Keşikçi dağlarımız, dağ keşikçilərimiz və onlara hücum çəkənlər - TƏHLİL


Keşikçidağda baş verən hadisə həm Azərbaycan sərhədçisi, həm də vətəndaşı üçün bir sınaq idi. Sərhədçimiz bu sınaqdan alnıaçıq çıxdı, vətəndaşlarımızın bir qismi isə təəssüf ki, yox. Niyə? Gəlin, baxaq.

Dövlətə olan kini və hikkəsi marazm həddinə çatmış bəzi insanlar dünəndən bəri bu cür fikirləri yaymağa çalışırlar: İnsident göstərdi ki, Azərbaycan sərhədçisi qorxaqdır, gözüqıpıqdır, atəş açmağa hünəri çatmır, çünki Azərbaycan dövləti onun arxasında dayanmayıb, bla-bla-bla... Belədirmi? 

Biz dəfələrlə şahidi olmuşuq ki, sərhədlərimizi müxtəlif istiqamətlərdən pozmağa çalışanlar necə zərərsizləşdiriliblər. Onların arasında silahlı təxribatçılar, sərhədçilərimizə atəş açan kriminal elementlər, narkomafiya şəbəkələrinə bağlı şəxslər, çox təhlükəli qaçaqmalçılar və digərləri də olub. Amma sərhədçilərimiz heç nədən çəkinmədən, qorxmadan yeri gələndə döyüşə girib, həyatı ilə risk edib, fəqət sərhədlərimizin toxunulmazlığını qoruyublar. Məsələn, martın 12-də Yardımlı tərəfdə sərhədi pozan 6 nəfər silahlı şəxsin qarşısının necə kəsilməsi yadınızdadırmı? İndi insafınız olsun, belə sərhədçiyə “qorxaq”, “gözüqıpıq” deməyə necə diliniz gəlir? Anlamaq bu qədərmi çətindir ki, Keşikçidağda baş verən insident sıradan bir sərhəd pozuntusu yox, əvvəlcədən hazırlanmış, düşünülmüş təxribat idi. 

Keşikçidağdakı hadisə zamanı ən asan və eyni zamanda, həm də ən yanlış davranış həmin pozucuları güllələmək olardı. Bunu etmək üçün heç bir ağıl, təmkin, peşəkarlıq tələb olunmurdu. Tətiyi çək, qoy gəbərsin - cəhənnəmə ki, sonrası nə olar-olar… Dövlət işin içindən necə çıxar-çıxar, mənə nə?! 

Siz təsəvvür edirsinizmi, əgər bir müsəlman ölkəsinin sərhədçisi xristian monastrına gedən silahsız dəstənin üzvünü güllələsə, dünyada necə bir həngamə qopardı? Elə bir siyasi-diplomatik qalmaqal yaşanardı ki, illərlə onun fəsadlarını yığıb-yığışdıra bilməzdik. Bütün qlobal media oturub-durub, yeri gəldi-gəlmədi, bu hadisəni xatırladacaq, ölkəmizin imicinə zərbə dalınca zərbə dəyəcəkdi. Dünyaya tolerantlıq, humanizm, multikulturalizm mesajları verən bir müsəlman ölkəsinin sərhədçisi xristian məbədinə gedən şəxsi öldürsə, indiyə qədər çəkilən bütün əziyyətlər hədər gedəcəkdi. Erməni şəbəkəsinin əlinə Azərbaycana qarşı mübarizə aparmaq üçün öldürücü bir ideoloji "kozır" veriləcək, onlar da əllərindən gələni edəcəkdilər ki, bütün xristian dünyasında bizə qarşı nifrət yaratsınlar. Və inanın ki, buna nail də olacaqdılar. 

Bəli, həmin an atəş açmaq son dərəcə asan idi, amma sərhədçimiz əsl peşəkarlıq, təmkin nümayiş etdirib, asanı yox, çətin olanı edib və dövlətimizi qlobal bir qalmaqaldan, dəhşətli siyasi-informasiya hücumlarından qurtarıb. Jurnalist kimi bunun nə demək olduğunu əla başa düşür və Sərhəd Xidmətinə, ayrıca olaraq, hövsələsini basıb, atəş açmayan həmin sərhədçi qardaşımıza xüsusi təşəkkürümü bildirirəm. 

