Hippokrat sağlığı


Bir dəfə Bakı-Astara yolunun üstündə, Salyan rayonu ərazisindəki yolüstü kafelərin birində günorta bir qısmat pivə içmək üçün dayanası oldum. Kafenin həyətində arxa qapıları açıq və içəridə iki başıyaylıqlı qadının xəstə bir kişini qazan qapağı ilə yelpiklədiklərini, alnına yaş dəsmal qoyduqlarını, qarnını, kürəyini ovxaladıqlarını gördüm. Kişi qartalın caynağından çəmənliyə düşmüş toğlu kimi iç vururdu ambulansda. Kafeyə girəndə isə küncdəki stolların birində üzbəüz oturub, lüləkabab, qatıq, göy-göyərti ilə araq vuran həkim və sürücüylə qarşılaşdım. Həkimə yaxınlaşıb dedim ki, bu nə hörmətsizlikdir, xəstə orda can verir, siz isə burda sağlıq deyb araq içirsiniz? Həkim əlindəki qədəhi bir az da yuxarı qaldırıb cavabımı verdi:
- Qardaş, narahat olma, turp kimidir, ölən qurumsağa oxşamır, həm də biz elə bayaqdan burda onun sağlığına vururuq.

Vələmyesir


Tarix: 30.11.2015

10544