Ümidlərə işıq


Bu yaxınlarda mətbuatda “Kirpi.info” “Molla Nəsrəddin”in mübarizəsini davam etdirəcək” başlıqlı yazını görəndə, elə bil, otuz illik düşüncələrim çiçək açdı.
Mən “otuz illik düşüncələrim çiçək açdı” fikrimi açıqlayım ki, oxucular nigaran qalmasınlar. Gözümü açıb Azərbaycanda yeganə satira-yumor jurnalı olan “Kirpi” jurnalını görmüşəm. “Hədiyyə” adlı ilk satirik hekayəm də 1969-cu ildə bu jurnalda dərc olunub. Hekayəni o zaman jurnalın baş redaktoru, məşhur yazıçı-satirik Seyfəddin Dağlı bəyənib çap etmişdi. 70-ci illərdə həmin jurnalın redaksiyasında xalq şairi Süleyman Rüstəmin rəhbərlik etdiyi “Kirpiçilər məclisi”nin üzvü idim və deməliyəm ki, həmin məclis haqqında “Ədəbiyyat qəzeti”ndə ilk xəbəri də mən yazmışdım. Süleyman Rüstəmin çox şirin, yumorlu söhbətləri indi də yadımdan çıxmır. Getdikcə ədəbiyyatın satira, yumor janrına daha çox bağlanırdım, bir-birinin ardınca satirik hekayələrim, felyetonlarım dərc olunurdu. Sonralar böyük Sabirin, Mirzə Cəlilin, Haqverdiyevin əsərlərini diqqətlə oxuyub öyrəndikcə başa düşürdüm ki, mənfi tipli insanlara gülməyi bacarmaq o qədər də asan deyil. Gərək bu gülüş ürəkdən gəlsin, həqiqəti əks etdirsin. Bir də, gülüş eybəcərliyin qənimidir. Təsadüfi deyilməmişdir ki, “bəşəriyyət gülərək öz keçmişindən ayrılır”.

Son otuz ildə mollanəsrəddinçiliyin, satira, yumorun unudulması, bir ədəbi janr kimi qələm sahiblərinin (bir neçə yazıçıdan başqa) bu sahədə heç bir fəaliyyət göstərməmələri, “az aşım, ağrımaz başım” deyərək, əsl tənqidi axırıncı plana keçirmələri, əvəzində ona-buna təriflər yağdırmaları, ümumiyyətlə, insanların çox hissəsinin satiraya, yumora lağlağı kimi münasibət bəsləmələri, bəzən uzun müddət xalqın, millətin ədəbiyyatın bu janrı ilə heç maraqlanmaması məni çox narahat edirdi.
Satira və yumorun “hörmətdən düşməsi”nin bir səbəbi də efirlərdə, televiziyalarda, mətbuatda gedən şit, bayağı, sözün əsl mənasında əttökən “məzhəkələrdir”. Bunların əksəriyyətinin nə mənası var, nə məzmunu... Yüngül insanlar öz yüngüllüklərini nümayiş etdirməkdən başqa heç nəyə qadir deyillər. Beləliklə, onlar bəzi tamaşaçıları da yüngülləşdirirlər. Tamaşaçı elə bilir ki, gülüş elə belə olmalıdır. Hamı anlamalıdır ki, heç bir əsər gülmək üçün yazılmır, düşünmək üçün yazılır.

