“ Mədəniyyət, ölüm və cəhalət...” - Esselər


Mədəniyyət

Əgər ümumdünya mədəni torunu bacarıqlı bir hörümçək toxuyursa, şübhəsiz, o dişidir.
Tarixdə mədəni inqilablar bir neçə on dəfələrlə baş verib. Hərdən bir insanın digərinə təcavüz etməsində də incəsənət detalı incələməyə səylər göstərilib. Və məvhum elə mazaqlaşmış xaraxter alıb ki, burada biz mədəni yox, “bədəni” inqilabdan danışa bilərik.

Biz insanları siniflərə, təbəqələrə, şüur müstəvilərinə bölməklə onların nələrə qadir olduqlarını özümüzün ilahi səriştəsizliyimizlə kəsdirməyə çalışırıq. Onlardan göz olmağı yox, hədəqə kimi davranmağı tələb edirik. İş o yerə çatır ki, o yerin hansı olduğu da anlaşılmır.

Mədəniyyəti belə də anlatmaq olar ki, sən bu sözdə 10 hərf olduğunu bilirsən.
Qadınların müvafiq statuslarda əhəmiyyətli mövqeyə sahib (sahibə) olduğu cəmiyyətlərdə mədəni inqilablar sürətlə əvəzləşirlər. O cəmiyyətlər ki, orada mədəniyyəti qadının döş cibindəki yazıçı qələminə bənzətmək olar. Onun mürəkkəbi qadının həyat və paltarı kimi çoxrənglidir.

Hər qadın indikator olduğu kimi, mədəniyyət də obrazlı qadın simasıdır. Avantürist niyyətlər era və günün hansı olmasına baxmayaraq həyata keçməkdə israrlıdırlar. Kütləvi birliklərin daha qüdrətli olmaları üçün qadınları kişilikdən məhrum edilmiş mələklərə bənzətmək heç olmaz. Bu əbədi, bir az da ədəbi prosesdir.
Mədəniyyət deyildikdə sol tərəfimizi göstərib “qərb” bağırmaqdansa, alnımızı düyünləyib yaxşıca düşünməliyik. Bunun coğrafiyaya yaxından dəxli yoxdur.

Ölüm və ölülər...

Ölüləri cansız yox, daha dəqiq bitmiş varlıq adlandırmaq düzgün olardı. Onlar paralel dünyaların yeni sakinləri, ən pis halda torpağı minerallaşdıran çürüntüdürlər. Belə də demək olar: torpaq biz hamımız öldükdə daha münbit və bəsirətli olacaq. Ölüm həm də dirilərin batmaq istəmədikləri ən böyük günahdır.
Erkən-orta əsrlərdə ölülük ənənə formasını almışdır.
Orta əsrlərdə ölmək cəngavərlik sayılırdı.

Sosial-bəşəri dövrdə ölümə və ölüyə münasibət tamamilə başqadır. Heç bir məslək birliyi yolun qürubunda bir-birinin uğrunda ölməyi tərcih etmirlər. Ümumiyyətlə, ölməyin nəyin uğrunda olmasından asılı olmayaraq, heç kim ona tələsmir. Bəlkə də cəmi bir dəfə baş verdiyinə görə.

Bir neçə nəfərin həyatına son qoyan qatillər kiçicik tanrı obrazı yarada bilirlər. Hərdən ölüm tanrısı Anibus da onlara həsəd aparır. Psixi çatışmazlıqların yetişdirdiyi manyaklar həbsxanada əllərindəki “paraşa”ları kənara atıb kitab yazmağa başlayırlar. Bəli, ən çoxmüştərili məhsulları məhz problemlər yetişdirir.
Ölüm bir qədər də ehtiraslı anlayışdır. Kimlərə görəsə ehtirasların ən alisi. Başqasına görə orqazmdan azca qeyri-iradi hadisə.

Biz özümüz (hamımız yox) ölümü seçə bilmə qabiliyyətinə malikik. Tısbağa dişləməsindən kraterdə əriməklə ölmək istəyənlərə qədər bəziləri bunu özü etmək istəyir. Əslində ölməyi istəmək heç nə istəməməkdir. O bizim istədiklərimizlə istəmədiklərimizin cütləşməsindən törəyən miskin təkgözlü varlıqdır.

