Şekspirin öldürdüyü qadınlar


Dünya təfəkkürünü dəyişməyə qadir bu dramaturqun həyatı haqqında olan az-çox məlumatlarla qane olmayanlar onun bioqrafıyasını, şəxsiyyətini yaradıcılığında, sujetlerdə və qəhrəmanların dialoqlarında axtarırlar. Onun dörd faciəsini – “Romeo və Cülyetta”ı, “Hamlet”i, “Otello”nu və “Kral Lir”i tənqidçilər gənclikdən qocalığa doğru yaşlanan ömrün faciəsi hesab edirlər.

Şekspirin əsərlərindən az-çox xəbəri olan, bu əsərlərdə kişilərin tez-tez qadın paltarı geyinib cinsini dəyişmə epizodlarına yəqin ki, sakit yanaşır. Amma bioqraflardan bəziləri bu əsərlərdə homoseksual hisslərin aydın ifadələrini aşkar ediblər. Bu nüans sonetlərdə daha çox gözə çarpır. Sonetlərdə “böyük cazibəsi olan cavan oğlan”, “mənim ehtirasımın sahibi” kimi ifadələr tez -tez səslənir. Və müəllif bəzən cavan oğlan və qarabuğdayı xanım arasında olan seçim qarşısında aciz qalır.

Şekspirin xarakterləri arasında özəlliklə parlaq olanlardan biri eynən real həyatda olduğu kimi, heç bir zaman tam olaraq anlaşılamayan, hər çağda, hər əsrdə şərhə açıq bir kişilik sahibi Danimarka şəhzadəsi Hamletdir. Acı çəkmək, ya da özünü öldürərək bu acını məhv etmək arasında çapalayan Hamleti Şekspir "Ölüm, ya qalım? bütün sual bu!" misrası ilə dilə gətirir. Şekspirin “Hamlet”, “Maqbet” ve “Kral Lir ” kimi dramlarının qəhrəmanlarındakı problemlər onun özünün qüsurları, ya da zəiflikləridir. Bunlar bütünlüklə insafsızlıq, hirs, qısqanclıq, eqoistlik kimi xoş olmayan hallardır. Başqa yöndən yanaşsaq, Şekspir yenə də elə canlı xarakterlər yaradır ki, onların iç dünyasını və əzablarını ağrılarını elə sərrastlıqla sərgiləyir ki, oxucu, tamaşacı onları duyub, başlarına gələnlərə üzülür, kədərlənir. Şekspirin bu cür canlı xarakterlər yaratması, fantaziyalarla əlaqələnsə belə, obrazlar inandırıcıdır. Xarakterlərin şeir dili ilə danışması belə onların inandırıcılığını zədələmir, xələl gətirmir.

Deyilənə görə, Şekspir, əslində, bu əsərlərin müəllifi deyil. Əsl müəlliflər arasında Bekon, Marlo, Retlend, hətta kraliça Elizavetanın da adı çəkilir.
Əfsanəvi şəxsiyyətin dramlarındakı qadın xarakterlərinin altından belə bir qırmızı xətt keçir ki, Şekspir qadın qəhrəmanlarını azad buraxıb, onları hisslərinə həvalə edir. Bu obrazlar güclü, ağıllı, azad iradəli qadınları təmsil edir. Hərçənd fərqli, sadaladıqlarımızın əksi olan xarakterlər yaratdığını da danmaq olmaz. O, bəzən qadını aşağılayır, itaətsiz, cəhənnəm qədər qara, şəhvət düşkünü, yalançı, çirkin, şeytan olaraq, bəzən isə mələk, dəli edən sevgili, sarışın dilbər, hətta Tanrı olaraq göstərir. Bu məqamda, o, qadını müqəddəsləşdirirmi, yoxsa aşağılayırmı sualı bizi çaş-baş salır.



