Fransız ədəbiyyatının “ədəbi zənci”si


.
Pul üçün satılan Balzak

Realist sənətin, dünya mədəniyyətinin ən mütərəqqi ənənələrinin varisi olan sosialist bədii fikrinin inkişafında mühim rolu olan dünya şöhrətli, məşhur fransız yazıçısı Onore de Balzakın uşaqlıq illəri çox dözülməz olub. O, ana sevgisindən, ata qayğısından məhrum şəraitdə böyüyüb. Dünyaya göz açan kimi anası Balzakı böyütməyi özünə, sanki, şərəfsiz bir peşə hesab edib. Onun tərbiyəsi ilə süd anası məşğul olub, dörd yaşı olanda isə Onoreni pansionata yollayıblar. Ümumiyyətlə, valideynləri Balzakı həftə ərzində bircə dəfə görürdü - yalnız 30 dəqiqə. Hətta bir dəfə Balzak ata-anasını görən zaman onları tanımır və süd anasına “yad adamlar gəlib” deyə qışqıraraq otağına qaçıb. Ayaqları bərkiyən kimi valideynləri onu dərhal Vnadom kollecinə qoyur. Təki gözdən uzaq olsun. Ailə sevgisindən uzaq həyat sürən Balzakın uşaqlığı kollecdə davam edir.

14 yaşında Onore ağır əsəb xəstəliyi keçirir və bu səbəbdən valideynləri onu evə qaytarmağa məcbur olur. Bir ildən sonra Balzaklar ailəsi Parisə köçür və Onoreni yenidən pansionata yerləşdirirlər. On səkkiz yaşına qədər Balzak internat və kolleclərdə oxumalı və yaşamalı olur. Hətta yazıçı bir dəfə şöhrət qazanandan sonra valideynləri barədə bunları deyib: “Mənim heç zaman anam olmayıb”.
İllər keçir. Ailəsindən uzaq olan yazıçı təhsilini bitirdikdən sonra evə qayıdır. Lakin bu zamanda yazıçı evində “ailə”sözünün doğurduğu hisslərin heç birini görmür. Dərhal valideynləri onu notariusa işə düzəldirlər. Ancaq bu iş onun ürəyincə deyildi. Yazmaq, düşüncəsindəki ifadələri kağıza köçürmək hissi onu rahat buraxmırdı. Niyyətini valideynlərinə açıqlayan Balzak təbii ki, etirazla qarşılanır. Yalvarışlardan sonra Balzak istəyinə nail olur. Lakin bir şərtlə: “İki il yazıçılıq həyatı davam edəcək. Əgər məşhurlaşmasa yenidən öncəki işinə qayıdıb pul qazanmalıdır”.

Yazıçı şərtlə razılaşır. Özünə otaq tutur. Evi tamam dəyişir. İstəyinə uyğun mebellər yığır. Lakin bircə problem vardı. Nə yazacaq? Nədən başlayacaq?. Odur ki, yazıçı bütün bu sualların qarşısında aciz qalır. Amma vaxt gedirdi və evə pul göndərmək lazım idi. Çünki valideynləri Balzaka potensial pul qazanan maşın kimi baxırdılar. Hətta bir dəfə Balzak gənc yaşlarında Oliver Kromvell haqqında bir əsər yazır. Anası isə bu əsəri bir universitet müəlliminə oxuyub qiymətləndirməsi üçün verir. Professor isə Balzakın anasına oğluna ədəbiyyatdan kənarda iş qurmağı məsləhət bilib. Bax bundan sonra yazıçının pul qazanmaq məsələsi daha qabarır. Bunu düşünən Balzak “ədəbi neqr” həyatı yaşamağa məcbur olur. Vəzifəli şəxslərin çıxışlarını, məktublarını pul müqabilində yazır. Vaxt keçdikdən sonra bütün maddi çətinliklərə baxmayaraq, yazıçı bu əməllərindən əl çəkərək əziyyətinin hədər getməməsini qarşısına məqsəd qoyur.



