Tarixin itkin düşən qadınları


Qadınların rolunu diqqətə çəkmək üçün edilən cəhdlər çox uğursuzdur. Dünyada öz bacarıqları və uğurları ilə bir növ, kişilər üzərində əzici üstünlüyə malik olan qadın simalar hər zaman olmuşdur. Axı niyə, ümumiyyətlə, qadına baxışları məişət dilemmasından izah etməyə çalışırıq? Uyğunsuzluq total şəkildə bizi girdabına alıb. 
Diqqət edin, tv-də xəbər verilir, qadın döyüldü. Qəzet yazır, qadın vəhşicəsinə öldürüldü. Xəbər portalları manşet çıxarır, qadın təcavüzə məruz qaldı. Qadının adı mənfiliklə assosiasiya olunur, sanki və şüuraltı olaraq bu məsələdə həssaslıq insana mənfi bir istiqamət verir. Uğurlu qadın simalarının timsalında mənfi yüklü qadın xəbərləri psixologiyamızda daha ağır iz buraxır. Pisxoloq Erix Fromm qadın məsələsinə həssaslığı cins ayırımı olmadan, insan üçün instinktiv hesab edirdi. Psixoanalizdə Freydin vurğuladığı nüans da məhz bu idi, insanın qeyri-şüuri dünyasında qadına dair izahsız refleksiyalar mövcuddur. Baxın, bir məhəllədə eyni gündə iki nəfər döyülür və ard-arda iki döyülmə xəbəri çıxsa da, bir qadın döyülməsi xəbəri çıxması sosial şəbəkədə daha çox müzakirəyə səbəb olur. Demək ki, əzilən insan problemi mövcuddur. Söz yox, qadının istismara məruz qalması, qadının şiddət görməsi və bir toplumda belə xəbərlərin çıxması onun üçün ayıbdır. Amma dünya nizamı heç vaxt əvvəlki kimi olmur. İndi qadınlar dünyada güclü missiyalara sahibdirlər, onlar rəhbər postlarda və siyasətdə, ədəbiyyat və incəsənətdə heç də kişilərdən geri qalmırlar. Avreli Avqustin istedadlı və istedadsız problemindən danışırdı. Dediyim odur ki, qadının zərif cins olması onun estetik mahiyyətindədir. Və bəşər insanının keçdiyi bütün dinamik tarixi inkişaf qanunauyğunluqlarında qadınlar bir addım kişilərdən öndə olubdur. Antropolji tədqiqatlar və arxeologiya danılmz bir həqiqəti bizim “üzümüzə çırpır”: ən qədim dövrlər ana xaqanlığı-matriarxat dövrü olmuşdu. İnsan şüurunun təkamülə yenicə başladığı illərdə qadınlar qəbilə quruluşunda başda dayanırdı və onlara əvəzolunmaz bir rol verilirdi. Baxmayaraq ki kişilər ova çıxır, qəbilə münasibətlərini tənzimləyirdi, amma qadınlar ayrı bir sayğı və sevgi ilə mükafatlandırılırdı. Beləliklə, qadınların həm estetik yükü, həm də ontoloji çəkisi kişilərlə bir idi və hətta gözəllik qadınla paralel izah olunduğundan, daha çox qiymətləndirilirdi. Qadını istədiyimiz kimi təqdim edirik və qadınlar da istədiyi kimi təqdim olunur. Heç kim elm və düşüncə tarixini istiqamətləndirən qadınlardan bəhs etmir, onlarla bağlı olan tarixi məlumatlara diqqətsiz bir münasibət göstərirlər. Qadın obrazı qətiyyən bu gün dünyanın təqdim etdiyi, informasiya texnologiyalarının formalaşdırdığı obraz deyil.

 



Tarix: 11.07.2019

1250