“Zəmanəmizin qəhrəmanı”- Ağlamalı esse


Altıncı hiss deyilən bir hiss var, guya, bu, intuisiyadır, yəni evdə oturub badambura yediyin yerdə hiss edirsən ki, on beş dəqiqədən sonra zəlzələ olacaq, yaxud sabah Vezuvi vulkanı püskürəcək, nə bilim, evinizin çardağında yuva qurmuş qaranquş qayıdacaq. Boş söhbətdir.

Altıncı hiss insanın şöhrət hissidir.

Nə yolla olur-olsun tanınmaq hissi. Rəhmətlik Tofiq Abdinin – ruhu şad olsun – sevdiyim şeirlərinin birində belə bir misra var: “O qədər çox sevilmək istəyirdi ki, axırda fahişə oldu”.

Layiq olmadığın şöhrətə can atanda istər-istəməz ya fahişə olmalısan, ya quldur, ya oğru, ya da nə bilim nə.

Yəni insandan başqa hər şey.

İnsanın tərkibində bütün heyvanların qarışığı var; kimisi tülkünü, kimisi canavarı, kimisi dovşanı xatırladır, kimisi kərgədanı, kimisi tutuquşunu xatırladır adama. Herman Hessenin qəhrəmanı özünün canavar xislətli oluğunu söyləyirdi.

Buna görə birimiz tülkü, birimiz canavar, birimiz dovşan, birimiz kərgədan, birimiz tutuquşü kimi şöhrətlənmək istəyirik.

Şöhrətpərəstlik ehtirası bizim nə qədər heyvani başlanğıca yaxın olmağımızdan xəbər verir.

Götürək məni.
Mən başqalarının həqiqi şöhrətinə baxandan sonra şöhrətlənmək fikrinə düşmüşəm. Dağarcığımı tay yanına sürümək istəmişəm. Mən mütləq onun kimi olmaq istəyirəm. Mən özüm olmaqdan şöhrət naminə imtina etmişəm, amma indi görürəm ki, mən nə can atdığım “O”yam, nə də Ona qurban verdiyim özüm. Mən heç kiməm. Şöhrətə canatma hissi məni heçə çevirib. Kökündən qopmuş yulğun kolunu səmum küləkləri səhrada yuvarlayıb apardığı kimi, şöhrət hissi də məni dığırladıb elə bir yerə gətirib ki, daha geri qayıda bilmirəm və bilməyəcəyəm.

Çünki mən əsərimin yox, özümün məhşurluğumu istəyirdim.

Mən ona görə yazırdım, çəkirdim, bəstələyirdim ki, məni tanısınlar.

Mən gizlinə cəkilib yazılarımın məhşurluğu haqqında düşünə bilmirəm. Mən öz yaradıcılığımın şöhrətini özümsüz həzm edə bilmirəm.

Mənə özümün olmadığım əbədi şöhrət yox, özümün yaşadığım birgünlük şöhrət lazımdır.

Mən təvazökaram, ayağımı yorğanıma görə uzadıram, amma ayaqlarımız uzun, yorğanım isə çox qısadır, bəlkə də, heç yoxdur. Üstüaçıq uzanmışam hamının gözü qarşısında.

Ucuz şöhrətə canatma məni lüt-üryan eləyib.


Mən özümü dünyadakına yox, yanımdakına indi, burda olana göstərmək istəyirəm. Eqomun cırtqozluğu mənə uzaqdakını düşünməyə icazə vermir. Mən yaxındakı ilə yaşayıram; öz ölkəmdəki, öz şəhərimdəki, öz evimdəki ilə.
Mən yuvasının həndəvərində rast gəldiyi hər şeyə daraşan qarışqayam. Ayaqlarımın sayı çox olsa da, uzaq yollar mənim üçün deyil. Mənim ayaqlaram axtarmaq üçün yox, dartışdırmaq üçündür.

Çünki başqalaşma hissi məni qarışqaya çevirib.
Şöhrətə canatma məni getdikcə cılızlaşdırır, heçə, heçliyə aparır

Mən artıq “heç kim” olmağımla barışmışam. Mən şöhrətin özü olmuşam...

Başqa heç kiməm.


Tarix: 02.02.2016

3931

Ən çox gülünənlər