İslam Həmrəyliyinin qayçısı: Ermənistandan cılız istifadə cəhdlərinə son qoyulmalıdır


Son vaxtlar Ermənistanın Yaxın Şərqin bəzi müsəlman ölkələrilə yaxınlaşmaq cəhdləri Paşinyan hökumətinin həm xarici, həm də daxili siyasətinin fiaskoya uğradığından xəbər verir. Paşinyan tam batmaqdan xilas olmaq üçün yapışacağı son saman çöpü kimi ərəb ölkələrini görür.

Türkiyə ilə Səudiyyə Ərəbistanı və Misir arasında hansısa regional məsələdə fikir ayrılığının yaranmasından həvəslənən Yerevan əslində ərəbləri dəstəklədiyini bəyan etməklə intriqanı böyütməyə və bu yolla özünə tərəfdaş tapmağa ümid edir. Təbii ki, Yerevanın bu cılız “diplomatik” sıçrayışları Yaxın Şərq ölkələri tərəfindən gülüşlə qarşılansa da, ərəblər hər halda, Ermənistandan öz məqsədləri üçün istifadə edirlər.
Sentyabr ayının ortalarında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Misirdə səfərdə olarkən bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşüb. O həmçinin, Misirin Əl-Əzhar Məsçidinin imamı və Ərəb Dövlətləri Liqasının baş katibi ilə də danışıqlar aparıb. Mnatsakanyan Qahirədə misirli həmkarıyla keçirdiyi brifinqdə qeyd edib ki, “Şərqi Aralıq dənizindən Yaxın Şərq və Şimali Afrikaya təhlükəsizliyə hədə çağırışları səslənir. Biz həmin çağırışları Cənubi Qafqazda da görürük. Onlar bir-birilə əlaqəlidir və eyni destabilizasiya mənbələri kimi xarakterizə olunur”. Aydındır ki, Ermənistan “təhlükə mənbəyi” kimi Türkiyəyə işarə vurur və Cənubi Qafqazada Türkiyənin mümkün müdaxiləsindən müdafiə üçün Misirdən dəstək umur.

Mnatsakanyanın bu səfərindən sonra Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbduləziz və onun varisi Məhəmməd bin Salman Ermənistanın müstəqilliyinin ildönümü munasibətilə bu ölkənin prezidenti Armen Sarkisyana təbrik məktubu ünvanlayıblar.
Ermənistanla heç bir diplomatik münasibəti olmayan Səudiyyə Ərəbistanı tərəfindən belə gözlənilməz addım ilk növbədə Ankara ilə Ər-Riyad münasibətlərində son illərdə müşahidə olunan sərinləşmə ilə bağlı olduğu sirr deyil. Bu sərinləşmənin əsas səbəbi 2017-ci ildə Qətərlə Səudiyyə Ərəbistanı arasında yaranmış böhranda Ankaranın birincinin tərəfini tutması ilə bağlıdır. Təbii ki, regional müstəvidə dövlətlər arasında müəyyən fikir ayrılıqlarının yaranması labüddür, ancaq bu fikir ayrılıqlarını fürsət bilib, Ermənistan kimi cılız dövlətin müqəddəs İslam dəyərlərinin çətiri altında birləşən dövlətlər arasında nifaq toxumu səpməklə özünə xal qazanmasına şəraitin yaradılmasına heç bir halda yol verilməməlidir.


Tarix: 23.09.2020

6391