Həmişə fikirləşirdim ki, C.Məmmədquluzadə, Sabir, onların ibrətamiz əsərləri xalqın yaddaşından çıxa bilməz! Ona görə də “Kirpi.info”nun yaradılması mənim ümidlərimi işıqlandırdı. Sözün qısası, cəmiyyətdə nöqsanlar, çatışmazlıqlar, eybəcərliklər hələ də qalır, hətta bir az da inkişaf etmişdir. Getdikcə pərpətöyün toxumu kimi artan çatışmazlıqlara, nöqsanlara, eybəcərliklərə qarşı hamı, o cümlədən, mətbuat da mübarizəyə qalxmalıdır. Doğrudur, cəmiyyətdəki neqativ halların kökünü tamamilə kəsmək mümkün deyil, amma mətbu sözün kəsərindən istifadə etməklə, təsir göstərməklə onları azaltmaq mümkündür.
Qəribədir, sovet dövrünün, necə deyərlər, “asıb-kəsən” vaxtında “Kirpi” kimi kəsərli yazılar dərc edən bir jurnalın fəaliyyət göstərməsi, “Mozalan” kino jurnalının əvəzedilməz süjetləri unudulmazdır. “Kirpi”nin yazılarına, “Mozalan”ın süjetlərinə görə böyük tədbirlər görülürdü, insanlığa zidd hərəkət edənlər ciddi cəzalanırdı. İndi nə olub? Hər şey düzəlib ki, satiraya, tənqidə ehtiyac qalmayıb?
Satira nədir? Satira - roman, povest, hekayə, dram, şeir kimi müxtəlif növlərdə olub, ictimai həyatın mənfiliklərini qəzəblə ittiham edən, yaxud kəskin surətdə lağa qoyan ədəbi janrdır. “Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqlardan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir” (V.Q.Belinski).
Satirik əsərdə yazıçı çox vaxt həyatın mənfi tərəflərini qəsdən qabarıq, mübaliğəli, gülməli, bəzən də eybəcər şəkildə təsvir edir ki, bunun nəticəsində həmin mənfiliklərin şərəfli insan həyatına, yüksək qayələrə zidd olduğu, bu mənfiliklərin dözülməzliyi daha aydın meydana çıxır. Odur ki, realistcəsinə yaradılan satirik surətlər həyatdakı mənfi hadisələrə qarşı dərin nifrət və qəzəb hissi oyadır, oxucunu bu cür hadisələrlə mübarizəyə çağırır.
Fransız yazıçısı Rable (XVI əsr) və ingilis yazıçısı Conatan Sviftin (XVIII əsr) feodal quruluşunu, ruhaniləri, hakim siniflərin ikiüzlülüyünü ifşa edən satirik əsərləri məşhurdur.

N.V.Qoqolun “Ölü canlar”, “Müfəttiş”, M.U.Saltıkov-Şedrinin “Bir şəhərin tarixi”, “Nağıllar” və s. əsərləri çarizmi, təhkimçilik və burjua cəmiyyətini tənqid və ifşa edən klassik satiralardır.
Q.Zakirin “Şuşalılar”ı, Sabirin əsərlərinin çoxu, C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı satiranın əbədi nümunələridir.
Satiranı Aristofan, Plavt, S.Bokarro, M.Servantes, V.Şekspir, U.B.Molyer, H.Heyne, Ç.Dikkens, P.Bomarşe, A.Frans, M.Tven, B.Şou, N.Mann, U.Qoşek, B.Brext, İ.A.Krılov, A.N.Ostrovski, M.F.Axundov, S.Ə.Şirvani, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Möcüz... yazmışlar.
Bir dəfə bir qələm sahibindən soruşdum ki, “niyə heç yerdə satira haqqında yazılmır, söhbət getmir?”. Nə cavab versə yaxşıdır: “İndi hamı tərifi sevir, tənqid kimə lazımdır?!”. Əslində o, doğru deyir. Bircə fakt gətirim. Bir-birini illərlə tanıyan müxtəlif sahələrə məxsus adamlar televiziyada, milyonlarla tamaşaçı qarşısında bir-birlərinə tərif yağdırırlar! Görmürsünüz, hamı əl çalmaqla, alqışlarla məşğuldur. Əl çalmaq istəməyənlərə də məcburi əl çaldırırlar. Televiziya aparıcıları da çoxdan bu “kampaniyaya” qoşulublar. Yeri gəldi-gəlmədi, “filankəsə bir alqış gəlsin” – deyirlər. Adam ibrət edir! Əl çala-çala hara gedirik belə?

