Günün hədiyyəsi


"14 fevral"ı Bakıdan kənarda çox seyrək qeyd edirlər, kəndlərdə, ümumiyyətlə, Valentin-malentin söhbəti yoxdu; arvad nədi, bayram nədi? Arvadınkı vaxtı-vaxtında doğub-böyütmək, qazan qaynatmaq, inək sağmaq, əsgi-üsgü yumaqdır. Kənd yerində arvad hansı gün əzişdirilmirsə, onun üçün həmin gün "14 fevraldı", hələ desən, bəlkə də “Yeni il”dir, Novruz bayramıdır. Bir də gördün, kişinin başı ota, dəryaza qarışdı, arvad yaddan çıxdı, üç gün kötəkləyən olmadı. Bu, o deməkdir ki, həmin küflətdə üç gün "14 fevral" qeyd olunub, yəni bu baxımdan kənd yerlərinin də öz üstünlükləri var.

Hərdən olur ki, evin kişisi on-on beş gün gəlib Qaradağın daş karxanalarında fəhləlik edir, deməli, həmin evdə on-on beş gün "14 fevral" olacaq, lap təqvimdə iyulun 29-u olsa da. Elə buna görə də kənd yerlərində ailələr daha möhkəmdir, daha sədaqətlidir. On beş gün "14 fevral" bayramını qeyd eləyən qadın da ərini atarmı heç?



Tarix: 14.02.2018

1600