Şekspirin yaşadığı dövrdə qadına şəxsi mülkiyyət kimi baxırdılar. Elizaveta dövrü deyilən bu zaman kəsiyində qadın itaətkar olmalı idi. O gücsüz, çəkisiz bir cins, təhsilsiz, sadəcə, bədən olaraq deyil, zehin anlamında da zəif və əşya kimi qiymətləndirilirdi. Lakin Şekspirin ahıl çağının yaratdığı qadın xarakterləri kişilərdən daha üstündü. Onun bəzi qadın xarakterlərində Roselind (“Sizə necə gəlirsə”), Helena (“Yay gecəsində yuxu”), Katerina (“Şıltaq qızın yumşalması”), Viola (“On ikinci gece”), Portia (“Venesiya taciri”) - o qadını yüksək tutur, sevir. Hərçənd oyunbazlıq edir, qadın öz istəklərini kişi cildində söyləyir, yalnız bu libasda o, öz düşündüklərini daha azad, daha yüksək səslə “qışqıra” bilir. Əks halda, məğlubiyyət qaçılmazdır. Çünki dövrün qadına, qadın şəxsiyyətinə olan baxış asbekti xristianlığın ixtiyarındadır.

Kraliça Elizaveta və bacısı Mariya arasında yaşananlar da söylədiklərimizə misaldır. Bəhs etdiyimiz Renesans dönəmində bütün sosial siniflər üçün ideal qadın fiquru "itaətkar qadındır (yəni Roselind, Helena, Katerina,Viola, Partio kimi). Pis qadınsa dikbaşlı, ərinə ailəsinə itaət etməyən qadındır.

Onun qadın qəhrəmanlarından bəzilərini - Ledi Maqbeti, Kleopatranı, Cülyettanı, Kordeliyanı xor gördüyünü, aşağıladığını, Ofeliya, Dezdemona xarakterlərində qadını kişinin şəxsi mülkiyyət kimi göstərib, heç bir xətaları olmadığı halda, “kişilərin dünyasında” haqsızca ölümə məhkum etdiyi üçün qadını bəzən kiçiltdiyini də deyə bilərik. Bütün hallarda o qadınlar ağılı, dürüstlüyü, hissləri, emosiyaları ilə ön plana çıxırlar, sonları ölüm olsa belə. Məsələn, götürək elə Ledi Maqbeti. Ağlını hissinə qurban verir, ərini aldadıb edib, şeytana uyur və özünü öldürür.Yaxud Otellonu ölümünə sevən Dezdemona. Yaqonun əxlaqsız tələsinin badına gedir.

Kleopatra cəngavər Antonini başdan çıxarır, ölkəsindən edir, öz dünyasında güclü olmağın qarşılığını özünə qəsd etməklə ödəyir. Cülyetta ailəsinin ciddi müdaxiləsinə rəğmən, Romeo ilə sonadək bərabər mübarizə aparmaqdan geri çəkilmir və bu itaətsizliyin sonunda o da ölümü seçir. Atasına qarşı sanki bir kişi kimi dürüst olması, yalan söyləməməsi əsl sevginin üzərində mübarizə aparmaq iddiaları Kordeliyanın da ölümünə səbəb olur... Və özünü məntiqlə, ağıllı şəkildə ifadə edən, ətrafındakı kişilər tərəfindən daim əngəllənən, atasını öldürən Hamleti hədsiz və qarşılıqsız sevdiyi üçün vicdanıyla savaşan Ofeliya da dəli olur.

Düşünürəm ki, Şekpirin sadaladığım obrazlarının içərisində ən qadını Dezdemonadır. O cəsarətlidir, incədir, zərifdir, sadiqdir, itaətkardır. Otello təbiətcə qısqanc deyil, onda yaranan bu hisslərin səbəbi Dezdemonaya - insana olan inamın qırılmasıdır. Aldandığını zənn etməsidir. Otello onu çox sevir, dərin məhəbbətlə, kövrək hisslərlə sevir, hətta onu öldürməyi düşünəndə belə.
Şekspir qadınlarının xarakteri həm də bu yöndən qəlizdir ki, onlar həm “qadın kimi qadın”, həm də “ana kimi qadın”dırlar. Məsələn, Hamletin anası Gerturuda ikinciyə yaxındır. Diqqətlə analiz edəndə onun bəzi məqamlarda Hamletə “qadın” kimi sevgisini sezmək çətin deyil.

Şekspir qadınlarını, kişilərlə müqayisə etmir, onları eyni tərəzinin gözlərinə qoymur. Cəsarət göstərən qadına isə ya “ölüm, ya kişi tabeliyi” təklif edir. Müasiri Ben Conson Şekspir haqqında “o, bir əsr üçün deyil, bütün zamanlar üçündür” deyib.




Tarix: 24.12.2015

6763

Ən çox gülünənlər