Bu hadisə hamıya göstərdi ki, sərhədimizi qoruyanlar adekvat, təmkinli, ağlı başında, hazırlıqlı adamlardırlar. Onlar situasiyanı yerindəcə son dərəcə düzgün qiymətləndiriblər. Anlayıblar ki, bu, 99% ehtimalla əvvəlcədən hazırlanmış təxribat ssenarisi ola bilər. Məhz buna görə situasiyanı nəzarətdən çıxarda biləcək hətta ən xırda addımları da atmayıblar. Belə bir mənzərəni göz önünə gətirin: Sərhədçimiz havaya xəbərdarlıq atəşi açır, bu zaman təşviş, vurnuxma yaranır, aqressiya artır və dəstə sərhədçilərimizin üstünə cumur, kiminsə əsəbləri dözmür və real olaraq sərhəd pozucularına güllə atır... Bundan sonra nələrin olacağını bayaq təsvir etmişik. Dünyada heç kim məsələnin kökünə gedib, araşdırmayacaqdı ki, əslində nə, necə, niyə olub. Bütün dünya bir stereotiplə yanaşacaqdı məsələyə: Müsəlman ölkənin sərhədçisi dinc xristian zəvvarı gülələdi. Vəssalam. Di gəl, sonrakı 50 ildə bunun altından çıx, görüm, necə çıxırsan... 

Amma bundan da dəhşətlisi odur ki, dünəndən bəri sərhədi pozan gürcülər, onların qarşısını almayan gürcü sərhədçiləri, delimitasiya olunmamış zonada artıq neçə aydır ki, davam edən bu məbəd vakxanaliyasına qarşı tədbir görməyən Gürcüstan hökuməti qalıblar bir qıraqda, dövlətə qarşı kin və hikkə qusan bir dəstə Azərbaycan hakimiyyətini ittiham edir. Bu, elə bir dəhşətdir ki, ad qoymağa da çətinlik çəkirəm. Doğrudanmı, bu insanların heç bir milli vüqarı, dövlətçilik qüruru yoxdur? Doğrudanmı, sənin əsgərinə - sənin sərhədini, yəni dolayısı ilə elə səni, evini, övladını qoruyan birinə olan təcavüzə bu qədər vətəndaş qeyrətsizliyi ilə yanaşmaq olar? Sən demə, olurmuş... 

Əgər kimsə sənin sərhədçinə hücum edibsə, bu, hakimiyyətin daxili siyasətində razı qalmadığın məqamları qabartmaq üçün bəhanə ola bilərmi? Belə düşünmək üçün artıq nəinki hökumətə, nəinki dövlətə, hətta vətəndaşlıq hissinə, anlayışlara, hüquqa, dəyərlərə qarşı da müxalifətdə olmalısan. Bu insanların içlərini dolduran siyasi kin hər birini vətəndaş kimi məhv edib və onlar hazırda daxillərində öldürdükləri vətəndaşlıq ruhunun qəbri üstündə qoyulmuş yeriyən başdaşlarından savayı bir şey deyillər. 

Halbuki, dövlət özünü təmkinlə aparıb, təxibatlara getmədən ən düzgün olanı etdi: Gürcüstanın səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq, izahat istənildi. Bu, əlbəttə, görünən tərəfdir; görünməyən tərəfdə yəqin ki, müxtəlif rəsmi qurumların arasında təmaslar olub və olacaq, daha fərqli formadan izahatlar istənilib və istəniləcək, yəqin, bəzi məsələlərlə bağlı kifayət qədər sərt mövqe də ortaya qoyulub və qoyulacaq. Bunlar artıq dövlətin işidir və dövlət, şübhəsiz ki, öz işini görəcək. Biz isə öz vətəndaşlığımza görə məsuliyyət daşıyırıq və onun cavabını verməliyik. 

Vüsal Məmmədov 
Azvision.az 



Tarix: 16.07.2019

1632