Yalçın İslamzadənin “Qızılgülün adı” - Yazıçılar oxucu kimi


“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazıçı həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Müsahibimiz tədqiqatçı Yalçın İslamzadədir.

- Yalçın İslamzadənin sevdiyi yazıçı kimdir? Ən bəyəndiyiniz əsər hansıdır?

- Hər bir insanın yaş dövründən asılı olaraq bəyəndiyi müxtəlif bədii əsərlər olur, bu əsərlər onun düşüncə və duyğularının formalaşmasına təsir göstərir. Mən böyük ədəbiyyatla ikinci, üçüncü sinifdə oxuyanda tanış olmağa başladım, atam mənə Servantesin “Don Kixot” əsərini və böyük bir coğrafi atlas həcmində olan illustrasiyalı Şekspir külliyatını hədiyyə etdi. O yaşda Şekspiri tam anlamasam da, Servantesi anlaya, qəhrəmanının duyğularını, düşüncələrini tam olaraq hiss edə bilirdim – görünür, donkixotluq həm də uşaqlıq kimi anlaşıldığı üçün. Sonrakı mərhələlərdə Ekzüperinin “Balaca Şahzadə”si çox xoşuma gəldi, bizdə çox oxunmur ancaq. Ekzüperinin avtobioqrafik çalarları olan “Gecə uçuşu”, “İnsanların dünyası” romanları da çox maraqlı gəlmişdi, romantik ədəbiyyatdan özbək yazıçı Abdulla Qədirinin “Ötən günlər” romanını çox bəyənmişdim. İbrahim Hüseynovun elmi-fantastik janrdakı “Panqeanın övladları” əsəri olduqca maraqlı idi. Bu siyahıya Çingiz Aytmatovun əsərlərini də əlavə edərdim, “Gün var əsrə bərabər” və “Dəniz kənarı ilə qaçan alabaş” romanlarını birnəfəsə oxuduğumu xatırlayıram. Gənclik illərində roman mütaliə dairəsi genişləndi və şaxələndi, Hesse və Markes kimi tanınmış yazarların bir çox əsəri ilə bərabər, nisbətən “marjinal” qalan romanları da oxudum, hindistanlı Arundati Royun “Kiçik şeylərin tanrısı” və afrikalı Monqo Betinin “Zavallı İsa” romanları kimi. İndilərdə yenidən bədii əsər dairəsini zaman məhdudluğu səbəbi ilə daraltmaq lazım gəlir, olduqca seçici davranmaq məcburiyyətində qalırsan. Dostoyevski, Tolstoy, Balzak, ya da Heminqvey oxumaqdan heç vaxt zövq almadığım yazıçılardır. Gənclik illərində tanış olmalı olduğumuz ədəbiyyatın lokallığı aşan qlobal miqyasda olması, bütün insanları xas olan problemləri lokal bir hadisəyə dayanaraq təsvir edə bilməsi, mədəniyyətlər qarşılaşmasını və müqayisəni təsvir edib kosmik-qlobal düşünmə bacarığı aşılamalı olduğunu vacib sayıram. Yaxşı ədəbiyyat insanların quruluşçu təfəkkürünü formalaşdırmalıdır, yaxşı ədəbiyyatçı insanı və hadisələrdəki səbəb-nəticə əlaqələrini, əşyanın təbiətini yaxından tanımalıdır ki, pafos və uzun təsvirlərdən uzaq dura bilsin. Romanlar bizə alternativ dünyaların mümkün olduğunu göstərirlər. Şekspir hələ də maraqlıdır, əsərlərində kilsənin günah sayıb basqıladığı insan duyğularına aparıcı rol verdiyi üçün.

- Sizi daha çox təsirləndirən hansı əsərdir, bəs?


