla ölkəsinin arasında olan siyasi gərginlik illərində hindu milliyətçiləri tərəfindən təhdid olunmuş və ciddi psixoloji basqılara məruz qalmışdı. Sufi fəlsəfəsi ilə metal musiqinin vəhdəti Pakistan rok kültürü üçün pozitiv bir gələcək vəd edir, məncə.

Ərəblərin rok musiqisində ziddiyəti təsviri olsa da, Kocaeli şəhərində 2000-ci illərdə quruıan “Ahibba” qrupunun xüsusi yeri var. Ərəbcədən “dostlar, sevgilər, sevilənlər” anlamını götürən qrup rokun mahiyyətini dəyişməyə nail oldu. Rok daha çılğın və üsyankar çalarda olsa da “Ahibba” ifaçıları daha həlim və kompromis ideyaları səsləndirirdi musiqilərində. Türkiyədən Suriyaya qədər yayılan ələvi ərəb toplumu olan Nusayri xalqının nümayəndəsi olan bu qrup təmsilçilərinin mənsub olduğu xalqa məxsus orijinal şivəsi onların işlərini daha şirin səsləndirirdi qulaqlarda. Dilimizə tərcümədə “yağmur və atəş” kimi səslənən “Matar ur Nar” albomlarında Yaxın Şərqdə baş verən savaşlar, qətliamlar və o mühitlərdə yaşaşanan sevgi və ayrılıqlar əsas mövzu oldu. Devizləri də sülhpərvər idi. Albomun üzərinə “yağmur qədər islaq, atəş qədər yandırıcı bu dünyada dodaqlarında söyləyəcək bir mahnın olmalıdır” yazırdılar. Öncələr “Xəzəl” adıyla İzmittə yaradılan qrup sonralar Anadoluda məşhurlaşır. Qrup yalnız öz ərəbcəsi ilə kifayətlənməyərək, həlim türkcə, kürd, laz, yəhudi və hətta erməni dilində də musiqilər bəstələyir. İlk əvvələr sadə ərəbcə aranjman edən qrup üzvləri sonradan Suriyanın və Türkiyənin Hatay, Mersin kimi şəhərlərindəki ərəblərdən başqa çox da istifadə olunmayan Ğabe ləhcəsiylə mahnılar yazdı.

Bu gün bu rok qrup ərəbdilli rok üçün miras hesab oluna bilər. Ərəb rokunda “Nidal” qrupunun adını xüsusi qeyd edim. Mübarizə anlamını verən “Nidal” ağır metal musiqinin şərqdə ən sağlam örnəyi də sayılır. İlk “Asfur” albomları geniş rezonansa səbəb oldu. Bu qrupun bəstələri qısa zamanda Türkiyə sərhədlərini aşaraq ərəb coğrafiyasında ciddi oturuşmağa nail olur. “Nidal” qrupu Türkiyədə ana dilıində musiqi söyləyən etnik xalqların bacarıqlı nümayəndələrindən də sayıla bilər. Bildiyimiz azad quşu andıran “Asfur” azadlıq və məhəbbət ideallarının rokdakı oyanışı hesab olunur. Ərəbcə rok deyəndə “Bandista” qrupunu da qeyd edim. Onların ifa tərzləri daha üsyankar hesab olunur. Sətir altı mənalar musiqilərinin canı sayılır. Ən maraqlı nüans isə islami mühafizəkarlığın yüksək səviyyədə olduğu Səudiyyə Ərəbistanında da rok musiqnin özünü “kandardan içəri salmağıdır”. Bir qrup gənc “Əl Nəmrud” adlı rok qrupu yaratdı. Onlar islama baxışlarında materialist olsalar da, açıqcasına qıcıqlandırıcı mətnlərə ilk başlarda yaxın durmadılar. Qrupun rəhbər solisti Mefisto adlı gəncdir. Edam olunma təhlükəsini gözə alan qrup musiqilərini açıq səsləndirməkdən çəkinmir. Qrupun adını həm Babil kralı Nəmrudla, həm də “inanmayan” mənasında da işlədirlər. Mefisto “dindən bezdik” deyərək, qrupu yaratdıqlarını söyləyir bir müsahibəsində. Heç vaxt normal bir konsert verə bilmirlər, çünki o ölkədə bu mümkünsüz sayılır. Qrup, sadəcə, video paylaşım saytlarında öz musiqilərini yaymaqla məşhurlaşır.

