Eduardo Qaleano - Söz (esse)


Hər dəqiqə hərbi xərclərə 3 milyon dolların sərf olunduğu və bu pulla hər dəqiqəbaşı xəstəlik və aclıqdan ölən 15 uşağı yaşada bilməyin mümkün olduğu bir dünya necə ədalətli ola bilər?

Uruquvaylı jurnalist, yazıçı və solçu siyasi xadim - Eduardo Qaleano. 1940-ci ildə anadan olan yazıçı hələ 13 yaşında yerli qəzet üçün siyasi mövzuda məqalələr yazır. Daha sonra qəzetlərdə reaktor işləyir.

1973-76-ci illərdə ölkədə baş verən dövlət çevrilişi nəticəsində vətənindən didərgin düşür və Argentinaya sığınır. Sürgündə yaşadığı zaman “Crisis” jurnalını təsis edir. Burada da diktatura rejimi qurulduğu üçün yenidən siyasi sürgün həyatı yaşamağa məcbur olur. 1984-cü ilə kimi İspaniyada yaşayır. Bundan sonra vətəninə geri dönür.

Onlarla kitabın müəllifi olan yazıçının bir çox essesi var. Onun əsərləri dünyanın 20 dilinə tərcümə edilib.

13 aprel 2015-ci ildə ağciyər xərçəngindən vəfat edir. Onun kitablarından daha çox esseləri məşhurdur. Xüsusən də müharibə, insan hüquqları və azadlıq mövzusunda olan esseləri.  Yazıçının “Söz” essesini təqdim edirik.

                                                                     SÖZ

 “Görəsən, özünə yer tapıb qalmaq istəməyən sözlərin toplandığı bir məkan varmı? İtən sözlərin vilayəti kimi bir yer. Görəsən, daxilimizdən qaçıb çıxan sözlər bizi harada gözləyir? Bəzi sözlərin sinonimləri olduğu kimi, bəzilərinin də çox mənası var. Məsələn, Quarani dilində “söz” sözünün başqa mənası “ruh” deməkdir. Bəzilərinə görə, səslənən sözlərin əllə tutulan, gözlə görünən olmamasına görə belə məna verilib. Düşünürəm ki, bu söz ağzımızdan çıxan hər sözün bir mənası, ruhu olmasına işarədir. Ən azı, ruhunu hiss etmədiyimiz səs birləşmələrinin söz olmadığını göstərməyə çalışır. Eşitdiklərinizdə istilik olmursa, özüylə ruhu daşımırsa, deməli, sözlərin sahibi ya yalan danışır, ya da mənasız ifadələr işlədir. Bu da öz növbəsində sözün ruhuna xəyanət etməkdir. 

Yaxşı hekayəçilər gözəl bilir ki, danışdıqları dilə aid olan sözlər həmin cəmiyyətin və ayrı-ayrı fərdlərin həyatını birləşdirir. Hətta deyərdim ki, yaxınlaşdırır. Sözlər cəmiyyəti, ictimai həyatı və bura qoşulan fərdləri, xarakterləri yaradır. Sözlər tarixlər yazır, qəhrəmanlar yaradır, əfsanələr danışır.

Gecənin qaranlığının arxasından sürətini ala bilməyən bir qatarın gəlməsi ən pis halda qarabasmadır. Yaxşı çəkilmiş bir bədii filmin beyninizdə buraxdığı izlərdən də doğulmuş ola bilər bu səhnə. Bu səhnə durmadan beyninizdə təkrarlanaraq göz qapaqlarınızın altında gizlənər. Eyni filmi izləyənlər arasında bu səhnəni tez-tez görənlər, unuda bilməyənlər çox ola bilər. İnsanların bir-birilərinə dəstək vermək üçün danışdıqları bu cür şeylər yavaş-yavaş şişir, nəsildən-nəslə ötürülməkdən bezmir, sözlər onları əfsanələşdirir.

Əksəriyyətimiz ruhlar və qorxu səhnələri olan filmləri sevirik. Çünki qorxu insanı təhdid edir, gözünü qorxudur. İtirmək, qocalmaq və ölüm qorxusu - bunlar haqqında düşünmək belə, kədərlənmək, qarabasma görmək üçün kifayətdir. Sözlər bizi onlarla üzləşdirir.