Balzak 1820-ci ildə Paris Hüquq Məktəbini bitirərərək əmək fəaliyyətinə jurnalistika sahəsində başlayır. Altı il sonra Emil de Jirarden və İ.Oje ilə birlikdə incəsənətə dair yeni ədəbiyyatın və kitabların icmalını nəşr edən mətbu orqan yaradır. Balzak 1835-ci ildə “Cronicl de Pari” qəzetinin direktoru və baş redaktoru kimi fəaliyyətə başlayanda dövrünün görkəmli yazıçı və jurnalistlərini əməkdaşlığa cəlb etdi. Viktor Hüqo və Teofil Qotye də onların arasında idilər. Lakin “Cronicl de Pari” maliyyə çətinlikləri ilə üzləşirdi və bir il sonra nəşrini dayandırdı.
Napoleonun davamçısı
Onun yaradıcılıq illəri Napoleonun hakimiyyəti, mütləqiyyət üsuli-idarəsinin bərpası və yenidən devrilməsi,1830-cu il iyul inqilabı ilə əlaqədar hadisələrin, ictimai-siyasi çaxnaşmaların zamanına düşüb. Məhz bu hadislərin şahidi olduğu üçün Balzakın ədəbi-estetik görüşləri möhtəşəm formada inkişaf edir.
Onun gənc yaşlarından məqsədi ədəbiyyatın Napoleonu olmaq idi. O, Napoleonun xırda heykəlinin özülünə bu sözləri həkk etmişdi : “Onun qılıncla başladığını mən qələmlə tamamlayacağam”. Balzaka görə, sənətkar ömrünü ölkə rəhbərlərini, dünyanın güclərini tərifləməklə zay etməməlidir, o bilməlidir ki, adi məqam sahibləri qısa bir dövrün, əsl sənətkarlar isə əsrlərin hakimidirlər. Balzak öz əsərlərində fransız cəmiyyətinin özülünü açıq formada ortaya qoyub. Məhz buna görə, onun əsərlərində uydurulmuş faktlar deyil, ətrafda baş verən hadisələr, insan qəlbinin, ictimai münasibətlərin tarixi canlandırılıb. Kofe düşkünü olan Balzak gəzdiyi bütün ictimai yerlərdə baş verən hadisələri beyninə həkk edib vərəqlərə köçürürdü.
Bütün bunlar sənətkarın bütün ömrünü həsr etdiyi 97 novelladan, povestdən və romandan ibarət ölməz epopeyası- “Bəşəri Məzhəkə”də öz əksini tapıb. Əsərlərində yazıçı bütün təbəqələrin güzgüdə düşən əksi qədər real formada kitaba köçürürdü. Balzakın yaratdığı və “Bəşəri Məzhəkə”yə daxil etdiyi əsərlərdə burjua cəmiyyətinin əxlaqının ifşası əsas yer tutur. Sələmçi Qobsek (“Qobsek”) mənəvi eybəcərliyin,sərvətə əsaslanan hakimiyyətin törətdiyi rəzalətlərin mənbəyidir.
Bundan başqa “Qorio ata” əsərində isə yazıçı yoxsul tələbələrin, katorqaçıların, müflisləşmiş burjuaların, pozğun və amansız kübar qadınların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə “ictimai mühərrik”in doğurduğu münasibətləri, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu qüdrətlə əks etdirib. O, iyirmi illik karyerasında 97 əsər yazıb ki, bu da təxminən on bir min səhifə edir.

Yoxsulluğu ilə oğrunu utandıran aristokrat

Atası kimi özünü nə qədər aristokrat adladırsa da Balzak “çarıxlı milyonçu” olub. De Balzak yazıçının əsl soyadı deyildi. Onun kəndli ailəsində doğulan atası Balsa Bernar Fransua sonralar Tur şəhərində bələdiyyə rəisinin köməkçisi işləyəndə, yəni məmur olanda öz soyadını plebeysayağı hesab edərək dəyişdirib.
Aristokrat ruhunu özünə yaşatmaq üçün yazıçı əsl adı Onore Balsanı dəyişdirərək Onore de Balzak edib. Mebelsiz bir evdə yaşayan Onore de Balzak depressiyaya düşməmək üçün boş divarlara orada görmək istədiyi əşyaların adını yazırdı. Divarlarda “taxta şkaf”, “Venesiya güzgüsü”, “divar xalçası”, hətta xəyali “Rafael Santi əsəri”nə də rast gəlmək mümkün idi.
Hətta bir gün Balzakın bu uçuq evinə oğru girir. Sakitcə gəzən oğru Balzakın yazı stolunun çəkməcəsini açır. Bu zaman yazıçı yuxudan oyanıb və gülərək: “Günün günortaçağı sahibinin bir zibil tapmadığı çəkməcədə birinin gecənin qaranlığında pul tapmaq ümidinə heyranam!”.

