Baş küçənin naziri


Bu həftə Yerevanda baş verən hadisələr göstərdi ki, hamının tez-tez dediyi “Ermənistanın yeni baş naziri küçədən çıxıb” ifadəsi düzgün fikir deyil. Çünki Paşinyan hələ küçədən çıxıb qurtarmayıb. Ayağının biri hökumət evində olsa belə, digəri hələ də küçədədir. Və üzləşdiyi bütün məsələləri həm də bu səbəbdən küçədə həll etməyə çalışır.

Ona görə də, bu həftə Yerevanın və Ermənistanın digər şəhərlərinin küçələrində əsl siyasi fars yaşanırdı. Dörd ay əvvəl deputat Paşinyanın çağırışı ilə baş nazirə qarşı mitinqə çıxan insanlar bu dəfə baş nazir Paşinyanın çağırışı ilə deputatlara qarşı aksiya keçiridilər. Baş nazir parlamentdəki proseslərə qanuni yollarla təsir edə bilmədiyi üçün, küçəni əlində dəyənəyə çevirib, deputatların başına vurur. Onun elə meydandaca dəyişikliyə səs verən nazirləri, qubernatorları işdən çıxardığını elan etməsi göstərirdi ki, Paşinyan kütləyə “inqilab davam edir” mesajını verməyə çalışır və özünün hələ də baş nazir yox, inqilab lideri olduğunu nümayiş etdirir. Parlamentin qanuna etdiyi dəyişikliyi “əksinqilabi” adlandırması da məhz bu məqsədə xidmət edirdi. Yəni “ay ermənilər, inqilab hələ də bitməyib. Ona görə də küçədə olun, dözün, möhkəm durun...”



Tarix: 06.10.2018

1862