Kandidin 12 sualı - yeni layihə


Yeganə Cansail: “Elə bil, heç sevməyiblər, elə bil, heç öpüşməyiblər, elə bil, onları həqiqətən də leylək dimdiyində gətirib”.


Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq. İlk qadın müsahibimiz teleaparıcı, yazar Yeganə Cansaildir.

1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- Sevgi bütün zamanlarda birmənalı qarşılanmayıb. Halbuki bu hissi ədəbiyyatdan, filmlərdən bizə xeyirxah, dünyanı xilas edə biləcək xoş bir hiss kimi aşılayıblar. Sevgi həqiqətən də bütün çirkablardan xilas yoludur. Amma təəssüf ki, insanlar bəzən sevgini susdurub nifrəti danışdırırlar. Əgər xatırlayırsınızsa, bu yaxında Bakıda bir oğlan sevdiyi xanımı evə ötürəndə bıçaqlayıb öldürmüşdü. Baxmayaraq ki, “qeyrət”, “namus” adı altında belə onlarca hadisələr dünyanın hər yerində baş verir. Amma bunların sevgiylə heç bir əlaqəsi yoxdu. Həmişə bir məqam gözümdən qaçmır, bəzi adamlar özlərini elə aparır ki, elə bil heç sevməyiblər, elə bil heç öpüşməyiblər, elə bil onları həqiqətən də leylək dimdiyində gətirib. Sevin, nə qədər ki, ömrünüz var, sevin! Sevginizi də gizlətməyin. Cəsarət tapıb dilə gətirin. Nə olsun ki, rədd edilmə ehtimalı var! Bu ehtimal sizin sevginizin yanında bir heçdir! Qaldı ki, mənə... sevirəmmi? Bu sual artıq illərdir mənim özümə də maraqlıdır, amma cavabı olsa..

2. Sevgi öldürməyə qadirdir?

- Sevgi öldürməyə qadir deyil. Sevgi o zaman buna qadir olur ki, o artıq sevgidən çıxıb bir başqa hissə keçir. Sevən və sevilən adam dünyanı gül-çiçək görür, xoşbəxtdir. O necə qatilə çevrilə bilər ki? Amma cavabsız sevgilər, qısqanclıqlar və s.hisslər sevgiyə sonda elə təsir edir ki...necə deyərlər, mələk çevrilib olur şeytan!

3. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Hər kəsin öz aləmində qurduğu azadlıq məfhumu var. Kimi gecədən səhərə qədər klublarda əylənməyə, kimi də heç kəsdən asılı olmamağa azadlıq deyir. Mənim aləmimdə azadlığa zərurət yoxdur. O zatən mənim həyatımdır. Və mən həyatımı elə qurmuşam ki, ətrafımda, ailəmdə olan hər kəs mənim düşüncələrimə, qərarlarıma, işlərimə hörmətlə yanaşır və dəstəkdir. Mən nə istəyirəm, onu da edirəm kimi bir fikirə də gülüşlə yanaşıram. Adətən, çoxları azadlığı göstəri kimi anlayır. Küçənin ortasında söyüş söymək, qışqırmaq, diqqəti özünə cəlb etməkçün başqa yollara əl atmaq mənə görə “azadam”dan daha çox “mən ətrafımda olan hər kəsə etiraz edirəm, nifrət edirəm” deməkdir. Azadlıqsa etiraz, nifrət yox, rahatlıq və hüzurdur. Əgər mənə qısa ətək və topik geyinmək rahatdırsa, mən onu geyinəcəyəm. Amma bunu sırf cəmiyyətə etiraz üçün edənlər bu gün daha çoxdur.

4. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- Mənə görə belə deyil. Bu dünyada bizə məchul olan o qədər qaranlıq sirrlər var ki... həm mən bu dünyadan çox razıyam. Tanrı kimdirsə, çox mükəmməl oyun düşünüb və biz istəsək də, istəməsək də bu oyunun iştirakçılarıyıq. Bir vaxtlar üsyançı, bu oyuna etiraz edən biriydimsə, indi əksinə zövq alan tərəfəm.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə
Dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- İlham Tumas bu suala çox gözəl cavab verib: “yeni dünya bu qoca və fahişə dünyanın içindədir”. Mənsə belə deyərdim, bütün yeni dünyalara qapı bizim beynimizdən açılır.


6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan
bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?

- Nə yazıq ki, biz insanların sözdə, fikirdə dediklərimizlə əməllərimiz üst-üstə düşmür. Dünyada hər şey bərabər ola bilər, amma biz bunu istəyirikmi və belə olarsa, həyat nə dərəcədə maraqlı olardı?


7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Bu çox pessimist sualdır. Madam ki, az öncə qeyd etdiyim oyundayam, nədən mən bu yarışı itirim? Axı mən bu yaşamı əldə etmək üçün 26 il öncə ilk olaraq yüzlərlə sperm yarışmasında qazanmışam. Və bu oyuna qatılmaq üçün anamın bətnində bərk-bərk 9 ay gözləmişəm. Bəli, bu yeganə və ən acı həqiqətdir ki, bir gün bu yük torpağa qismət olacaq. Amma mən oyunun sonuna kimi dayanıb bu acı həqiqətin nə zaman gələcəyini gözləmək istəmirəm. Axı dedim, o mükəmməl Tanrı bizim oyunumuzdan zövq alır, mən də ona rolumu daha mükəmməl göstərmək istəyirəm. Hazırda Tanrı mənim tamaşaçımdır. Mənim ona dünya adlı bu səhnədə maraqsız, sıxıcı oyun göstərməyə haqqım yoxdur.


8. Bir-birindən ayrı din ola bilərmi?

- Əlbəttə ki yox. Əgər Allah birdirsə, dinlər niyə vahid deyil? Adətən dinlə bağlı fikirlərim ətrafımda mənə qarşı daima nifrət yaradır. Bu mövzudan kifayət qədər yorulduğum üçün suala cavab verməyəcəyəm.

9. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə dayanır?

- Maddi və xüsusilə də mənəvi yamanlıqlar daima məni izləyiblər. Bilmirəm, adətən biz başqası haqqında danışanda hakim, özümüz haqda danışanda isə vəkil oluruq. Bəlkə də kiməsə etdiyi yamanlıqların qarşılığında mən də pislik etmişəm. Amma bu yəqin ki, az olub. Çünki belə hallarda vicdanım məhkəmə qurub və məni məğlub edib.
.

10. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik
axtarmağın adı və dadı nədir?

-Hə, belə adamlar çoxdur. Hər şeyə mız qoymaq adətləridir. Amma əsas olan sənin dünyandır, sənin baxışındır. Başqalarının fikiri mənim üçün heç vaxt əhəmiyyətli olmayıb. Belə adamlar da uğursuz, istedadsız varlıqlardan başqa bir şey deyillər.

11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri
oxuyanda çox maraqsız olur?

- Görünür, baxanda həm də düşünə bilirsən. Oxuyanda isə real görmürsən, elə düşündüklərinin çərçivəsində qalırsan.

12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

-Əlbəttə ki, dünya yaranandan, insan var olandan bu xüsusiyyət onunla bərabər olub. Axı bunlarsız oyun maraqsız olardı. Nə yaxşı ki, ətrafımızda ikiüzlü, yalançı, qorxaq adamlar var.

“Kirpi”nin tikanı:

- Yeganə Cansailin sərhədləri harda bitir?
-Mənim sərhədlərim imkanlarımın çərçivəsində bitir. Amma bu sərhədlər də müxtəlifdir: arzular, xəyallar, azadlıq, məqsədlər və s.


Hazırladı Tural İsmayılov


Tarix: 09.10.2015

6953