Mişel Uelbek: “İslam Avropanı səssiz işğal edir”- Müsahibə


Mişel Uelbek: “Nəyə görə Fransa kimi dünyəvi dövlətdə müsəlman qadını hicabda gəzə bilir, amma islam dövlətlərində qısa ətək qadağandır?”


Mişel Uelbek - Fransa ədəbiyyatının qoca və ərköyün nümayəndəsi. “Charlie Hebdo”ya hücumdan sonra onu mülki polislər hər gün 24 saat qoruyur. Onun “İtaət” romanı Məhəmməd peyğəmbərin karikaturalarını çap edən “Charlie Hebdo” jurnalına qarşı edilmiş terror aksiyasından bir neçə saat əvvəl çap edilmişdi. Böyük qalmaqal yaradan roman Fransanın islami güclərin nəzarəti altına keçməsindən bəhs edir. Kitab çap olunandan sonra Uelbekin romanı qısa müddətdə Fransa, Almaniya və İtaliyada ən çox satılan kitablardan oldu.

Romandan qəzəblənən müsəlman təşkilatları Uelbeki dini ictimaiyyəti təhqir etməkdə və irqçiliyi qızışdırmaqda günahlandırır. Bəziləri isə Uelbekin bir yazıçı kimi nə etməlidirsə onu etdiyini, dünyaya güzgü tutduğunu deyirlər.
Çağdaş dünya nəsrinin ən tanınmışlarından biri olan Uelbekin müəyyən vaxtlarda müxtəlif jurnal və mətbuata verdiyi müsahibələrin qısa formasını təqdim edirik.

“Charlie Hebdo” haqqında

“Roma Papasının “Charlie Hebdo”ya qarşı edilən terror aktına münasibəti məni təəccübləndirdi. Deyir, kim ki mənim anam haqqında pis ifadələr işlətsə, onun üzünə sillə vuraram”. Bu şəxs sözlə fiziki gücü qarşı-qarşıya qoyur. Onunla tamamilə razı deyiləm. Daha yaxşı olardı ki, Papa bu barədə nəsə deməkdən çəkinərdi”.

İslam Haqqında

“Mən Quranı oxumuşam. Çoxlarının bəzi adətlərə görə, islamı suçlaması düzgün deyil. Çünki bu adətlər islamdan da öncə olub. İslam günahkar şəxsi daşlamağı, sünnəti və quldarlığı kəşf etməyib. Bu daha öncə də vardı”.

***
“Əgər islamın başında Roma Papası dayansaydı cihadın qarşısını almaq üçün ən azı 20 il lazım olacaqdı. Cəzalandırma kimi isə müəyyən vasitələrdən istifadə edilərdi. Məsələn: məscid, dua və cümə günü allah evinə ziyarət qadağan edilərdi. Belə bir cəzalandırma forması fonunda iki ildən sonra bir çox mənfi nüanslar düzələrdi. Eyni zamanda bu cür cəzalandırma forması imamalara da şamil olunardı”.

***
“İslamdan qorxuram, amma nifrət eləmirəm . Mənə daha çox “Siz islamafobsunuzmu?” sualı verirlər. Böyük ehtimal ki, hə, amma “fobiya” sözünü nifrətdən çox qorxu kimi qəbul edirəm. İslam ən geridəqalmış dindir. Buna görə mənə irqçiliyi alovlandırdığım üçün 2002-ci ildə məhkəməyə verdilər. Lakin bəraət aldım.

Hələ də islamın ən geridəqalmış din olması fikrində qalırammı? sualına belə cavab verərdim - Həqiqətən fikirlərimin dəyişib-dəyişmədiyini bilmirəm. Quranı oxumağın adama sakitlik gətirməsi fikri ilə razıyam. Buna görə o vaxt “Quranı oxuduqdan sonra rahatlıq tapdım” demişdim. Bununla belə, bu fikri deyəndə kifayət qədər düşünməmişdim. Fakt kimi götürəndə müsəlmanların Quranı oxumaq ehtimalı, xristianların İncili oxumaq ehtimalı qədər azdır. Hər iki dində vacib olan odur ki, bu kitablara kim izah verir. İslamda bu çox açıqdır”.

