Den Braun - Daşdan pul çıxaran yazıçı


“Da Vinçi şifrəsi” - 44 dilə tərcümə, 81 milyon nüsxə və 260 milyon dollar!

Den Braun...

Papaya, Vatikana bağlı olan tənqidçilər, din təəssübkeşləri onu  uydurmaçı, yalançı, dini həqiqətləri təhrif edən bir adam hesab edir. Hətta Vatikan yazıçının adını qara siyahıya salıb. “Da Vinçi şifrəsi” romanı əsasında çəkilən film bir müddət qadağan olunub. Haqqında ən kəskin fikirlər və təriflər söylənilən bir yazıçıdır. Dünyada çox nadir belə romançı var ki, yalnız dar bir dairənin adamlarına nəsib olan ideya və fikirləri, əldə etdikləri bilikləri ədəbiyyat dilinə çevirə bilsin. “Da Vinçi şifərsi”ndən də güclü əsər ortaya qoyacağını söz verən yazıçı hazırda bunun üçün dünya səyahətinə çıxır, xalqların adət-ənənələri ilə maraqlanır, kilsə və məscidləri ziyarət edib hər divarı, hər daşı diqqətlə gözdən keçirir. Onun fikrincə, dünyanın sirri qədim abidələrdə gizlənib. Sadəcə, diqqətlə baxmaq lazımdır. İstənilən hadisə təsadüf deyil, istənilən daş gizli koddur. Odur ki, yazıçı haqqında  az məlum olan faktları təqdim edirik.

Ya hər şey, ya heç nə!

Yazıçının ilk üç əsəri olan “Rəqəmsal qala”, “Mələklər və Şeytanlar”, “Yalan nöqtəsi” oxucular arasında böyük uğur qazanmır. Bu kitabların hər biri bir neçə min nüsxə tirajla satılır. “Da Vinçi şifrəsi” yazıçının şöhrət zirvəsinə yüksələ biləcəyi son şans idi. Den Braunun 4-cü romanı bütün gözləntiləri üstələdi: Roman bir gün içində altı min nüsxə satılır, birinci tirajı 230 min kitab təşkil edir. Roman 44 dilə tərcümə olunur, ümumi tirajı 81 mln nüsxə olur. Belə uğurdan sonra Braunun digər əsərlərinə durmadan tələbat artıb. Üç il ərzində Braun “Da Vinçi şifrəsi” romanından  260 milyon dollar qazanıb. Bu isə Coan Roulinqin “Harri Potter”dən qazandığından 4 dəfə çoxdur.

Müəmma dolu ailə

Den Braunun ailəsində sirr və tapmacalar adi bir hal idi. Den, onun qardaşı Qreqori və bacısı Valeri heç zaman yeni il gecəsi şam ağacının altında hədiyyə tapmazdılar. Hədiyyələrin əvəzinə onlar xəzinə gizlədilən xəritələr tapar, üstəlik, şifrələrlə zəngin şeirlər aşkar edərdilər. Tapmacaları tapdıqca otaqdan-otağa keçər və Milad hədiyyələrinin harada gizlədildiyi həmin kodlarla müəyyən olunarmış. Bütün bu sirli-sehrli oyunları quraşdıran valideynlər isə ürəkdən gülərmişlər. Onlar “Fillips-Ekseter”dəki kollecdə müəllim olduqlarından övladları ibtidai siniflərdə pulsuz təhsil almaq imkanı qazanıb. Den Braunun anası dini mahnılar üzrə mütəxəssis idi və kilsədə orqan ifa edirdi. Den Braunun anası dindar olduğu halda atası riyaziyyat müəllimi və dərsliklərin müəllifi idi. Atasının tərtib etdiyi “Müasir riyaziyyat” kitabı indi də ABŞ məktəblərində tədris olunur. Onların dini baxışları müxtəlif olsa da yazıçının valideynləri bir-birinin əqidələrinə hörmət edirdi. Odur ki, Den uşaqlıqdan elm və din arasında ziddiyyət hiss etməyib.

Gizli cəmiyyət

Den Braunun təhsil aldığı “Fillips-Ekseter” qapalı özəl məktəbdir. Dünyanın 29 ölkəsindən olan gənclər bu özəl məktəbdə təhsil alır. Eyni zamanda təhsil ocağının divarlarından içəridə baş verənlər başqalarının gözündən uzaqdır. Heç kimin xəbəri olmur. Buna görə təhsil mərkəzi gizli cəmiyyət kimi hesab edilir. Həmçinin özəl məktəbin daxilində müxtəlif qeyri-formal ictimai təşkilatlar var. Bunların arasında ən məşhuru “Qırmızıdərililərin təkmilləşdirilmiş ordeni” adlanır. Bu cəmiyyətin üzvləri yarım milyona yaxınlaşıb. Təşkilatın yığıncaqlarına yalnız hindu paltarında daxil olmaq mümkündür. Ümumiyyətlə, həmin kollecdə “Sen-Olban Kral arkanı”, “Pifiya cəngavərləri və xeyirxah Tampliyerlər” cəmiyyətləri də yaradılmışdı və bütün bunlar Den Braunun gözlərinin qarşısında baş vermişdi. “Da Vinçi şifrəsi” əsərində belə gizli təşkilatların fəaliyyətindən müvəffəqiyyətlə istifadə olunub. Bir sözlə, əsərə doğru gedən yolda bütün fraqmentlər ona gerçək həyatdan verilib. Hər addımı gizli anlarla dolu Den Brauna yalnız yazmaq qalırdı.

