Qafar Şövqi - Satira


Elə dünya özü Allahın əruz məclisidir. Bizə bir qafiyə tutmur ki, dağılsın bu sükut.

 “Quş buraxanlar” çoxalır

 

Yer üzü çərçivə tutmuş deyə göy mənzərəyə,

Sən də göynən gedən insanları saldın dərəyə.

Səni, dostum, elə et, tutmayalar məsğərəyə.

Tuta-tutdur sənə qurban, tuta-tutdur, tuta-tut.

***

Bu sükunət kimə lazım, bu kimin tədrisidir?

Neçə lal şairimin bir quru alqış bəsidir...

Elə dünya özü Allahın əruz məclisidir.

Bizə bir qafiyə tutmur ki, dağılsın bu sükut.

Tuta-tutdur sənə qurban, tuta-tutdur, tuta-tut.

***

Qorxmayırsan kül edər pirlərin "allahı" səni?

Yandırar şəkkin odu gahı məni, gahı səni...

Dilənən bir seyidə gülmə, tutar ahı səni.

Bu səbəbdən neçə imperiya etmişsə süqut,

Tuta-tutdur sənə qurban, tuta-tutdur, tuta-tut.

***

Qəfəsin bülbülünün gözləri yollarda qalır.

Yerini sərçəyə vermiş, qoca bayquş qocalır...

Şükür olsun bu günə "quş buraxanlar" çoxalır...

Çalışıb quş tutarıq, quşxana istərsə sübut,

Tuta-tutdur sənə qurban, tuta-tutdur, tuta-tut.

***

Sən də Şövqi, bu gedişlə hamıya bəslə inam.

Hamı yandırmadadır cümlə qaranlıqlara şam,

Axı hardan biləlim hansıdı cənnətlik adam?

Hərə bir qibləyə, bir məqsədə tutmuşsa qunut,

 Tuta-tutdur sənə qurban, tuta-tutdur, tuta-tut.



Tarix: 17.03.2017

3572