Hər bir yazıçının qələminin itiliynə stmul verən bir amil olur. Balzakın isə məhsuldarlığının sirri qəhvədə idi. Günün 15 saatı o, 50 stəkan bişmiş tünd qəhvə içirdi. Qaynatmağa vaxt olmayanda qəhvə toxumlarını ağzına atıb çeynəyirmiş də. Qəhvəni həyatının əvəzolunmaz güc mənbəyi hesab edən yazıçının ölümünə də məhz bu asılılığı səbəb olub. Mədəsindəki ağrılar, yüksək qan təzyiqi və ürək genişlənməsinə görə yazıçı heç 50 yaşına qədər yaşamayıb. Balzakın içdiyi təkcə qəhvə deyildi. O, həm də keyfiyyətli çayın düşkünü idi. Rus dövlət adamlarından biri ona çar üçün hazırlanmış əfsanəvi çaylardan göndərib. Deyilənə görə, bu çayı içən adam kor ola bilərdi. Balzak əfsanələrə inanmayıb çaydan bol-bol içir, dostlarını da qonaq edir. Dostları da onun kimi: “Nəyə desən dəyər bu çay”,- deyib bəh-bəhlə içirlər.

18 illik məktublaşmanın gətirdiyi ölüm



Balzak 160 santimetr boyu, iki cılız ayaq üstündə iri bədəni, doymaq bilməyən mədəsi, qeyri-adi geyimi və kobud davranışları ilə məşhur idi. Çox zaman Balzak səliqəsiz, çirkli paltarda olurdu. Üstəlik, yemək boyu da dayanmadan danışırdı. Onun ürəyinə yol mədəsindən keçirdi. Ətrafında elə də gözəl qızlar olmazdı. Sevgi həyatı kasad idi. Balzak ortaboy, gödəkayaqlı, tösmərək görkəmə malik idi. Məclislərdə gənc xanımlara yanaşmağa çəkinərdi, gülməli görünəcəyindən qorxardı. Bəlkə də, buna görə onu gənc xanımlar cəlb etmirdi.
Lakin bir nüans var ki, bu, tarixin səhifələrinə düşüb. 1832-ci ilin 23 fevralında Balzaka Odessadan kiçik bir məktub gəlir. Məktubun üzərində əks ünvan göstərilməmişdi. Bu gizlilik onun diqqətini cəlb edir. Məktubun sonunda isə qısaca olaraq: “Yadelli xanım” qeyd edilmişdi. Bir müddət keçir naməlum xanım yeni bir məktub yazır və özünü Evelina Qanskaya kimi təqdim edir. Gizli yazışmanın vasitəçisi Qanskların qızı Evelinanın tərbiyəçisi Anrietta Borel idi. Məhz o, Evelinanı fransız yazıçısına məktub yazmağa məcbur etmişdi.
Evelinanın əri Ventseslav Qanski ondan düz iyirmi iki yaş böyük idi. Təbii ki, o, Evelina üçün heç bir maraq kəsb etmirdi…

Maraqlı olan odur ki, bu yazışma nə az, nə çox, düz 18 il davam edir. Evelina Qanskaya (qız soyadı Rjevuskaya) Rusiyada yaşayan polyak zadəgan qadını idi. Məktublaşma 1843-ci ilədək davam edəndən sonra Evelina və Balzak nəhayət ki, görüşmək qərarına gəlir. Onlar 1843-cü ildə Rusiyanin Peterburq şəhərində görüşür. Məktubarında yaşını 27 qeyd etsə də, əslində, Evelinanın 32 yaşı vardı.
Bundan sonra 4-5 il bir-birinə olan istəklərini yenə də məktub vasitəsilə bildirirlər. Yazıçı ilə zadəgan qadının görüşü bir də 1847 və 1848-ci ildə Ukraynada baş tutur. Bu görüşlərdən sonra yenə də onlar bir neçə il məktublaşmağa davam edir və nəhayət, 1850-ci ildə Balzak və Evelina evlənmək qərarına gəlirlər. Toy 1850-ci il 14 mart səhər saat 7-də Müqəddəs Varvarada baş tutur. Heç kəs toya dəvətli olmur. Aristokrat düşüncə sahibi olan yazıçı nikahının qraf Çaruskkiyinin aparmasını özünə utanc hesab edirdi. Beş aydan sonra yazıçı öz yatağında ölü tapılır.

Yazıçının ölüm anları da acınacaqlı olub. Belə ki, bəziləri hesab edir ki, ölüm ayağında olan zaman yazıçının yeni həyat yoldaşı qonşu otaqda rəssam Jan Jiqun ağuşunda imiş.


Tarix: 29.09.2015

2357