Burada bir əhvalatı xatırlatmaq yerinə düşər. Böyük Mirzə Cəlil “Molla Nəsrəddin” məcmuəsini çıxarmaq üçün hazırlıq görəndə birinci sayının materiallarının bir neçə yerini bir qoca teleqrafçıya oxuyur. Qoca teleqrafçı deyir: - Çox yaxşıdır, amma bircə eybi budur ki, sizin məcmuəniz müsəlmanların eybini göstərir, çifayda ki, müsəlmanları tərif etmir. Hər nə yazacaqsınız, yazınız, amma müəslmanları tərifləyin, müsəlmanların yaxşılığını yazınız...
Amma məcmuənin ilk sayını alanlar rəngli şəkillərə baxıb gülür, sonra məcmuəni döş ciblərində gizlədirdilər ki, görən olmasın, aparıb evdə oxusunlar...
Demək istəyirəm ki, xalqımız həmişə satiranı, yumoru maraqla qarşılayıb. Ona görə ki, bu insanlar öz eyiblərini görəndə istər-istəməz gülürlər. Onların çoxu da bilmir ki, özləri özlərinə gülürlər. Əsəbləşənlər, özlərindən çıxanlar üçün isə “Molla Nəsrəddin” məcmuəsində yazırdılar: “Yoxsa bu ayinədə əyri görürsən özünü?!”
Amma yazıçı-satirik kimi mənim “təsəllim” böyükdür. Zamanında Mirzə Cəlili, Sabiri, Əbdürrəhim bəyi sevmirdilər, amma indi onlara heykəllər ucaldırlar. Əstəğfürillah, qətiyyən özümü onlarla müqayisə etmək iddiasında deyiləm. Amma mən də bu zamanın nöqsanlarından, eybəcərliklərindən, çatışmazlıqlarından yazıram. Həm də o qədər yazmışam ki, bu yolda bütün ömrüm keçib. Qiymət verənlər də öz “qiymətlərini” veriblər. Yaxşılar yaxşı qiymətləndiriblər, pislər də pis...

Yeri gəlmişkən, Akademik Milli Dram Teatrında “Hərənin öz payı...” adlı pyesimin tamaşası bir neçə il nümayiş etdirildi. Tamaşaların demək olar, hamısına baxırdım və tamaşaçıların heyrətli danışıqlarını eşidirdim: “Müəllif çox cəsarətlidir”, “Bu adam şir ürəyi yeyib” və s. və i.a. Tərifli olsa da, tamaşaçı fikirləridir. Bu, mənə bəsdir!
Belə bir məsəl var: “Sözünü birbaşa de”. Gərək yazıçı demək, yazmaq istədiklərini birbaşa deyə, yazdığı məsələni çox uzatmamağa çalışa. Bəzi əsərlər təxminən belə cümlələrlə başlanır: “Səhər dan yeri ağarır (səhər dan yeri ağarar də...), sonra günəş çıxır, bir az keçir günorta olur, isti başlayır. Axşamtərəfi hava qaralır (axşamtərəfi hava qaralar də...), buludlar göy üzünü alır”. Beş-on səhifə beləcə “hava haqqında məlumat” verəndən sonra başlayırlar ki, bəs əhvalat filan yerdə vaqe olur... On-on beş səhifə də həmin yer haqqında bəzək-düzəkli, “ətraflı”, “geniş” yazırlar. Hələ ortada heç bir əhvalat-filan “görünmür”. Əhvalata çatana kimi oxucunun ürəyi üzülür. Atır kitabı bir tərəfə, hirslə deyir: “Oxumuram, vəssalam!”. İndiki zamanda insanlar nə uzun-uzadı oxumaq istəyir, nə də uzun-uzadı, “ətraflı”, “geniş” çıxışlara qulaq asırlar...
Satira, yumor janrı qısa, konkret yazmağı tələb edir. Hər qələm sahibi satira, yumor yaza bilməz. Satira və yumorun dili son dərəcə aydın, xalqın danışıq tərzinə uyğun, sözçülükdən uzaq olmalıdır. Yəni az sözlə böyük fikirlər ifadə etməyi bcarmaq lazımdır. Gülməli sözlər yazıb, kimi isə güldürmək yumor olmadığı kimi, insanın heysiyyətinə toxunan kəskin sözlərlə də satira olmaz. Satira, yumor müəyyən təsir gücünə malik olmalıdır. Yəni gülə-gülə ağlatmağı, ağlaya-ağlaya güldürməyi bacarmaq lazımdır.
“Kirpi.info”ya mənalı gülüş arzulayıram!


Tarix: 04.08.2015

3474