Qafar Şövqi - Satira


Kar kora gözdən danışdı, karlığın qeyd etmədi. Kor kara bir söz dedi, kar oldu kor peşman kimi.

 

Dəhşətə bax

 

Hər ötən kəs bizə-bizdən danışır, dəhşətə bax.

Biz də heç biz deyilik, bizdəki şəxsiyyətə bax.

***

Gözü yummaqla gəlir xoş gələcək, yum gözünü.

Bacarırsan belə lap məhşərədək yum gözünü.

Yetimə, kimsəsizə lağ eləyək, yum gözünü.

Ağaya, mülkədara etdiyimiz hörmətə bax.

***

Bu çətin yolda dəmadəm düşərik hər tələyə.

Bükərik yaşlı ümidlərmizi bir-bir bələyə.

Bizi lap yüz dəfə avropalılar rədd eləyə,

Yenə Avropaya girmək dilərik, niyyətə bax.

***

Ataya papa deyəndən atamız etdi səbir.

Anaya mama dedik biz, belə yoğruldu xəmir.

Bu nədir ki sənə qurban, hələ internetə gir,

Hələ sən qurduğumuz virtual ünsiyyətə bax.

***

Bir adam iş quraraq beşcə manat pul yığacaq,

Ona hər zad edərik, qəlbini hər zad sıxacaq.

Ona hər şey edərik, hər şeyi əldən çıxacaq.

Bir ayaq çəkmək üçün çəkdiyimiz zəhmətə bax.

***

Şövqi, bundan sora çox "arxalar" əldən gedəcək.

Əli "arxasına" çatanlar həmi dil-dil ötəcək.

Kimi tərifimi təhqir kimi qəbul edəcək.

Kimi tənqidimi tərif biləcək, söhbətə bax.

 

"Bir quş”

 

Tənqidnizə alqış, təhqirinizə bir quş.

Şöhrətnizə bir tuş, təqdirinizə bir quş.

 

Quşlar qanad açmış, reklam eliyirsiz.

Quşdan danışan hər tədbirinizə bir quş.

 

Quşlar, qrip olduz, tapdıq sizə dərman.

Qoyduq bizə qarşı təsirinizə bir quş.

 

İstərsə sağ olsun, cırtdan oyağ olsun.

Divlər yola salmış, xəlbirnizə bir quş.

 

Əşşi əcəb etdik, eynək tələb etdik.

Batinnizi görsək, zahirinizə bir quş.

 

Haqqdan bərəkətdi, sizdən hərəkətdi.

Göydən düşə bilməz, təndirinizə bir quş.

 

Ər-geyliyə qalsa, düz tapmısan ey dost.

Ərkeyliyə qalsa, Samirinizə bir quş.

 

Sizçün o qədər mən, quşdan dedim axır,

Quşlar dilə gəldi, şairinizə bir quş.

 

 Nöqsan kimi

 

 

Ağladınsa bir kəsin əhvalına insan kimi,

Qəlbinin dərinliyində neysə var vicdan kimi.

 

Qızları oğlanlar ilə bir tutan dövran gəlib.

İndi qızlar var ki, təsbeh fırladır oğlan kimi.

 

Kar kora gözdən danışdı, karlığın qeyd etmədi.

Kor kara bir söz dedi, kar oldu kor peşman kimi.

 

Dünya mehmanxanədir, həm fani həm əfsanədir.

Gəl bu mehmanxanədə ömr eyləyək mehman kimi.

 

Ay nənə, vallah nağıllar inkişaf etmiş tamam.

Cırtdanı div boydadır, div görsənir cırtdan kimi.

 

Pul-parayla yerdəyişmə qanunun icra edək.

Heyvan insan olmasa, insan olar heyvan kimi.

 

Sən yenə nuş eylədin xəlvətcə xalqın haqqını.

Düymələr gücnən sıxıb, qarnın çıxıb eyvan kimi.

 

Etməyin oğlanlığın öz qiymətin on beş qəpik.

Dağlar oğlu olmasın dağlar qızı reyhan kimi.

 

Haqq yolunda azmışıq, getdikcə azğınlaşmışıq.

Azdırıb yollar səni, nəfsim məni, şeytan kimi?

 

Etiraf vicdanın öz fəryadıdır, şair denən.

Sözlərin nöqsandı ya, millət görür nöqsan kimi?

 

 

 

 

 

 

 



Tarix: 23.07.2016

4541