- Oxuduqdan sonra məndə yeni bir maraq dairəsi və istiqaməti müəyyən edən ən sevdiyim əsər sözsüz ki, Umberto Ekonun “Gülün adı” romanıdır. Mənə elə gəlir ki, bu roman indiyə qədər yazılmış ən ciddi, professional, həm bədii, həm informativ cəhətdən qüsursuz, çoxqatlı romandır. Romanda real tarix və yazıçı təxəyyülü bir birilərini o qədər tamamlayır ki, yazıçının nəyi uydurduğunu anlamaq olduqca çətindir, romanı oxuduqca yazıçı aradan çıxır, yada düşmür. Modern dünyanın alatoranındakı hadisələri təsvir edən roman 1327-ci ildə, Orta əsrlər mədəniyyətinin zəifləyib modern dünyanın, müasir incəsənətin, empirik bilgi axtarışı vərdişinin yaranmağa başladığı zamanda baş verir. Dəqiq bir tarix vermək çətin olsa da, bəzi tarixçilər şərti olaraq Renesansın 1330-cu ildə başladığını yazırlar. Eko məqsədyönülü olaraq 1327-ci ili, heretik hərəkətlərin, sekulyar siyasi avtoritetlərin, empirik bilgi axtarışında olanların, ədəbiyyat və incəsənətdə o dünyanı deyil, bu dünyanı, dini şəxsləri deyil, dünyəvi insanı mərkəzə yerləşdirən Renesansın ilk rastlandığı bu dövrü seçib. Bu tarixi planda, İtalyanın şimalında bir monastrda İsanın varlı, yoxsa kasıb olduğunu aydınlaşdırmaq üçün görüşəcək iki müxtəlif xristian təriqəti nümayəndələrinin görüşünə zəmin hazırlamaq üçün monastra gələn Baskervilli Vilyam və şəyirdi Mekli Adsonun mərkəzdə olduğu hadisələr vasitəsilə orta əsrlər həyatını, sxolastik fəlsəfəni, teoloji və skeptik arqumentləri ustalıqa bizə çatdırır

- Hansı obrazlarla bu əks olunub?


- Vilyam və əsərdə tez tez fikirlərinə müraciət etdiyi müasiri Rocer Bekon, empirik bilginin məqsədinin insan həyatını asanlaşdırmaq olduğunu düşünən modern alimlərin prototipləridir. Əsərdə Ubertino və Mişel kimi tanınmiş din xadimləri və inkvizitor Gi real tarixi şəxslərdir, monastrın baş rahibi və kor rahib Xorxe isə uydurma obrazlardır. Vilyamın sırf öyrənməkdən zövq aldığı üçün rahiblərlə dialoqları, Xorxe ilə mübahisələri və Adsodan bir güzgü kimi istifadə edərək bizə çatdırdığı düşüncələri dövrün tam təsvirni verə bilir.

- Əsərdəki detektiv fraqmentlər hansılardır?


Vilyamın monastra gəlməsindən qısa bir müddət sonra Adelmo adlı miniatür ustasının cəsədi tapılır. Baş rahib Vilyamdan bu hadisənin araşdırılması üçün kömək istəyir, ancaq Adelmo, cəsədi tapılan son rahib olmur. Vilyam, Puare, ya da Holms qədər müşahidə bacarığına, bilgiyə və təhlil qabiliyyətinə malik olsa da baş verənlərin anlaşılmasında təsadüflər də rol oynayır. Eko burda elm tarixində həmişə rastladığımız, bilginin arasıkəsilməz xətti yığılma olmadığını, onun ortaya çıxmasında şansın da böyük rol oynadığına işarə edir.
Üstəlik, Vilyam monastrda müəyyən qaydalara tabe olmalı, ona bağlı olan bilgi ərazilərinə girməməlidir. O dövrdə zənginləşən kilsə xadimləri, xristianlığın doqmalarının onlara zənginlik və insanlar üzərində hökmranlıq təmin etdiyini bilirdilər. Ona görə də bu doqmaları mühafizə etmək üçün cinayətə belə əl atırdılar. Əsərdə də bu motivli cinayətlər var, üstəlik, Vilyam keçmiş inkvizitor olaraq din xadimlərinin düşüncələrinə və hisslərinə yaxşı bələddir. Ona görə inkvizisiya “közərmiş dəmirinin ortaya çıxardığı həqiqətlər heretikliyinin başqa, din xadimləri tərəfindən işlənən növüdür”. Zənginliklərindən vazkeçməmək üçün İsanın zəngin olduğunu müdafiə edən din xadimləri, onu pul kisəsi ilə təsvir edən rəsmlər sifariş verirdilər. Kilsə pul toplamaq üçün yubiley illərində “günah bağışlama” sənədləri satırdı,əvvəllər yüz ildə bir satılan bu sənədlər sonra əlli, daha sonra hər otuz üç ildə bir satılmağa başladı. Bu sənədləri almaq üçün Romaya gəlməyə ehtiyac yox idi, xristian ölkələrində satış büroları açılmışdı. Martin Lüterin də səbrini daşıran Romadakı Müqəddəs Pyotr kilsəsinin (o zaman kilsə yeni yaranan şəhər dövlətlərlə ehtişam yarışına girişmişdi) inşaatını maliyyələşdirmək üçün satılan “günah bağışlama” sənədləri oldu. Bəlkə də protestanlığın ilk izləri bu son orta əsrlər heretiklərinin kilsəyə etirazlarında görülə bilər-Vikliff və Hus da kilsəyə qarşı çıxmışdılar, ancaq Lüterdən fərqli olaraq düşüncələrini geniş kütlələrə çatdıran kitabı çap edəcək mətbəə hələ icad olunmadığı üçün, görüşləri çox populyarlaşmadı.