Cəhalətdən xilas...

Cəhalətin amansız qaramatından, vecsiz vədindən gözləri və qulaqları zədələnən insanlar, müraciətim sizədir. Müvəffəqiyyət ehtirasının bədəninizi çulğaması üçün özünüzü daha iqtidarlı və daha məsləkyönlü aparmalısınız.Həqiqəti tapmaq üçün onu tanımaq lazımdır. İrimiqyaslı səadətə zəmin yaradılmalıdır. İnsanların torpağa təhkim olunmasına sürükləyən süni məmləkət sevgisi, sosial-psixoloji dəyərlər kimi iştahla təqdim olunan boğazdan yuxarı çərənləmələr, mürtəce ayinlər mənsəbpərəstliyi qaynar, gur köpüklə cismimizdən təmizlənməlidir. Bizi təkcə bir qapısı olan dünyada yaşamağa məcbur edənləri yeni pəncərə çərçivələri düzəltməklə cəzalandırmalıyıq.

Hər bir xoşbəxt olmağa çalışan insan ona necə nail ola biləcəyini anladığı təqdirdə yaşadıqları həyatı yamsılamaqdan, çoxyönlü sıçrayışlar etməkdən çəkinmirlər. Nəticədə teatral uğur formalaşır.

Biz kimik? 1) Öz sağlığına ilıq qanlarını içən səfehlər? 2) Açıq qadın ayaqlarını cəmiyyətdə qınayıb, təbiətdə marıtlayan kişilər? 3) Kişiləri övladlarının və məhrumiyyətlərin atası hesab edən qadınlar? Səfehlər, kişilər, yoxsa qadınlar...
Cəhalət böyük təkamülə qənaətdir. Bəli, bəşəri-inteqrativ yönümə biganə yanaşmaq.

Ərəblər öz tanrılarının “iqamətgahını” məbədə çevirməklə hər il on milyonlarla dollar qəniməti büdcələrinə qazandıra bilirlər. Nəticədə yuxarıdan-aşağı baxdığımız ərəb xalqı və ərəb dövləti gəlir əldə edir. Biz isə arzularımızın elə arzuladığımız dünyada gerçəkləşəcəyindən ehtiraslanaraq paramızı israf edir, şüurumuzu dümsükləyirik.

Bu gün ən çox alınan kitablar dini, ən çox baxılan filmlər tayfalararası nifaqı təbliğ edən ucuz ssenarilərdir. Zövqlər təcavüz edilən azyaşlıya bənzəyir. Azərbaycan insanı dünya ədəbi mühitinə biganədir, hansısa zəncir yarasının, qat-qat əmmamənin taleyüklü roluna miskincəsinə inanır. Beyinləri duru irindən və qandan ibarət heysiyyətsizlər yetişir. Belə yöndəmsiz məhsulların hibridi bizim cilalanıb xurafat forması verilmiş zəkamızdır.

Ayaqların arası ilə məhdudlaşan çürük dəyərlər dərimizə hopur. Hamımız cəhalət suyunda yaxalanmış, qurulanmaq üçün dəsmal tapmayan aldadılmışlarıq. Mərhəmət və rəğbətləndirmə hissimizdən imtina etmişik. Belə olmaz!
İnsan doğulan zaman ana bətnində onun qulaqlarına gələcəyinin hansı axarda olacağını heç kəs pıçıldamır. Sabahımızı özümüz, 5 gün sonranı planlarımız, uzaq gələcəyi arzularımız müəyyən edir. Cəhalətdən, bədəni mübahisələrdən, hissi-radikal mövqedən əl çəkmək zamanıdır. Hər şeyi dolğun görmək üçün gözlərimizdəki nadanlıq pensnesini kənara qolazlayıb təbii gözlərimizlə baxa bilmək ümidi ilə...




Tarix: 09.01.2016

3966

Ən çox gülünənlər