İslam coğrafiyasından kənarda Hindistanda rok ənənəsinin yaranmağı əslində çox qəribə bir hadisə ilə baş verir. Məşhur metal qrupu “Iron Maiden” 2007-ci ildə Hindistanı ziyarət edir və beləcə metal musiqi burada populyarlaşmağa başlayır. Hindistanda rokun özünü tapması üçün kifayət qədər şans vardı, çünki burada rahat konsert salonları çox idi. Amma bir neçə universitet festivalı dışında ciddi rok təşkilatlanmasından söhbət gedə bilməzdi. “İron Maiden”in səfəri zamanı ölkənin müxtəlif yerlərindən 40 mindən çox gənc onları dinləməyə yığışdı. Bir anda bu uzun saç, qəribə gənclər topluluqları şirkətlərin diqqətini çəkir. “Extinct Reflections” qrupu formalaşdı və qrupun sonrakı üzvləri müxtəlif rok sevərlərdən təşkil olunan münsiflər ilə seçilirdi. “Demonic Resurrection” qrupu və solist Saleh Makhija son illərdə Hindistanda başlarını sallayaraq “headbang” edən gənclərin kultuna çevrilib.

Açığı, çox maraqlı ifa tərzləri var və təmiz amerikan rokuna bənzəyən elementlər boldur musiqilərində. Hindistanda anidən başlayan rok bumu Nepal kimi daha aşağı kültürlü coğrafiyaya sıçrayır və burada da “Grimmortal” qrupu ərsəyə gəlir. Hətta xarici rokerlərin o bölgələrə səfərlərində “Grimmortal” hamıdan öncə səhnədə yer alır və açılış musiqilərini təqdim edirlər. İndi hind rokerləri Avropada konsertlər verir. Klassik rok musiqisini yaşadan “Kriptos” qrupunun Qərbdə çoxlu konsertləri olur. “Cosmic Infusion” qrupu yeni qurulmasına baxmayaraq, ölkədə alternativ musiqinin ən çox dinləyicisi olan qrupu halına gəlib. Ötən illərdə Xorvatiyada keçirilən beynəlxalq musiqi festivalında və İngiltərədə keçirilən metal musiqi yarışmalarında hind rok ifaçıları geniş rəğbət gördü, avropa mediası bir anda parıldayan hind rokuna maraq duyur, keçən ay məşhur jurnalist qruplarından birinin Hindistana bu məqsədlə səfər etdiyi bilinir. “Demonic Resurrection” 2014-cü ildə Britaniyada silsilə canlı ifalar etdi və studiya yazılışından kənarda nəyə qadir olduğunu hamıya nümayiş etdirməyi bacardı.

Əfqanıstanda uzun illər sovet basqısı, daha sonra ABŞ və Taliban arasında gedən çaxnaşmalar burada incəsənəti, musiqini uzun illər davam edəcək geriliyə atsa da, bu yaxınlarda gözümə sataşan bir xəbər diqqətimi çəkdi. Əfqanıstanda qadınlardan ibarət “Burka Band” rok qrupu yaradılıb. Əfqanıstana səfər edən alman prodüser tərcüməçilik edən qadınlara bir şeylər ifa etməsini istəyir və ofisdə xadimə olan iki qadın da mahnı oxuyur. Sonradan alman prodüserlərin dəstəyi ilə qrup ərsəyə gələrək, ilk musiqi işlərini tanıtmağa başlayır. İngiliscə musiqilər yazdıran qrupun gələcək illərdə əfqan dilli rok üçün təməl olduğu danılmazdır. Əfqanıstanda Taliban zülmünün bitməsnin ardınca, 30 illik fasilədən sonra keçirilən rok festivalında yerli əfqan tələbələrlə yanaşı Özbəkistan, Qazaxıstan və Avstraliyadan gələn gənc rokçular səhnə almış və yaxşı da diqqət görmüşdü. Təhlükəsizliklə bağlı hər zaman narahatlıq olduğunu bildirən əfqan rokerlər musiqini və roku sevdikləri üçün bu işi davam etdirəcəklərini söyləyirlər. Taliban dönəmində hakim olan qərb musiqisinə nifrət indi də əfqan mentallığında hakimdir. Gənc tələbələrdən fərqli olaraq “District Unknoun” isimli rok qrupunun üzvləri qorxunu hiss etdiklərini bildirərək bir dəfə də olsun üzlərindəki maskanı çıxartmayıb. Qrupun solisti Qasım Qərb mediasına verdiyi müsahibədə əfqanların hələ də rok üçün hazır olmadığını qeyd edir. Gələcəkdə rokun Əfqanıstanda daha çox seviləcəyinə ümid edən qrup yaxın illərdə böyük rok festival keçirəcəyini bəyan edib.

