Həmsədrlərin "yay yuxusu" və payız "oyanışı"


Bu həftə ATƏT-in Minsk qrupunun həmsədrləri necə oldusa, qəflət yuxusundan ayılıb, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə telefonla söhbət etdilər, sonra da bəyanat yaydılar.

Maraqlıdır: Belə zəhmət çəkməyə nə ehtiyac vardı? Sən demə, iyul ayında cəbhə xəttində vəziyyət gərginləşibmiş, həmsədrlər fikirləşiblər ki, nə edək, dərin düşüncələrdən sonra sentyabrın ortalarında qərar gəliblər, diqqəti Tovuz hadisələrinə yönəltmək lazımdır.

   


Yaxşı ki, bunlar tamada deyillər, yoxsa üçüncü övlad dünyaya gələndə bəyə oğullu-uşaqlı olmağı arzulayardılar. Görəsən, bu hesabla iyul hadisələrindən sonra baş verən hadisələrə həmsədrlər nə vaxt münasibət bildərəcəklər? Məsələn, Anna Akopyanın Qarabağda əlində avtomat ora-bura tullanmasına yəqin, dekabrda, Şuşaya Livandan erməni ailəsinin köçürülməsinə fevralda reaksiya verərlər. O vaxta qədər bəlkə həmin ailənin bir uşağı da oldu.

Belə vəziyyətdə ən gülməlisi odur ki, həmsədrlər xarici işlər nazirlərini yaxın həftələrdə “ilkin şərt olmadan mahiyyəti üzrə danışıqlara” dəvət edirlər. Artıq hər kəs bilir ki, danışqlar prosesi pozulub, amma həmsədrlər indiki düşüncə sürətilə yəqin, bunu haradasa 2021-ci ilin sonlarına doğru dərk edərlər.



Tarix: 16.09.2020

8560