Ara, hara gedirsən, ara?


İndi Ermənistanın gələcəyindən danşanda ortaya ciddi bir sual çıxır. Əvvəlki hakimiyyət – yəni Sarqsyan iqtidarı,- pərdələnmiş diktatura idi. İndi isə ortada keçid mərhələsi qismində açıq-aşkar oxlokratiya var. Bəs bu oxlokratiyadan hara keçid olacaq?

Hazırda görünən meyl budur ki, Paşinyan bütün yollarla özünün təkhakimiyyətliyini möhkəmləndirməyə çalışır. Atdığı bütün addımlar tam özünün nəzarətində olan parlament və hökumət formalaşdırmaq məqsədi daşıyır. Əgər bu, baş tutsa, daha sonra qanunlara yenidən əl gəzdirmək və Nikol Vovayeviçin şəriksiz hakimiyyətini möhkəmləndirmək mərhələsi gələcək. Təbii, bunu ölkə xaricindəki güclərlə də razılaşdırmaq şərtilə. Bu halda salam, saqqallı diktatura... Hər şeydən belə görünür ki, hazırda Ermənistan iki diktaturanın arasındakı oxlokratiya mərhələsini yaşayır. Hələ ki kütlə meydandadır, mitinq keçirir, iradəsini diqtə edir, ölkənin idarəçiliyində iştirak edir, bundan vəcdə gəlir... Amma bu mərhələ uzun sürməyəcək. Kütlə Paşinyana ancaq o, öz şəxsi hakimiyyətini möhkəmləndirənə qədər lazımdır. Tarixdən minlərlə misal gətirmək olar ki, kütlənin inqilab yolu ilə iqtidara gətirdiyi şəxs hakimiyyəti öz əlində cəmləşdirəndən sonra daha amansız diktatora çevrilib. Çox tezliklə Ermənistanın hesabına belə misallardan biri də artacaq.



Tarix: 08.10.2018

1670