5-ci sinif, Ədəbiyyat dərsi - II yazı


Frensis Bekon deyirdi ki, kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. Dərslik bu yolda insanın ilk ayaq basdığı gəmidir və insan dünyanın, həyatın necəliyini bu gəmidən müşahidə etməyə, öyrənməyə başlayır. Dərslik xalqın gələcəyini, gələcək nəsillərin taleyini müəyyənləşdirir. Biz Kirpi.info olaraq cəmiyyətin təhsil və tədris prosesində yaxından iştirakı məqsədilə bu günki dərsliklərin vəziyyətini öyrənmək qərarına gəldik. Məqsədimiz, sadəcə, dərsliklərdə nöqsan bildiyimiz məqamları həm oxucuların, həm də dərslik yazan müəlliflərinin diqqətinə çatdırmaqdır. İlk olaraq tədris olunan ədəbiyyatımızın vəziyyəti ilə maraqlandıq.


Kitabın 20-ci səhifədəki misrada şagirdin müəllimə yaxınlaşıb (söhbət 5-ci sinif şagirdindən gedir) “bir az dincəl” deməyə ərk etməsi nə qədər inandırıcıdır?
Səh.21-də “Bunu bilməlisən!” başlığı altında müəlliflər yazırlar: “Şeir fikrin vəznli, obrazlı, qafiyəli ifadəsidir”. Düzgün tərif deyil, çünki həm heca, həm də sərbəst vəzndə yazılmış qafiyəsiz şeirlər də çoxdur. Daha sonra heca vəznində yazılmış şeirlər haqqında deyilir: “həmin şeirlərin birinci misrasında neçə heca varsa, qalan misralarda da o qədər sayda heca olmalıdır. Bir misrada 5, 7, 8, 11, 12 heca ola bilər”. Ancaq elə tədris proqramına salınmış “Ağ saçlar” (B.Vahabzadə) şeirinin nümunəsində bu tərifin yanlış olduğunu görürük: əvvəla, şeir 16-lıq heca vəznində yazılıb; ikincisi də, şeirin birinci bəndinin 2-ci və 3-cü misraları, eləcə də üçüncü bəndinin son misrası 12 hecadan ibarətdir.
Dərsliyin 23-cü səhifəsində Gülhüseyn Hüseynoğlunun “Müəllimin arzusu” hekayəsi verilib. Hadisələrə dramatiklik vermək üçün müəllif qurama cümlələrdən istifadə edir. Məsələn, hekayə boyunca haqqında danışdığı müəlliməni hekayənin ortasında: “Qapı açıldı, iyirmi beş-iyirmi altı yaşlarında, ortaboylu, qarabuğdayı bir adam içəri girdi” – sanki, yad birisi kimi təqdim edir. Yaxud “Ancaq onun müəllimi elə müəllimlərdəndir ki, gözündən heç nə qaçmazdı” (səhifə25) cümləsində felin zamanı qeiri-peşəkarcasına qarışdırılır. Hekayə müəllifi hadisələrin iştirakçısı kimi mətnə bilavasitə müdaxilə edir, bu da bədii mətndə yolverilməzdir. Müəllimi, özü də kişi müəllimi “düymədodaq” kimi təsəvvür etmək, yəqin ki, müasir məktəblilər tərəfindən gülüşlə qarşılanar. Hekayə Azərbaycanın sevimli şairi Mikayıl Müşfiqin xatirəsinə həsr olunub. Hiss olunur ki, müəllif əvvəl şeri oxuyub, sonra da bir hekayə quraşdırmaq qərarına gəlib. Hekayənin sonundakı pafoslu təqdimat belə, şagirdlərdə heç bir təssürat oyada bilməz. Düşünürük ki, müəllif çox uğursuz bədii həll variantı tapıb. Bir də hətta böyüklərin də oxuyarkən anlaşılmazlıq içərisində qaldığı bu sayaq hekayəni 5-ci sinif şagirdləri necə qavrasın? Yaxşı olardı ki, dərsliyi tərtib edənlər M. Müşfiqin 11-12 yaşlarını, yəni müasir 5-ci sinif şagirdi yaşında əks elətdirən hekayə sifariş verəydilər. Zənnimizcə, bu daha effektiv olardı. Hekayəyə aid tapşırıqda (səh.22) şagirdlərdən əsərin ideyasını müəyyən etmək tələb olunur. Bizcə əsərin ideyası heç hekayə müəllifinin özünə də məlum deyil.



