Yanığın dərdi


 

Murad Köhnəqala

YANIĞIN DƏRDİ

Metroya girdiyimdə gördüm, qara bığlı, dolu bədənli, 40-45 yaşlarında bir kişi metronun sütununa söykənib pilləkənlərlə aşağı düşən xanımları gözü ilə uzaqdan ovlayır. Xanımlar yanından ötüb keçən zaman yoğun peysərini uzadıb onlara nəsə deyir. Sütunun arxasından qəfil fısıltı eşidən xanımlar isə diksinərək salonun içərisinə tələsirlər. 

Düzü, qadın görəndə müxtəlif heyvan səsi çıxaran gənc, ağsaqqal, qarasaqqal görmüşdüm, lakin sütun arxasından peysər uzadıb keçən qadınlara sataşanını görməmişdim. O, metroya daxil olan ən gözəl xanımlara sataşırdı. 

Peysər bir xeyli beləcə tək gələn xanımların “ağzına girdi”. Gələn qatarları buraxıb ona tamaşa eləməklə məşğul idim. Qəfil sataşdığı xanımlar ondan hürksələr də, ətrafdakılardan heç kim ona irad bildirmirdi. 

Bizim bu peysər, nəhayət, gələn növbəti qatara minəsi oldu. Maraq üçün onun mindiyi vaqona girib hərəkətlərinə xəlvəti göz qoymağa başladım. Peysər əli ilə bığını tez-tez sığallayaraq iti gözlərini vaqondakı qadınların üst-başında, ayaqlarında gəzdirərək köks ötürürdü. Onun bu hərəkətləri seksual manyak təəssüratı yaradırdı. Peysərin bu ədəbsiz davranışını müşahidə eləyən hər kəsə elə gələrdi ki, onun əlinə babat bir xanım keçsə “söküb dağıdar”.  

Peysərin qadınları əzən baxışlarından ilhamlanan vaqondakı gənclər də ölü nöqtəsindən hərəkətə gəldilər. Onlar əvvəlcə hırıldaşaraq bir-birini dümsüklədilər. Dümsükləşmə prosesindən sonra hırıldaşıb bir-birini buynuzladılar. Bu ayinlərdən sonra müxtəlif vəhşi heyvan səsi buraxaraq gözləri ilə ətrafdakı xanımları “yeməyə” girişdilər. Gənclər öz sırtıq nəzərlərini, oturan xanımların ayaqlarındakı çarıqlardan görünən laklı dırnaqlarından başlayaraq baldırlarına, döşlərinə və dodaqlarına qədər qaldırıb gəzdirir, hədələyici şəriyyət baxışlarıyla onlara basqın edirdilər. 

Sizə haradan deyim, kimdən danışım, bizim bu peysərdən! Baxdım ki, peysər düşməyə hazırlaşır. Fikirləşdim, bunu buraxdı yoxdur! Arxasınca şəhərə çıxdım. Peysər küçədə də öz “vəzifəsini” davam etdirir, gəlib-gedən qadınların sifətinə göz gəzdirib arxasına boylanırdı. O, donuz kimi irəlilədikcə mən də arxasınca gedirdim. Nəhayət, gəlib “İçəri şəhər” stansiyasındakı iri bir klinikanın həyətinə girdi. İstədim, onu burdaca buraxıb qayıdam. Ancaq maraq məni bürüdü, görəsən, bunun harası xarabdır? Arxasınca pilləkənləri qalxdım. Baxdım ki, peysər uroloqun otağına tərəf gedib özündən əvvəlki xəstənin yanında oturdu. Dedim, sən öl, bunun xəstəliyini öyrənməmiş əl çəkdi yoxdur! Onun arxasınca növbə tutdum.

Növbəsi yetişən kimi peysər özünü uroloqun otağına soxdu.  Aradan təxminən yarım saat keçmişdi, gördüm, budu ha, peysər otaqdan çıxdı. O gedən kimi uroloqun qapısını döyüb içəri keçdim. Həkim qarşısında yer göstərib əyləşməyimi buyurdu. Mən həkimə jurnalist olduğumu bildirdim. Kişi üzünü turşudub, “eşidirəm!”- dedi. Bir az ordan-burdan danışdıqdan sonra özümü, gələnlərin əsasən nədən şikayət elədiyi ilə maraqlanan kimi göstərdim. Və arxasınca: “Məsələn, indicə qəbulunuzda olan adamın şikayəti nə idi?” - deyə soruşdum. 

Həkim söylədi ki, o adamın 42 yaşı var. Artıq neçə aydı yanıma gəlib-gedir, cinsiyyət orqanında problem var. Belələrinin ailəsində həmişə ziddiyyət yaşanır. Cinsi əlaqə zamanı tezboşalma xəstəliyi var. Həm də cinsiyyətində ereksiya, möhkəmlik itib. 

Soruşdum ki, bəs onu normal həyata qaytara biləcəksinizmi? Həkim dedi, neçə aydır müalicəsi gedir, müəyyən irəliləyişlər var. Ancaq belə xəstələrin problemi onun psixikası ilə daha çox bağlıdır. 

Sağollaşıb bayıra çıxdım. Yolda öz-özümə peysərin arxasınca deyindim: “Ay “yanıq”, sən ki, bu gündəsən, camaatın abrını niyə tökürsən?”



Tarix: 18.05.2017

3562