- Əsərdə sxolastikanın süqutu dövrlərə bölünərək təhlil olunur...


- Orta əsrlərin üş əsas xarakterisitikası qotik memarlıq, cəngavərlik mədəniyyəti və sxolastik düşüncədir. Orta əsr kilsələri qotik üslubda tikilir, kilsə “qan tökməyi sevmədiyi üçün” cəzalandırma işini cəngavərlərə həvalə edir, iqtidarını sxolastik fəlsəfəyə əsaslanaraq legitimləşdirirdi. Geniş torpaq ərazilərinə sahib idi, müzakirə və mübahisələrin dairəsini müəyyən edirdi. Orta əsrlər cəmiyyəti oratores (danışanlar-rahiblər), bellatores (döyüşənlər-zadəganlar) və laboratoresdən (işləyənlər-xalq) ibarət idi. Torpaq kimi bilgi də kilsənin monopoliyasında idi, yaşlı rahib Xorxe rahiblərin istədikləri kitabın onlara verilib verilməyəcəyinə qərar verirdi, Aristotelin “Poetika”sını isə heç kimin oxumamalı olduğunu, yaxınlaşan qiyamətə kədər və qorxu ilə hazırlaşmalı olduqlarını, bu ciddiyəti pozacaq dünyəvi ədəbiyyatın oxunmamalı olduğunu müdafiə edir.

- Eko niyə Aristotelin kitabını əsərə salıb?

- Aristotelsiz xristian doktrinini düşünmək mümkün deyil. Akvinalı Foma kilsənin rəsmi doktrinini quranda həm müqəddəs mətnlərdən , həm də Aristotelin fəlsəfəsindən geniş istifadə etmişdi. Kilsə bu dünyanın müvəqqəti günah yeri olduğunu iddia edir, insanları tövbə edərək qiyaməti gözləməyə səsləyirdi. Yəni, bir insan zövq ala bilməzdi, onun öz düşüncəsi ola bilməzdi, o, sadəcə kilsəni qurtuluş qapısı kimi görüb dayanmadan ibadət etməli idi. Aristotelin dünyagörüşü, kainat haqqında tezisləri kilsə ilə zidd deyildi. Aristotel kainatı iki hissəyə bölür, o deyirdi, aydan yuxarı olan bölgə müqəddəsdir, orada hər şey əbədi və mükəmməldir. Aydan aşağı yer dünyasında isə hər şey dəyişir, pozulur, xarab olurdu, bura günah dünyasıdır. Foma bunu kilsənin müddəaları ilə çox yaxşı birləşdirdi və yerlə göy arasındakı qurtuluş qapısı olaraq kilsəni göstərdi. Aristotelin düşüncələri, modern elm yaranmağa başlayana qədər təbiət və cəmiyyət haqqında əsas görüşlər qəbul edildi. Əslində orta əsrlərdə Aristotelə sadəcə filosof deyirdilər. “Poetika”nın ikinci kitabı gülmə haqqında olduğu üçün, kilsə təliminə uyğun deyildi.”Gülmək bədənin gücsüzlüyüdür, yozlaşması, bəsitliyidir. Kəndli əyləncəsi, sərxoş azadlığıdır”, ancaq “Aristotelin kıtabında gülmə sənət səviyyəsinə qaldırılır”-Xorxe deyir. Xorxe ilə Vilyamın son mübahisəsindəki arqumentləri oxuduqca Ekonun mübahisənin mərkəzinə kilsə üçün olduqca doğru və tipik bir müəllifin kilsənin heretikliyə yol açacağını düşündüyü əsərini qoyması olduqca yerindədir. Ona görə də, mənə elə gəlir, Eko Aristoteli və əsəri çox doğru seçib.

