Qadınlarla dost, kişilərlə sevgili olan Moem



Fahişəni qadın etmək istəyi

Kəşfiyyatçı, biseksual və ən nəhayət, əsl centilmen – ingilis ədəbiyyatının görkəmli nümayəndəsi Uilyam Somerset Moem. Ən böyük britaniyalı Uinston Çörçill, fantastik romanlarıyla tanınan Herbert Uells və Noel Kauardom onun ən yaxın dostları idi. Onun şəxsi həyatı, daha doğrusu, biseksual olmasını isə yazıçının köhnə dostu Biverli Nikole belə təsvir edirdi: “Moem “təmiz” homoseksual deyildi. Təbii ki, onun qadınlarla da münasibəti vardı. Lakin qadına xas olan əlamətləri onda hiss etmək mümkün olmazdı”.

16 yaşlı Meomin ilk “sevgi”si oxuduğu Heydelberq Universitetində olub. Onun rəfiqi Kembric Universitetinin məzunu, yaraşıqlı və zəngin ailənin nümayəndəsi 26 yaşlı Ellinqem Bruks idi. Londona qayıdandan sonra Moem cinsi azlıqlarla münasibət qurmağı dayandırır. Çünki o zaman Londonda homoseksuallıq cinayət hesab edilirdi. Hətta yazıçı Oskar Uayld homoseksual olduğuna görə, iki il azadlıqdan məhrum edilmişdi.






Məhz bu qadağalara görə yazıçı tibb universitetində təhsil aldığı zaman qadınlarla münasibət qurmağa başlayır. Bundan sonra onun həyatında müvəqqəti qadınların sayı çoxalır. Siyahıda məşhur qadınların da adı var. 29 yaşında yazıçı “Azad Qadın” jurnalının sahibi 40 yaşlı feminist Uaylt Xantla sevgi yaşayır. Sonra isə Moem rusiyalı anarxist, fikirlərinə görə Avropada mühacirətdə yaşayan Petr Kropotkinin qızı Saşa ilə münasibət yaradır. Bu münasibətin sonu da yataq otağında bitir.
Bütün hallarda yazıçının həyatında iki qadın daha vacib rol oynayıb. Onlardan birini sevsə də, yazıçı digəri ilə evləndi. Birinci Syu Counz adı ilə məşhur olan Etelvin Counz olub. Meom hər zaman onu Rouzi adlandırırdı. Hansi ki, bu ad sonradan “Piroq və Pivə” əsərinin personajına çevirilir. Meom onunla tanış olduğu zaman artıq Rouz evlilik həyatı yaşamış bir qız anası idi. O, Syunu belə xatırlayır:

“Mən onunla evlənmək istəmirdim. Bilirdim ki, bütün tanıdığım dostlarım Rouzla eyni yatağı bölüşüblər. O, fahişə qadın kimi tanınsa da, bu, belə deyil. Günahkar deyildi o. Nə edək ki, bu qadının düşüncəsinə görə, hər hansı bir kişi ilə nahar etdikdən sonra günün sonunu onun yataq otağında keçirmək lazım idi”.

Bir müddət sonra Syu teatrla qastorla getdiyi zaman yazıçı ona evlilik təklif etməyi qərara alır. Belə də edir. Lakin aldığı cavab onu şoka salır. Syu Moemə “yox” deyir. Sonradan məlum olur ki, Syu artıq Entrim qrafının oğlundan hamilədir. Tezliklə onlar ailə qurur.

