Elçin Əlibəylinin “Master və Marqarita”sı - Yazıçılar oxucu kimi


“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazar həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Budəfəki müsahibimiz sənətşünas Elçin Əlibəylidir.

- Sizi ən çox təsirləndirən yazıçı kim olub?

- Təsirləndiyim yazıçı çoxdur təbii ki. Hamı Dostoyevskidən deyəcək, bəlkə, bir az Kamyudan, ya da Kafkadan da danışmaq olar. Amma mənim üçün çox təsirləndirici olub Milan Kundera. Həyatımı dəyişdirən əsər isə bir dənədir, o da “Master və Marqarita”dır. Bulqakov, məncə, mənə daha yaxındır, eyni təbiətliyik.

- Əsər haqqında nələri deyə bilərsiz?

- Əsər iki qatlıdır. Bulqakovun mahiyyəti də onda idi ki, o, mistik realizmin bütün incəliklərini ortaya qoymağı bacarırdı. İsa Peyğəmbərin ölümü ilə Sovet dövrü şairinin ölümünü bərabərləşdirirdi. Çox maraqlıdır ki, Azərbaycanda da elə bir roman yarandı, “Qətl günü”, eyni mahiyyətli idi, amma Bulqakov bunu birinci etmişdi. Bulqakov mənim üçün bir çox xüsusiyyətlərinə görə maraqlıdır. Onun “Ağ qvardiya”sı, əslində, çox ziddiyətli romandır, “İt ürəyi” çox real romandır, amma “Master və Marqarita” əsl fəlsəfədir. Əsər bir yazıçının bir xanımı sevməyindən, ya da bir yazıçının taleyindən bəhs etmir. Çox maraqlıdır, Bulqakov orada şeytanı, Azazellonu əsərə daxil edir. Real həyatla şeytanın köməkçilərinin paralelini aparır. Məqamlar o qədər ziddiyətli və doğmadır ki, hamını görürsən. Məsələn, qara pişik. Qara pişik, əslində, real obraz deyil, uydurmadır, amma onu tramvaya mindirir, mağazada balıq yedizdirir və qara pişikdən bizim də dediyimiz şərin mahiyyətini aydınlaşdırır. Pis otaq var orada. Mən orada olmuşam, həmin otağa getmişəm, sirli otaqdır, həmin otaq indi Bulqakovun muzeyidir.

- Otağın sirri nədədir?

- Bax, o sirri mən başa düşmədim, həqiqətən anlamadım. Ciddi bir faciə var orada. Məncə, faciəni də Bulqakov Volandın dili ilə əsərdə ifadə edib. Deyir, mən bilirdim, Moskvalılar belədirlər, amma düşünürdüm ki, bəlkə, dəyişiblər, əfsuslar olsun ki, onlar olduqları kimi qalıblar.

- “Master və Marqarita”nı Bulqakovun digər əsərlərindən fərqləndirən əsas çalarlar nə idi?