***
“Mənim romanım islama qarşı deyil. Roman islam dəyərlərinə mənfi formada ciddi təsir edən cihada qarşı yönəlib. Halbuki cihadçıların bütün hərəkətləri məhz islamın məhvinə yönəlib”.
***
“Marin Le Pen miqrasiyanın qarşısını ala bilər, lakin islamlaşmağın qarşısını yox. Bu, mənəvi bir prossedir. Avropa islamla müharibəni uduzub. Kimsə bunu fantastika saya bilər. Ancaq bunun ilk cücərtiləri artıq görünür. Miqrant ailələrində doğulan müsəlmanlar on illər ərzində burda yaşamalarına, doğulub böyümələrinə baxmayaraq, Avropa dəyərlərini qəbul etmirlər. Fransızları düşündürən suallar çoxdur - niyə adi aptekdəki xaç şəkli belə müsəlmanları qıcıqlandırır, niyə dünyəvi dövlətdə müsəlman qadını hicabda gəzə bilir, amma islam dövlətlərində qısa ətək qadağandır? Öz həyat tərzlərini Fransada diktə etmək səssiz işğal deyilmi?
Fransada əvvəllər bu haqda danışmırdılar. İndi isə susa bilmirlər. İslamlaşmaya qarşı mübarizə aparmaq istəyirlər. Ancaq bu, demokratiyaya zidd deyilmi? Avropa dəyərlərini qorumaq üçün başlanılan mübarizədə millətçiliyin, irqçiliyin, dini ayrı-seçkiliyin sərhədləri harada bitir? Hələlik fransızlar bu suala cavab tapmayıb. Yəhudilər isə Fransadan əllərini üzüblər”.

Siyasət haqqında

“Siyasətin tarixə elə də böyük təsiri olduğuna inanmıram. Tarixi dəyişən, yazdıran əsas faktorlar daha çox texnolojidir və bəzən isə, çox yox, bəzən dini. Düşünmürəm ki, siyasətçilərin həqiqətən əhəmiyyətli tarixi xidmətləri, rolları var, onlar, sadəcə, Napoleon kimi iri katastroflara səbəb olacaq hadisələri qızışdıranda nəyəsə xidmət etmiş olurlar”.
***
“Fransadan danışırıqsa, görünən odur ki, dövlətə inamını itirənlər yalnız yəhudilər yox, əksər vətəndaşlardır. Problemlər isə çoxdur - savadlı multikulturalizm siyasətinin aparılmaması, maliyyə və ideya böhranı, Yaxın Şərq münaqişəsi, dünyada terror sahəsində vəziyyətin pisləşməsi və s. Bu, hər kəs üçün pisdir - istər onuncu nəsil fransızlar, istər yəhudilər və müsəlmanlar, istərsə də digər millətin və dinin təmsilçiləri üçün”.

***
“Cəmiyyətdə siyasətçilərə və KİV-lərə qarşı nifrət pik nöqtəyə çatıb. Yaxşı ki, bu nifrət yazıçılara qarşı yönəlməyib. Yazçılar qismən də olsa, söz və fikirlərini azad formada ifadə etməyi bacarırlar”
***
“Mən heç vaxt hazırda ölkəni idarə edən solçu demokratlardan qorxmamışam. Bu, həqiqətən də belədir. Dövrün intellektual insanlarından fərqli olaraq mənim xüsusi üstünlüyüm var. Mən kasıb ailədə doğulmuşam. Kasıbların uşaqları isə solçulardan qorxmurlar”.

***
“Əvvələr olduğu kimi siyasətlə heç vaxt belə ciddi maraqlanmamışdım. Lakin bu marağın yazdığım romanlara heç bir təsiri yoxdur. Məsələn, mən demkoratiya ilə bağlı səsləndirdiyim fikirlərimdə tam ciddiyəm və hesab edirəm ki, demokratiya sosial problemlərin həllində yeganə vasitədir. Lakin hazırda demokratiya yalnız qanlı çevrilişlərdən sonra mümkün olur. Təəssüf ki, sandıqdan demokratiyaya keçid hələ ki, mümkün olmayıb”.

Allaha inam haqqında

“Nənəm və babamla yaşadığım uşaqlıq illərimdə dinlə bağlı heç bir təsəvvürüm yox idi. Nəzərə alsaq ki, qonşularımzda xoş olmayan dini cərayanlara münasibət pik nöqtədə idi. Onlar bu həyatı o biri dünyada qazanmaq üçün yaşayırdılar. Artıq bu ideyanın cəmiyyətdə möhkəm təməli qoyulmuşdu. 13 yaşım olanda dini mənim həyatıma sinif yoldaşım gətirdi. Yeri gəlmişkən, onun mənə hədiyyə verdiyi həmin Bibliyanı indi də saxlayıram”.
***
“Din mənim üçün magiyadır. Möcüzələr başımı döndürür. Mənim dini baxışlarım Karl Teodor Dreyerin filmi olan “Söz”də tam əksini tapıb. Bax, bu kino məni təsirləndirir. Bilmək istəyirəm ki, görən dünyanı yaradan kimdir və onun hansı qanunları var? Bu qanunların necə işləməsi marağı mənim hər zaman beynimdə fırlanıb. Dəlil və sübutlar mövcud olmalıdır. Həyatda hər şey fakta söykənir. Odur ki, bax bu maraqlar səbəbindən mən ateist oldum.

***
Din söz azadlığını məhdudlaşdırmamalıdır. Əgər olsa da belə bu şəxsi həyata müdaxiləyə qədər olmalıdır. Çərçivədən kənara çıxmaq olmaz. Axı mənim bu barədə danışmağa haqqım var. Halbuki fikrilərimə, işlətdiyim ifadələrə görə dəfələrlə hədələrə məruz qalmışam. Məsələn, Almaniyada “Xəritə və ərazi” romanıma görə eftanaziyanın yayılmasında günahkar bilinib məhkəməyə verdilər. Amma qalib gəldim.