İslam dünyasında rok musiqinin yasaqlandığı ölkələrin başında İran durur. Burada yalnz rok yox, kauntri və blyuz janrı da qadağalıdır. Qarışıq musiqi janrları ilə tanınan “Bormani” və “Muckers” qrupları özlərini gizlədirlər. Ənənvi İran geyimlərinin əksinə, fərqli görünüşə malik olan “Bormani” qrupu məhəllələrdəki yer altı studiyalarında musiqilərini yaşatmağa çalışırlar. Qrup, əslində, fars mühafizəkarlarından ibarətdir. Məqsədləri də, sadəcə, fars dilində musiqilər ifa etməkdir. Beynəlxalq arenaya çıxmaq üçün “Yellow Sky Blue Sun” albomu buraxan qrupun solisti özünü Bəhzad adıyla tanıdır və bundan başqa da informasiya vermir. Qrupun musiqisi leqal sayılmadığı üçün satdıqları bsətələrdən gəlirdən başqa heç bir maddi qaynağı yoxdur və İranda kiminsə rok musiqiyə sərmaya qoymağı ciddi tragediya ilə nəticələnə bilər. Rokdan savayı hip-hop və klassik fars musiqisini də dəyişərək maraqlı ifa stili yaradan qrupun gələcəklə bağlı ciddi narahatlıqlarının olduğu şübhəsizdir. Amma istənilən halda fədakar olduqlarını qeyd etmək yerinə düşür.

İran rokundan bəhs edəndə Mohsen Namjo ayrı bir yerə qoyulmalıdır. Məşəd şəhərində doğulan Mohsen kiçik yaşlarda atasını itirəndən sonra ailəsinin onu musiqi təhsilli görmək istəməyinə qarşı çıxsa da, sonrala Tehrana köçərək musiqi təhsili alır. İran musiqisini qeyri-ənənəvi tərzdə ifa etdiyi və fərqli musiqi janrlarından bəhs etdiyi üçün təhsilinin üçüncü ilində universitetdən qovuldu. Elə bu da Mohsenin musiqi kariyerasını kökündən dəyişdirdi və qovulmağından sonra üç konsert verərək özünü daha çox kütlələrə tanıtmağa nail oldu. Mohsen caz musiqisini də ifa etməyə başladı. 15 ildir caz və rok musiqisini həm ayrı-ayrılıqda, həm də klassik İran musiqisi ilə sintez edərək dünyada tanındı. Onu bütün dünyada tanıdan Rotterdam film gecəsinə dəvət almağı oldu. Burada ifası bəyənilir və səhəri gün Hollandiya radioları Mohsenin silsilə müsahibələrini yayır. Daha sonra onun həyat və yaradıcılığından sənədli filmlər çəkilir. 2009-cu ildə İranda 5 illik həbsə məhkum edildi.

Hazırda İranda özəlliklə internetin imkanlarından dolayı bütün basqılara rəğmən fərqli musiqi janrlarına ciddi maraq və tələbat formalaşır. İran rokundan bəhs edəndə Cənubi Azərbaycan rok oyanışını da yada salım. Təbriz, Ərdəbil, Urmiya kimi iri şəhərlərdə indi peşəkar formada olmasa da, dağınıq rok qrupları fəalliyət göstərir. 1998-ci ildə Cənubi Azərbaycanın ilk rok qrupu yaradıldı. Təbrizdə ortaya çıxan qrup “Zeytoon” adlanırdı. İki illik qısa fəaliyyətdən sonra qrup təqib və narazılıqlara görə bir müddət fəaliyyətini dayandırır. Sırf hard rok ifa edirdi qrup. Rokun ən çətin janrında ifaya icazə verilmədiyi üçün 2007-ci ilə qədər bir təhər fəaliyyət göstərməyə davam etdi. Qrupun bağlanması 2007-ci ilə təsadüf edir. Dəfələrlə ifa tərzləri və musiqi janrlarının ağırlığından dolayı xəbərdarlıqlar alan qrupun konkret dağıma səbəbi Azərbaycanın xalq mahnılarını da rok üslubuna salaraq ifa etməyi oldu. “Apardı sellər Saranı”, “Sarı Gəlin”i rok versiyada canlandırma qrupun bağladılmasına səbəb olan “son damla” oldu.
Bütün bu sadalananlar şərq üçün rokun nə qədər dış olduğunu göstərir və bunlara qarşı yeni tarix olan rok kültürü şərqdə özünə ciddi gənc dayaq yaradır. Türkiyə və Azərbaycan rok musiqi ənənəsindən isə növbəti yazıda bəhs edəcəyəm. Azərbaycan və Türkiyədə rok musiqisi heç də dışlanmadı, söylənənlərin əksinə olaraq.


Tarix: 03.11.2015

5999