Kitabın 26-cı səhifəsində N.Gəncəvinin “İsgəndərnamə”poemasından “İsgəndərin taxta çıxması” parçasının niyə ixtisarla verilməsi şagirdlərə izah olunmur. Dərslikdə verilmiş bəzi misralar sairin seçilmiş əsərlərindən dərsliyə düz köçürülməyib. Məsələn:
“Atadan aldığı rəsmi, ayini” misrasında “rəsmi” sözündən sonra vergül işarəsinin qoyulması misranın mənasını dəyişir. Rəsm sözü ismin təsirlik halında işlənib. Sanki, İsgəndər atasından hansısa rəsmi alıb. Əslində isə ifadə “rəsmi ayin”kimi təqdim olunmalı idi. Səhifə 27-də verilmiş
Hər ölkə adında düzdü bir dastan
misrası, əslində,
Hər ölkə adına düzdü bir dastan
kimi yazılmalıdır, yaxud
onda ki qolunun gücün yoxladı
deyil,
“onda ki qolunun gücün yoxlardı” olmalıdır.
Sonrakı misrada mərhəm yox, məhrəm yazılmalıdır.
(Nizami Gəncəvi “İsgəndərnamə” Bakı Yazıçı nəşriyyatı 1982)
Süleyman Rüstəmin sovet dövrü dərsliklərindən üzü bəri tədris olunan “Azərbaycana gəlsin”şeirinin dərsliyə salınmasına isə bizcə indi ehtiyac yoxdur.
Çünki başdan-ayağa tribunal pafosdan ibarət olan bu şeir sovetlər dönəmindəki Azərbaycanı tərənnüm edir. Odur ki, şagirdlərdə haqlı olaraq sual yarana bilər: əgər o dövrdə hər şey belə, şeirdə deyildiyi kimi, gözəl
olubsa, atalarımız niyə azadlıq mübarizəsi aparıblar? 5-ci sinif şagirdini indidən bu cür saullar qarşısında qoymaq nə qədər doğrudur? Yaxşı olmazdımı ki, elə Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri dərsliyə salınaydı? Düşmən səngəri ilə üzbəüz dayanmış müasir Azərbaycan əsgəri yəqin ki, şagirdlərdən kiminsə qardaşı, əmisi, dayısıdır və evdə böyüklərdən eşitdikləri cəbhə söhbətləri bu şeiri onlar üçün daha maraqlı edə bilər.




Səh.30-da şagirdlərə Cəfər Cabbarlının “Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?” sualı ilə Azərbaycan bayrağı mövzusunda esse yazmaq tapşırılır. Əvvəla bu cümlənin C.Cabbarlının hansı əsərinə aid olduğu dərslikdə şagirdlərə izah edilmir. İkincisi artıq 2015-ci ildir və C.Cabbarlının “Azərbaycan bayrağına” şeiri şagirdlərə tapmaca kimi təqdim olunur.
Nə imiş bu,aman Allah?
Od yurdunun yarpağı!
Və yaxud:
Fəqət bizim bayrağımız ucaları çox seviyor.
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.
Bu ay,yıldız boyaların qurultayı nə demək?
və sair poetik məna tutumlu misralar varkən “ot topası” deyimini yazı mövzusu seçmək nə qədər doğrudur? Nəzərə alsaq ki, dövlətimiz bayraq meydanı tikir, bayraq muzeyı yaradır ,dərslik müəllifləri nədənsə bu şeiri dərsliyə salmamaları bir yana, bu şeirdə ən uğursuz deyimi esse üçün mövzu seçiblər. Bir də C.Cabbarlının bu şeiri 1919-cu ildə” Azərbaycan” qəzetində çap olunub və aradan yüz ilə yaxın zaman keçib, amma biz hələ də sovet düşüncə tərzimizi dəyişə bilmirik, ütəgəl, uşaqları da bu düşüncə tərzinə şərik edirik.
Səh.34-ə qədər essenin necə yazılmasına dair təlimatlar verilir. Əminik ki, nəinki şagirdlər, lap peşəkar yazıçılar belə, hətta esse janrının banisi Mişel dö Monten də bu tapşırıq-təlimatları oxuyandan sonra çaşıb qalar və heç nə yaza bilməzdi. Əvvəla, təlimatlar özü çox dolaşıq, mənasız və primitivdir. Məsələn, bunu oxumaqla kim nə yaza bilər: “...əvvəlcə baş verən hadisənin səbəbini göstər, sonra ondan irəli gələn nəticəni təqdim et; əvvəl çox əhəmiyyətli məsələləri, sonra az əhəmiyyətliləri, yaxud əvvəlcə az əhəmiyyətli, sonra daha əhəmiyyətli məsələləri təqdim et.” Bu, həm tavtologiya, həm də cəfəngiyatdır! Esse bədii janrdır. Əgər hər hansı janrda əsər yaratmağın vahid resepti olsaydı, onu Yazıçılar Birliyinin divarından asardılar, hər kəs də həmin təlimatları oxuyub mükəmməl əsər yaradardı. Elə yazıçı var əsəri başdan-sona nəql eləyir, bəzi yazıçılar axırdan başlayıb əvvələ qayıdır, eləsi də var mətləbin, yaxud hadisənin düz ortasından başlayır. Yaxud: yazıçı var ki, nə isə yazmaq üçün əvvəlcədən hazırlıq görür, qeydlər aparır, plan tutur, yazıçı da var ki, bunların heç birinə əməl eləmir və sair. İndi bunların hansı birini əsas götürüb demək olar ki, yazı məhz belə yazılmalıdır?! Dərslik müəlliflərin verdikləri bu “təlimatlar” şagirdin azad düşüncəsinin qarşısını almaqdan başqa bir işə yaramır. Bu, ona bənzəyərdi ki, ədəbiyyat nəzəriyyəsini çox mükəmməl öyrənmiş bir insan öz nəzəri biliklərini tətbiq etməklə mükəmməl bədii əsər yaratsın. Halbuki həyatda belə hadisələr, demək olar, baş vermir; yəni adətən, yaxşı əsəri biri yazır, mükəmməl nəzəriyyəni isə bir başqası yaradır. Yaradıcı işdə heç bir resept ola bilməz, yalnız şagirdə istiqamət vermək olar ki, bu işi də müəllimin öhdəsinə qoymaq, zənnimizcə yetər.
Davamı olacaq.


Tarix: 30.10.2015

13096