Şəhla Nihan - Cürət makinası (Epistolyar)


  "Külfət sahibiyəm, körpələrim, qoca xəstə valideynlərim, əlil bacım mənim himayəmdədir. Mən dəlimi olmuşam öz xahişimlə işdən çıxım?!"

Cürət makinası

Uzun, nazik, əsasən yazı-pozu işinə, qələm tutmağa öyrəşmiş barmaqlarını klaviatura üzərinə endirib taqqıldatmağa başladı:

“Mənim dərin hörmətli müdirim, oxuduğunuz şikayət ərizəsi deyil, köhnə işçinizin ürək sözləridir. Dünən işdən azad edildim. Dünən on il böyük həvəslə, ləyaqətlə çalışdığım, gücümü, enerjimi, biliyimi əsirgəmədiyim işimi itirdim. Görünür, belə lazımmış... düşündüyüm qədər də yaxşı işçi deyiləmmiş...

Mənə elə gəlib ki, rəhbərlik məndən razıdır... Bütün müəssisənin təşkilatçılıq işi, öz sektorumda satışın artırılması, yeni klientlərin cəlb olunub öyrədilməsi, kadr siyasətinin planlaşdırılması, marketinq keçirilməsi, bazarın öyrənilməsi və bu kimi digər işlər mənim üzərimdə idi və mən də elə bilirdim ki, öz vəzifəmin öhdəsindən gəlirəm... özümü uğurlu menecer sayırdım. Sən demə, heç də yox..., heç də elə deyilmiş... Yaxşı ki, vaxtında məni işdən qovub, özüm haqda necə yanlış fikirdə olduğumu anlatdız mənə.

Tanrı sizi qorusun!”

Vəssalam, bitdi, məktub hazırdır. Printerdə çap edib şax vərəqi əlinə aldı. Burnunun üstünə sürüşmüş eynəyi düzəldib oxudu:

“Müdirimə.

Bu şikayət ərizəsi, giley-güzar deyil. Yatmış vicdanınızı oyatmaq üçün son cəhd kimi qiymətləndirə bilərsiniz.

Dünən işdən azad edildim. Dünən on il böyük həvəslə, ləyaqətlə çalışdığım, gücümü, enerjimi, biliyimi əsirgəmədiyim işimdən çıxmaq barədə ərizə yazdırdız mənə, öz xahişimlə çıxıram guya, sağlamlıq durumumla bağlı. Külfət sahibiyəm, körpələrim, qoca xəstə valideynlərim, əlil bacım mənim himayəmdədir. Mən dəlimi olmuşam öz xahişimlə işdən çıxım?!

İşçilərin motivasiyası, ixtisasçıların müəssisəyə dəvət olunması, başqa təşkilat və qurumlarla danışıqlar, müqavilələrin imzalanması və s.. – bütün bunlarla canla-başla məşğul olan mən deyildimmi? Sizi qane etməyən nə idi? Mən bir menecer kimi işimin öhdəsindən çox gözəl gəlirdim, bunu hamı bilirdi, özünüz də dəfələrlə qeyd etmişdiz. Bəs indi nə oldu? Əsl səbəb başqadır və onu hamı bilir.. Personalın attestasiyası yalnız qohumbazlıq və yerlibazlıq prinsipi ilə aparılanda işdən çıxarılmana başqa səbəb axtarmaq gülüncdür.

Sizdə kadr siyasəti haqda anlayış belə yoxdur. İşçilərin fərdi qabiliyyətinin müəyyənləşdirilməsi, fəaliyyətinin qiymətləndirilməsi sizin üçün katibələrin antropometrik göstəricilərinin öyrənilməsi səviyyəsinə endirilib. İşinizdəki əyintilər, külli miqdarda yeyinti halları, yararsız erqonomika, yarıtmaz siyasətiniz müəssisəni məhvə aparır. Mühasibatlıqdakı əyər-əskik haqda susuram, özünüz bilirsiniz. Həm də bilirsiniz ki, mən bilirəm. Bir tək vergidən yayınma haqda lazımi yerlərə yazmam kifayətdir.”

Vəssalam, bitdi. İndi məktub tam hazırdır. İmzalayıb fayla qoydu. Sabah aparıb şəstlə müdirin qarşısına qoyacaqdı. Qoyub rahat nəfəs alacaqdı, ilk dəfə həqiqəti deyə bildiyinə görə.

İnsanı itirdikləridir azad edən...

 

 

 



Tarix: 13.04.2017

4432