Azərbaycanda Silahlı Qüvvələr Günüdür


26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Ordumuzun yaranmasının 103 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilib ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

  Prezident 76 mindən çox hərbi qulluqçunu təltif edib


1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub.

2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirilib. Növbəti hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edilib. 2018-cü ildə isə Ordumuzun 100 illiyinə həsr olunan parad möhtəşəmliyi ilə yaddaşlarda qalıb.

2020-ci ilin dekabrın 10-da Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsinə həsr olunmuş Zəfər paradı keçirilib. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak edib. Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.

Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq edib. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilib.

Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunub. Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib.



Tarix: 26.06.2021

2894