Onun evləndiyi xanım isə kübar təbəqədən olan, kimsəsiz uşaqlar üçün evlər tikən milyonçunun qızı Sayri Barnardo Vellkam idi. 22 yaşında Sayri dərman maqnatı Henri Vellkamla evlənsə də izdivac uzun sürmür. Evli qadın Londonda univermaqlar şəbəkəsinin rəhbəri Qordon Selfrinclə gizli sevgi yaşayır. Bundan xəbər tutan Henri əmlakın bölünməsi ilə bağlı məhkəmə qarşısında iddia qaldırır və Sayriyə bu sənədi imzalatdırır. Qadının Moemlə isə ilk tanışlığı 1911-ci ilə təsadüf edir. Bir-birindən xoşlanan cütlük arasında münasibətlər getdikcə böyüyür. Sonda isə evliliklə bitir. İzdivacdan Meomin bir qızı - Elizabet dünyaya gəlir. Lakin bu sevgi macərası da uzun çəkmir. Soyuq münasibətlərin sonu məhkəmədə boşanma ilə bitir.

Pəltək kəşfiyyatçı, biseksual yazıçı

Uilyam Somerset Moem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirdi deyə valideynləri Uilyamın doğum gününü səfirliyin ərazisində qeyd edirdilər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir.
Moem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. Erkən yaşlarında valideynlərini itirən yazıçı Kent qraflığında yaşayan qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Uilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün sonuna kimi onu müşaiyət edir. Beləliklə, Moem əmisi Henri Moemin evində tərbiyə alır.

İlk romanı “Lambetli Liza” 1897-ci ildə ərsəyə gəlir. Lakin ona şöhrəti “Ledi Frederik” romanı gətirir. Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edən Moem kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moem bu barədə “Eşenden, yaxud Britaniya agenti” (Ashenden, or the British Agent, 1928) kitabını yazır.
Moem kəşfiyyatçılıq fəaliyyəti haqqında “Tüksüz Meksikalı” adlı novellasında da işarə edir. O, pyeslərinin tamaşaya qoyulması sayəsində maddi durumunu xeyli düzəldir. “Sadiq arvad”, “Ledi Frederik” komediyaları ona böyük şöhrət gətirir.
1919-cu ildə Moemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır. Birinci Dünya müharibəsi zamanı Moem ömrünün sonuna qədər onunla birgə davam edən “sevgi”sini tapır. Bu şəxs İngiltərədə böyümüş, əslən amerikalı olan Cerald Xekston idi.





Aralarında 18 yaş fərq olmasına baxmayaraq onların müansibəti “ciddi”ləşməyə doğru gedir. Bir gün yazıçı Xekstona “həyatdan nə istəyirsən?” sualını verir. Cavab isə qısa olur: “Daha çox həzz istəyirəm. Lakin mənə maddi köməklik edən şəxs yoxdur. Mənə bu cəhətdən köməklik edən və ehtiyaclarımı ödəyən lazımdır”. Bu qısa dialoqun sonu yataq otağında bitir və yazıçı ona lazımı köməklik edəcəyinə söz verir. Belə də olur. Onların “sevgi”si Xekstonun ömrünün sonuna kimi davam edir. Xekstonun yazıçı ilə tanış etdiyi şəxslər sonradan Moemin qələmindən vərəqlərə köçürülürdü. Bu “sevgi” Xekstonun son nəfəsinə qədər davam edir. Çünki yazıçının “sevgi”lisi içki düşkünü idi. Bu aslılıq da onun axırına çıxır.
Bu ayrılıqdan sonra Moem 17 yaşlı Deyvid Poznerlə “roman” yaşayır. Lakin bu “izdivac”da onun həyatına rəng qatmır. Və o, Alan Sirlini övladlığa götürür. Bunun əvəzində isə yazıçı qızını öz mirasından məhrum edir. Lakin Elizabet məhkəmə vasitəsi ilə atasının iddiasını ləğv etdirir.

Ömrünün sonunda Moem oğlunun əlini tutaraq bunları deyir: “Sənin əlini sıxaraq mənə görə etdiyin hər şeyə görə təşəkkür etmək istəyirəm”.
Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat edir. Fransız qanunlarına görə, meyit yarılmalı idi. Buna görə də onun cəsədini bir gün sonra evinə - fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Növbəti gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki kitabxana divarına hörülür.


Tarix: 08.10.2015

2509