Kirpi.info 2 yaşında


Əziz dostlar! Bu gün Milli Mətbuat günüdü. Bu bayram münasibətilə gerçək qələm əhlini təbrik edirəm. Bu gün həm də Azərbaycanın ilk elektron karikatura jurnalı Kirpi.info-nun 2 yaşı tamam olur. Dəyərli həmkarımız, AzVision.az saytlar qrupunun rəhbəri Vüsal Məmmədovun təşkilatçılığı ilə yaradılmış Kirpi.info-nun ilk redaktoru hazırda Türkiyədə yaşayan tanınmış şairimiz Aqşin Yeniseydi. Bu ilin may ayından isə “Kirpi”də redaktorluq vəzifəsini mən icra edirəm. Jurnalın rəssamları gənc karikaturistlər Fərid Hüseynli, Şəhriyar Sarıca, Cavad Qaffardı. Kirpi.info satirik mətbu orqan olaraq, ölkəmizdə və dünyada baş verən mühüm ictimai hadisələrə, gündəm olaylarına əsasən karikatura vasitəsilə baxış sərgiləyir. Ona görə “əsasən” deyirəm ki, jurnal vaxtaşırı oxucu menyüsünə satirik-yumoristik yazılar da təqdim edir. Jurnalın elektron səhifəsi gün ərzində müxtəlif problemlərə həsr olunmuş karikaturalarla yenilənir. Lakin bu da hamısı deyil. Son iki aydan etibarən, “Kirpi”nin rəssam heyəti izləyicilərin görüşünə minimetrajlı animasiya videoçarxları ilə gəlir. İndi izlədiyiniz Kirpinin şam üfürmə mərasimi rəssamlarımızın bir neçə saatını alsa da, jurnalın yubileyinə maraqlı hədiyyə oldu. Bütün “Kirpi”çiləri və “Kirpi”sevərlərin bayramını bol-bol qutlayırıq!



Tarix: 22.07.2017

3331