Əvəzində hələ çap ərəfəsində bəziləri proqnoz vermişdi ki, “La carte et le territoire” (“Xəritə və ərazi”) əsəri noyabrda Fransanın ən nüfuzlu ədəbi mükafatı olan “Qonkur”u qazana bilər. Yeni əsər bir gənc rəssamın yol xəritələrindən sənət əsəri yaratması haqqındadır. Amma Fransanın ədəbiyyat saytlarından biri - Slate.fr məni plagiatlıqda - “Vikipediya” internet ensiklopediyasından və bir sıra başqa saytlardan mətnləri istinadsız əsərimə daxil etməkdə günahlandırdı.
Sayt iddia edirdi ki, mən “Vikipediya”dan siyasi fəal Frederic Nihousun səhifəsindən Beauvais şəhəri və ev milçəyi haqda bəzi məlumatları olduğu kimi götürüb öz əsərimə daxil etmişəm. Bu iddialar sadəcə gülünc idi. Bu məsələdə “plagiat” sözünü işlədənlər ədəbiyyatın adi anlayışlarından xəbəri yoxdur. Bu, mənim yazı metodumun bir hissəsidir.

Bundan başqa 2001-ci ildə məni “Platforma” əsərinə görə məhkəməyə çəkdilər. Kitabda islamla bağlı yazdıqlarıma görə məni dini ədavəti qızışdırmaqda ittiham etmişdilər. Amma yenə mənə bəraət verilmişdi”.

***
“Dinin böyük sosial rolu var. Mən Kont Oqyustonun “Dinsiz cəmiyyət məvhə məhkumdur” ifadəsi ilə razıyam. Həqiqətən də hazırda bir neçə əsr öncə qurulan cəmiyyətlərin dağıldığının şahidi oluruq. Mən dinin qayıdışına inanıram. Lakin onu deyə bilərəm ki, din hazırda canlanmağa başlayıb. Bunu dinlərin hazırki durumundan sezmək olar. Məsələn, iudaizm dininə sitayiş edən cavanlar valideynlərindən daha çox dinə bağlanır. Bu barədə həmçinin katoliklər barədə də demək mümkündür”.

Ədəbiyyat haqqında

Poeziya ilk növbədə sirli dünyabaxışıdır. O, başqa vasitələrlə ifadə olunması mümkün olmayanı, daha dərində gizlənmiş şeyləri göstərmək, onlara işıq salmaq üçündür. Bəzən bir şerin musiqisi, melodiyası məni o qədər təəccübləndirir ki... – bu izaholunmazdır. Əlbəttə, özündə bu cür izaholunmaz şeyləri hiss eləmək maraqlıdır; mən hər dəfə daha çox hiss edirəm ki, istəklə bağlı olmayan gözəllikdə nəsə bir qəribəlik var.
Düzdür, bunu romanda da hiss eləmək olar, amma daha az, çünki orda hadisələrin və personajların mexanikası adamı çəkir. Heç bir söz oyunbazlığına yol vermədən demək olar ki, romanda aktiv başlanğıc poetik sıradan olan bir hadisədir.

***
Mən Aqata Kristini çox sevirəm. İlk növbədə janrın bütün qaydalarına tabe olur, lakin təsadüfən fərqinə varırsınız ki, o, əslində hekayəni tamamilə öz ağlıyla idarə edir. Məndə isə bu proses əksinə gedir, əvvəlcə heç bir qayda-qanuna riayət etmirəm, heç bir süjet tələbinə uymuram, lakin hekayə irəlilədikcə beynimdə “özünə gəl, bu yazdığın roman olmalıdır, özünü idarə elə” cümləsi səslənir.
- Bu gün “Lənətlənmiş şairlər” varmı?
- “Lənətlənmiş Şair”?.. (Gülür) bu nədir ki?.. hələ azdır. Şairlik indi çox ümidsiz bir işdir. Həyatı boyu hər bir kəs nə vaxtsa özündə şeir yazmaq ehtiyacı hiss edir, amma bu gün şeirin oxucuları, sanki, köcüblər. İndi poeziyanın darıxdırıcı bir şey olduğunu düşünmək dəbdir və poeziyaya olan tələbat mahnılar vasitəsilə ödənir, əlbəttə, qismən”.

Materialın hazırlanmasında bu mətbuatlarda nəşr olunan məqalələrdən istifadə edilib: “Le Figaro”, “Lа Vie”, “Art Press”, “Lui, L’Obs”, “The Paris Review”, “Cairn.info”, “Les InRocks”, “The Guardian”.

Hazırladı: Günəş Fərhadlı


Tarix: 29.12.2015

5018

Ən çox gülünənlər