- Bulqakov çox fərqli yazıçıdır. Eyni zamanda “İvan Vasilyeviç peşəsini dəyişir” deyə bildiyimiz filmin ssenari müəllifidir, pyes də yazıb. Onun “Ağ qvardiya” əsərində faciə qəribə formada özünü göstərir. General dəniz kənarında dayanıb gəmi gözləyir İstanbulda, Rusiyaya qayıtmaq istəyir, o, əslində qayıdış deyil, o, qələbə qazanmaq istəyidir, amma bilir ki, məğlubdur. Bütün əsərlərində onun qəhrəmanları məğlub olur, amma bu əsərdə Master məğlub olmur, Allaha ucalır və ilk dəfə Bibliya mövzusunu çox qəribə təfsir ilə izah edir. İsaya hökm verən Ponti Pilatın 2500 il yalnız yolda gözlədiyini göstərir. Heç bir yazıçı Sovet zamanında buna cəsarət eləməzdi. Bulqakovun bu romanı belə yazılmamalı idi, birinci variantında ancaq Ponti Pilat və İsanın söhbəti idi, SSRİ dövrü olduğu üçün ona dedilər ki, əsərə mövzu qat. Əsər çıxandan sonra ciddi mübahisələr doğurdu, sonunda Stalin özü zəng elədi. Ən dəhşətli məqam nədir və Bulqakov nə üçün mənim üçün bu qədər əzizdir? Baxmayaraq ki, mən Bunini də sevirəm, Bunin də mənim üçün böyük yazıçıdır. Buqlakov mistik yazıçıdır. Xəstələnir, yoldaşı ona baxır və Bulqakov bir şey deyir, ustad, nə olar, plaşını üstümə at. Xitab Qoqola ünvanlanıb. Qoqol öz əlyazmasını, “Ölü canlar”ın ikinci hissəsini yandırmışdı. Bulqakovun bu əsəri də “Master və Marqarita: əlyazmalar yanmır” kimi başlayır. Bulqakov ölür, həyat yoldaşı onu dəfn etmək üçün başdaşı axtarır, təsadüfən ona bir başdaşı təklif edirlər, bu da Qolqof olur, Qolqof vaxtı ilə İsa Peyğəmbərin Yerusəlimdə çarmıxa çəkildiyi qayanın adı olur. Sən demə, bu, Qoqolun məzarı üçün hədiyyə olunmuş daşdır, sadəcə, Sovet rəhbərliyi Qoqola abidə qoyanda daşı qırağa atır və bu daş gəlib qismət olur Bulqakova. Biz hərdən deyirik ki, Qoqolun şinelindən çıxmışıq, sözün mahiyyəti Bulqakovdan gəlir. Əsərin ən fərqli cəhəti Marqaritanın qaçma səhnəsidir. O, kremi üzərinə sürtüb uçur, amma uçmamışdan, xoşbəxtliyə qanad çalmamışdan öncə qisasını alır ədəbiyyatşünasdan, o ədəbiyyatşünasdan ki, o, Masteri tənqid eləmişdi. Gedir, onun evini dağıdır, qisasını alır. Dünya ədəbiyyatında mən elə qisas fraqmentini heç bir yazıçıda görməmişəm. Hər şeyini atır, şeytana satılır, bir şey üçün, sevdiyi adamın qisasını alsın və istədiyinə də nail olur. Bulqakovun Voland obrazı çox maraqlıdır. Dünya ədəbiyyatında belə obrazlar çoxdur, məsələn, bizdə İblis var, Hötedə Faust var, onlar daha müdrikdirlər, amma Bulqakovun Volandı çox işgüzardır, nəsə qazanmaq istəyir. Əsər belə başlayır: “Baş verən hadisəni sizə deyə bilmərəm.” Rusiyanın o dövr Yazıçılar Birliyinin sədri deyir ki, nə baş verəsidir ki? Axşam mən iclasa gedəcəm, Voland cavabında söyləyir: “Çünki krem artıq tramvay yoluna atılıb.” Və həmin yolda onun başı kəsilir. Bir şair ona görə dəli olur. Ən maraqlı epizod teatrda Voland insanların başına pul səpir və gözləyir ki, reaksiya nə ola bilər? Reaksiya qəribə olur, kim isə paltarını soyunur və sair. Ertəsi gün teatr restoranını işlədən deyir ki, sizdən çıxan pullar saxtadır. Voland cavab verir: “Balıq ya təzə olur, ya da iylənmiş olur, ikinci təzəlikdə olmur. Siz bu cür satırdız. Siz hətta samovar qaynaya-qaynaya soyuq su tökürdüz.” Restoran sahibi deyəndə ki, axı, mən pul üçün gəlmişəm, Voland cavab verir ki, pul sizin cibinizdədir. Pul və Sovet insanının, Sovet imperializminin mahiyyətini ikinci elə açan bir yazıçı yoxdur. Pelevinin romanı ilə müqayisədə bu əsər bütünlükdə Sovet xırdalığını göstərir. Orada bir səhnə var, indiki anlamda desək, jek müdiri rüşvəti alır, tualetdə gizlədir və borşunu içməyə davam edir. İki dəqiqə sonra onu həbs edirlər. Bulqakov nəinki psixologiyanı bilirdi, o, Dostoyevski 19-cu əsr Rusiyasının mənzərəsi olduğu kimi, 20-ci əsr iyrənc bolşevizminin mənzərəsi idi.

-Yelena və Marqaritanın qaçırılmasında bir bənzərlik varmı, bir də deyirlər ki, Bulqakovun bəhs etdiyiniz əsərini üç dəfə oxuyan insanın həyatı dəyişir, razısızmı ?