Sizinlə beynimin içində dolaşan sualları paylaşmaq istəyirəm. Ədalət adildirmi? Düşünürəm ki, dünyanın ədaləti başı üstündə dayanıb, ayaqları üstündə yox. Buşa ayaqqabı atan İraq vətəndaşına üç il həbs cəzası verildi. Terrorçu o ayaqqabını atan idi, yoxsa ayaqqabıları ilə başqalarını tapdalayanlarmı? Yalanlarla müharibələr yaradan, qarşıdurmaları alovlandıran, işgəncəni qanuniləşdirən, milyonlarla günahsız insanın həyatına son qoymaq əmri verənlərmi? Bu dünyada torpağını, evini qorumaq istəyən dırnaqarası quldur, terrorçu oldular, təqiblər, ölümlər yaşadılar. Əgər torpaq müqəddəsdirsə, niyə onu müdafiə edənlər da müqəddəs deyil?

“Foreign Policy”də dərc olun bir hesabatda göstərilib ki, Somali sahilləri dünyanın ən təhlükəli yeridir və dəniz quldurlarının ən böyük dəstələri buradadır. Kimdir dəniz qulduru? Ölməmək üçün, sadəcə, yemək, dolanışıq üçün gəmilərə hücum edənlərmi, yoxsa illərdir dünyanın dibinə hücum edib, multimilyonluq sərvətlərə sahib olanlarmı? Niyə dünya onu soyanları mükafatlandırır?

Niyə ədalətin bir gözü kordur? Dünyanın ən iri şirkətlərindən “Wall-Mart”,  “McDonalds” işçilərinə həmkarlar ittifaqı qadağası qoyur. Beynəlxalq hüquq normalarını açıq formada pozan bu şirkətlər niyə cəzalandırılmır? Niyə cərimələnmir?

Kim düzdür? Kim haqsızdır? Əgər həqiqətən də dünyada və beynəlxalq aləmdə ədalət və hüquq varsa, niyə güclülər heç zaman ittiham olunmur, məhkum edilmir? Axı onlar məhkum oluna bilməzlər. Çünki bundan ötrü bizlər varıq. Həbsxanaları onlar tikdiriyi üçün açarları da öz əllərindədir.

Niyə BMT-də veto haqqına sahib beş əsas güc var, niyə onlar toxunulmazdır? Bu toxunulmazlığın ilahi bir səbəbimi var? Onlar silah istehsalı ilə mövcudluqlarını qoruyurlar. Dünya dövlətlərini silahla, partlayıcı maddələrlə təmin edir, bunun istifadəsindən, satışından güclənirlər. Onların dünyada sülhün bərqərar olmasına məsul olmaları ədalətlidirmi?

Hər dəqiqə hərbi xərclərə 3 milyon dolların sərf olunduğu və bu pulla hər dəqiqəbaşı xəstəlik və aclıqdan ölən 15 uşağı yaşada bilməyin mümkün olduğu bir dünya necə ədalətli ola bilər?

Hər gün milyonlarla insan reklam terrorçularının ucbatından psixi sarsıntılar keçirir. Cinayətə, oğurluğa sürükləyən “Var olmaq sahib olmaqdır” şüarının tirajlayıcıları gecə-gündüz insanları hərisliyə, aclığa çəkir - maşına sahib ol, brend ayaqqabıya sahib ol, sahib ol, sahib ol. Sahib ola bilməyənlərin səssiz ölümünə isə heç kim məsuliyyət daşımır.

Levis Karollaya görə, möcüzələr diyarında ədalətin necə təmin olunduğunu soruşan Alisa kraliçadan belə bir cavab alır: “Elə gördüyün kimi. Amma mühakimə və ittiham gələn çərşənbə baş tutacaq. Əlbəttə ki, günah da ən axırda işlənmiş olacaq”.

 

Bəzən tarixin müəyyən mərhələləri pis nəticələnir, amma o tarix bitmir. Sən əlvida deməyə hazırlaşdığın yerdə o, sənə görüşənədək deyər.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 25.07.2016

5520