- Əsərin kuliminasiyası hansı hissədir?


- Əsər hər baxımdan zəngin şərhlər ilə stimullaşdırılır. Adı orta əsrlərin ifrat simvolizmini və müvəqqətiliyi vurğulayan ədəbiyyatında əsas simvol olan gülə referans olaraq seçilib. Eko düşünür ki, əsərə tutaq ki “Cinayət monastrı” adı versə, diqqət cinayət motivinə köklənəcək, lakin bu adı seçməklə Eko bütün mənalardan imtina edir. Kuliminasiya nöqtəsi bütün gizli oyunların bir kənara qoyulub kitabxanada Xorxe ilə Vilyamın açıq, “səmimi” mübahisəsidir. Adso monastdan və Vilyamdan ayrıldıqdan illər sonra Vilyamın vəba epidemiyasında həyatını itirdiyini yazır. Vilyam qədər ağıla, emprisizmə, elmin insan üçün faydasına önəm verən bir insanın o çağlarda elmə çarəsi məlum olmayan vəba səbəbi ilə ölməsi dramatikdir.

- Əsərdəki psixoloji məqamlar nələrdir? Əsəri ədəbi əsərdən ziyadə orta əsərlərə işıq tutan tarixi-sənədli əsər kimi də xarakterizə etmək olarmı?


- Orta əsr təfəkküründə hakim olan insanın yox sayılmağı idi. İntibah başlayandan sonra insana əhəmiyyət verilməyə başlandı. Monten hələ də ona görə sevilir ki, ən böyük renessans yazarlarından idi və o zamana qədər insanın inkar edilən, haqqında ciddi müəlliflərin deyil, “vulqar” ədəbiyyatın bəhs etdiyi tərəflərindən səmimiyyətlə danışırdı. O dövr üçün bu yeni nümunə idi. Makiavellinin “Hökmdar” əsərini yada salaq. Makiavellizm indi bir az qeyri-etik qarşılansa da Makiavellinin vurğuladığı insanın öz şəhərini, dövlətini qorumasının vacibliyi idi. Florensiya hökümətinin səfiri olan Makiavelli, muzdlu əsgərlərin düşmən Piza şəhərini mühasirəsi zamanı separat danışıqlara getdiklərini və müttəfiqləri olan Fransada Florensiyaya necə həqir münasibət göstərdiklərini görmüşdü. O dövrlər humanistlərinin əsas qayğıları siyasi idarəetmənin-şəhər dövlətlərin güclənməsi və insanın inkişafı idi.
Bu baxımdan Ekonun əsəri sırf ədəbiyyat əsəri deyil. Bəzən oxucuların əsərə yanaşmalarındakı yanlışlıq əsəri təkcə detektiv roman kimi oxumaqlarıdır. Ekonun bu əsəri Aqata Kristi və Konan Doyl detektivizmi qədər ilgi çəkici olsa da, onlardan qat-qat zəngindir. Fəlsəfi romandır eyni zamanda, antik yunan fəlsəfəsi, məntiq,ritorika, teologiya ilə bağlı bir çox məlumatlar var kitabda. Roman orta əsr psixologiyasının mahiyyətini tam açıqlığı ilə ortaya çıxarır və bunun romandakı mübahisələr vasitəsilə həm nəzəriyyədə, həm də hadisələr vasitəsilə praktikada hansı forma aldığını göstərir.