- Bu romanı oxuyanın həyatında faciə baş verir, mənim də başıma gəlib. Serialını belə çəkdilər və serial çəkiləndə 17 aktyor öldü. Mən əsər yazılan otaqda olanda qəribə mistik auraya düşürdüm. Nəsə vahimə var, anlamırsan. Ruslarda bir adət var, öləndə üzə gips qoyurlar, 52-ci otaqda o sifəti görəndə qəribə olursan.

- Əsərin kuliminasiyası hansı nöqtədir? Siz bayaq Faustun adını çəkdiz, Master də Faust kimi ruhunu satırmı, sizcə?


- Xeyr. Ruhunu Marqarita satır, Masterə qovuşmaq üçün. Şeytan bal düzəldir və şeytanın şərəfinə olan o balda Marqarita şeytana ruhunu satır, amma qovuşur Masterə. Yolda gözləyən isə Ponti Pilat olur. İsaya hökm oxuyan o idi. Yazın bir ayında Ponti Pilat baş ağrısı ilə hökm verməyə gedəndə İsa ona deyir: “Yaxşı adam.” Ponti isə söyləyir ki, biz dost deyilik. İsa cavabında deyir ki, başın ağrıyır və mən sənin bu anında səninlə dostam.

- Əsərdə Bulqakov Ponti Pilatı təmizə çıxarır?

- Ponti Pilat hökm vermək istəmir, çağırır yəhudi din xadimini və deyir ki, hökmü siz verin. Əslində, Ponti Pilat məcburən hökmü verir, çünki onun boyununa qoyurlar bunu. Ponti Pilatın dedikləri var, İsa da deyir ki, başının ağrımasına səbəb odur ki, sən öz dediklərinə qulaq asmırsan. Azazella və Marqaritanın görüş səhnəsi də maraqlıdır. Azazella Masteri tənqid edən ədəbiyyatşünasın dəfnini Marqaritaya göstərib deyir ki, sən indi qalib olmalısan, qoşulursan şərə, bizə? Marqarita razılıq verir. Marqarita ərli qadındır, zirzəmidə yaşayan Master üçün hər şeyini atır. Məncə, Master burada Qoqolun özüdür, mistik realizm baxımdan da belə izah edə bilərik, sadəcə Bulqakov dini məsələni realizm vasitəsilə ortaya qoyur.

- Bulqakovu metafizik yazıçı saymaq olarmı?

- Ona qədər metafizika Anna Axmatovada da, Pasternakda da var idi, amma Bulqakov İsa yox, İşua yazdı. Metafizik deyildi, amma dini baxışları yox, inancı bərpa etmək istəyirdi. Bulqakovun aktuallığı artıq bitib. Rus yazıçısı Trifonov mənim üçün daha önəmlidir, amma o da aktual deyil. Əsərin ən pozitiv mesajı sondadır.

- Əsərdən hansı hissəni çıxartmaq istəyərdiz?

- Yazsaydım, orada 4 səhnəni çıxarardım. Masterlə Marqaritanın görüş səhnəsində Bulqakov uduzubdur. Mən İşuanın çarmıxa çəkilmə səhnəsini elə yazmazdım. Mən Marqaritanın şeytana qoşulma səhnəsini və dəlixanadakı hadisələri elə yazmazdım, amma təbii ki, Bulqakov dahidir, mən isə yazıçı deyiləm.

- Azərbaycan ədəbiyyatında əsərin oxşarları varmı?

- Var. Yusif Səmədoğlunun “Qətl günü” romanı, çox oxşardır, dövrlərə bölmək, orada da siçan şairlərlə danışır, sujet xətti eyni deyil, amma çox oxşar fraqmentlər var. Məsələn, orada, bir yerdə deyilir, dərd batmanla gəlir, amma misqal-misqal çıxır. Ya da “şair şairin başını istəyir” hissəsi. Məsləhət görürəm ki, heç kim Bulqakovun danışdığımız əsərini oxumasın. Dünya ədəbiyyatında bir neçə əsər var ki, onları oxuyanda rəsmən dəli olursan. Biri “Çevirilmə”dir, biri “Yüz ilin tənhalığıdır”, biri də bu əsərdir. Mən tövsiyə edərdim ki, hər bir əsəri yazıçıların həmin əsərləri yazdıqları yaşlarda oxusunlar insanlar. Mən Kafkanı 1997-ci ildə oxuyanda iki il onun depressiyasından çıxa bilmədim.

Hazırladı:
Tural İsmayılov


Tarix: 07.01.2016

8515

Ən çox gülünənlər