Ağır peşə


Deyirəm, bu istidə əcəli gəlmişlər də bayıra çıxa bilmir, gör indi, anası ölmüş Əzrayıl əlində dəhrə, o kapşonlu plaş da əynində necə zülümlə irəli-geri yüyürür?

Bunun doğuş zamanı öləni var, əri tərəfindən başı kəsiləni var, qız üstə bıçaqlanıb keçinəni var! Bir də görürsən, məmur oğlu uçağı qarşılamağa tələsərkən yolda bir fağır maşının dalınnan dəydi. Maşın aşdı. Gəla sənə, üç meyid! Sonra eşidirsən ki, Sumqayıt yolunda  KAMaz sürücüsünün ehtiyatsızlığı ucundan çanaq qalxdı, bir maşın kubik töküldü arxadan gələn maşının təpəsə. Yazıq Əzrayıl! Di gəl, Sabunçudan təcili uç Sumqayıt yoluna. Çətin sənətdi!



Tarix: 14.07.2018

1777