- Əsərin indiki dövrdə aktual qalmağının əsas səbəbi nədir?

- Bir neçə səbəbi ola bilər, orta əsrlərə artan maraq, kilsənin yenidən onun keçmişini unudanlara bəzəkli xonçada təqdim olunması, duyğu və düşüncəmizin texnologiyadan geri qalaraq Orta əsrlər anlayışına yaxın olması. Maraqlı süjet xətti və yüksək ədəbiliyi. Dünyanın artan anti-humanizm meyilləri ilə yenidən orta əsrlərə dönməsi ehtimalı artdıqca əsər daha da aktuallaşacaq. Böyük bioloq Edvard Vilson, daş dövründən qalma duyğular, orta əsrlərdən qalma qurumlar və yüksək texnologiyamızla bir ulduz müharibələri dövrünün astanasında olduğumuzu deyir.

- Əsərdə artıq hesab elədiyiniz məqamlar var ?


- Mən heç bir artıqlıq, yoruculuq, lazımsız təsvir, ədəbi hoqqabazlıq hiss etmədim. Hər bir detal bir işarədir, şərhə açıqdır, bir bilgidir. Vilyamın və Adsonun monastıra gəlişini xatırlayın, rahiblər monastırın çıxışında təlaşla vurnuxurlar, yerdə izlər var və Vilyam doğru olaraq baş rahibin atını axtardıqlarını, atın yaxınlıqda olduğunu və adının Brunellus olduğunu deyir. Tanınmış teoloq Buridan ideal bir atı təsvir edir və adının Brunellus olmalı olduğunu yazır. Həm bu ədəbiyyatdan həm də rahiblərin dini mətnlərə kor-koranə bağlı olduğundan xəbərdar olan Vilyamın təxmini doğru çıxır - bir atın gözəl olduğunu düşünən rahib onun forması necə olursa olsun, o atı avtoritetlərin təsvir etdiyi kimi görər. “Yalnız təbiət kitabını deyil, rahiblərin müqəddəs kitabları necə oxuduqlarını və o kitablar vasitəsilə necə düşündüklərini də bilirdi”. İdeal at üçün ideal ad (Brunellus) tipik bir platonik formlar nəzəriyyəsinə sədaqətdir, işarələrdən bilgiyə getmək isə nominalizmdir. Kilsə platonçu, Vilyam nominalistdir. “Onun ümumi anlayışlardan böyük şübhə ilə, fərdi nəsnələrdən isə böyük bir hörmətlə danışdığına şahid olmuşdum”.

- Əsərin Azərbaycan ədəbiyyatında müqayisə olunacaq hansısa bir bənzəri varmı?

- Əsəri nəinki Azərbaycan ədəbiyyatında, dünya ədəbiyyatında heç bir əsərlə müqayisə etmək olmaz. Bir az şişirtmə olsa da, mənə görə Ekonun bu əsəri və dünya ədəbiyyatı bölgüsü daha uyğun səslənir. Çox istərdim ki, oxucularımız ədəbi tənqid anlayışını daha geniş götürsünlər, əsərlərdən aldıqları təəssüratla bərabər onlara analitik yanaşsınlar-hermenevtik oxusunlar. Əsər tənqidçini özü ilə aparmamalıdır, oxucu da əsərə təkcə emosional reaksiya verməməlidir. İstənilən əsərin sosial, psixoloji, tarixi, mədəni açarları var. Mixail Baxtinin “Rable və dünyası” əsərində açıqladığı kimi, “karnaval”-a sosial institut, qrotesk estetikaya zehin halı kimi baxmasaq, Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsəri bizim üçün nə ifadə edərdi ki?


Hazırladı:
Tural İsmayılov


Tarix: 21.12.2015

7628

Ən çox gülünənlər