Masonun nəvəsi

Den Braun dəfələrlə babasının mason olduğunu etiraf edib. Evlərində qəribə önlüklər və ağ əlcəklər tapdığını söyləyib.  “İtirilmiş simvol” (The Lost Symbol) adlı romanını da buna görə yazdığı ehtimal olunur. Kitabın mövzusu da masonluqdur.

Da Vinçinin təsiri altında

Özəl məktəbi bitirdikdən sonra Den Braun “Armxrest” kollecinə daxil olur. Burada incəsənət tarixi dərslərindən heç xoşu gəlmirdi. Lakin mühazirələrin birində Den Braunun həyatını dəyişən hadisə baş verir. Leonardo Da Vinçinin yaradıcılığına həsr olunmuş dərs zamanı müəllim onun əsərlərindən ibarət slaydlar göstərir və buradakı qəribə detallardan, şifrəli məlumatlardan bəhs edir. Həmin vaxtdan sonra yazıçı dahi italiyalının rəsmlərində və şəkillərdə gizli işarələr, şifrlər və məktublar axtarır. “Da Vinçi şifrəsi” romanı da bundan sonra ərsəyə gəlir. Kitabda söhbət məşhur rəssam Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” freskasından gedir. Bibliyaya görə, məhz Sonuncu şam yeməyində, İudanın xəyanəti və İsanın həbsi ərəfəsində Məsih badədən şərab içmişdir. Ancaq Leonardonun freskasında masada heç bir qədəh yoxdur, bundan başqa, İsanın sağ tərəfində kişi cizgilərindən daha çox, qadın cizgilərinə sahib bir həvari əyləşib. “Da Vinçi şifrəsi”ndə ehtimal olunur ki, həmin həvari əvvəllər hesab olunduğu kimi İohan deyil, Məsihin sadiq ardıcıllarından olan Mariya Maqdalenadır. Yaxşı, bəs həvarilərin arasında qadının nə işi vardı və nə üçün o, “Müəllim”in yanında şərəfli yerdə əyləşmişdi? Den Braun belə təxmin edir ki, İsa Məsihlə Mariya Maqdalena evli olublar, üstəlik, onların Sara adlı qızları da dünyaya gəlib. Sonralar Sara Merovinqlər (Frank dövlətində ilk kral sülaləsi) sülaləsinin əsasını qoyub.

İlham almaq üçün hiylə

Denin masasının üzərində qədim qum saatı var. Zaman-zaman qum qurtarıb saatı çevirmək lazım gələndə ayağa qalxıb idman hərəkətləri edir. Əgər əl-qolun açılması hərəkəti kömək etmirsə başqa qurğu - cazibə ayaqqabıları işə düşür. Den piştaxtanın üstündəki dəmirin üzərinə çıxaraq başını aşağı asılı dayanaraq, yarasa kimi beş - on dəqiqə arası dayanır: “Bununla da beynimə qan axınını təmin etmək mümkün olur və dünyaya qəribə bucaq altında baxıram. Bu vəziyyətdə olduğum zaman bəzən çox mühüm problemləri həll etmək mümkün olur”.

“Mələklər və Şeytanlar”

Romanın yazılması ideyası təsadüfən yaranıb. Den və xanımı Blayt yeni roman üçün material toplamaq üçün Avropada səyahət edirmiş. Vatikanda ekskursiya zamanı onlara “İl Passetto” gizli dəhlizi barədə məlumat verirlər. Qeyd olunur ki, Roma Papasının həyatı üçün təhdid olacağı təqdirdə o, bu yolla qaçırmış. Ekskursiya rəhbəri xatırladıb ki, Vatikanın ən qatı düşməni gizli cəmiyyət olan “İllüminat”lardır. İllüminatlar Qaliley, Bruno, Kopernik və digər edam edilən elm adamlarına görə Vatikandan qisas almağı qərara alıblar. Den “İllüminat” sözünü ilk dəfə eşidəndə başa düşür ki, onlar növbəti romanın qəhrəmanları olacaq.

Papanın seçilməsi

Den Braun kardinalların yeni papanı necə seçməsini nadir kitabdan tapır. Bu tədqiqat bir ilahiyyatçı-yezuit və yüzdən çox kardinalların söhbətləri üzərində aparılıb. 2005-ci ildə Papa II İoann Pavel dünyasını dəyişdyi zaman dünyada milyonlarla insan konklavda kardinalların mərasimləri necə keçirdiyini öyrəndi, əlvan tüstünün bülletenlərin yandırıldğı zaman borudan çıxdığını və ya kardinallara xəlvətdə qərarın qəbuluna qədər hansı yeməklərin verildiyini bilirlər.

 

Bundan başqa jurnalistlər, yeni papanın seçilməsini işıqlandırdığı zaman yazıçının “Mələklər və şeytanlar” romanında olan məlumatlardan istifadə edirdilər. Beş ildən sonra bu prosedur Britaniya xarici siyasət idarəsi tərəfindən hazırlanan  “Borcia” serialında ətraflı göstərildi.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 13.02.2017

3295