Daxili kübarlıq


Murad Köhnəqala

Ötənlərdə sosial şəbəkələr Gəncə şəhərində  açılan əmək yarmarkasından bir videogörüntü paylaşmışdı. Görüntüdə iş axtarmağa gələn camaat sanki ölüm adasından xilasedici gəmiyə can atır, basabas salır, vahiməli səslər çıxarırdılar. Axırda vəziyət o yerə çatdı ki, gərginliyi aradan qaldırmaq üçün polislər müdaxilə edəsi, aqressiya göstərən bir neçə nəfəri isə şöbəyə aparası oldular.

Əlbəttə, işsizliyin problem olduğunu  heç kim dana bilməz, ancaq vətəndaşların biri-birini öz ayaqları altına alıb hansısa işə nail olması biabırçılıqdan başqa bir şey deyil. İşsizlikdən əziyyət çəkən, maddi durumu aşağı olan hər bir vətəndaş anlamalıdı ki, yarmarkaya gələn digər yoldaşların da vəziyyəti o cürdü. Belə olan halda biri-birini itələyib qabırğasını əzməyə, özünü kimdənsə qabaq içəri təpməyə nə ad vermək olar? Qonşusunu ayaqlayaraq irəli çıxıb haqq-ədalət  bağıran adamdan nə işçi çıxacaq? Görəsən,  mehriban olmaq, növbəyə durmaq kimi normal qaydalar bizdə haçan həyat tərzinə çevriləcək?

Deyə bilərsiniz, camaat maddi durumunu tənzimləmək istəyir, sən də hələ mədəniyyətdən danışırsan. Bəli, neçə ki, belə maddi çətinliklər olacaq, mən, məhz, mədəniyyətdən söz açacam.  Çünki, əsl mədəniyyət elə aclıqda, çətinlikdə yaranan mədəniyyətdi!

Alman tarixçilərinin yazdığına görə, İkinci Dünya Müharibəsi dövründə yəhudilərin cüzi qida ilə kütləvi halda saxlanıldığı əsir düşərgələrində bir dəfə də olsun oğurluq qeydə alınmamışdı. Ölüm aclığına dözən yəhudilər biri-birinin yeməyinə göz dikməmişdi. Niyə? Çünki daxili kübarlıq heç vaxt buna icazə verməzdi! Bizdə çatışmayan, məhz, həmin qürur, daxili kübarlıqdı! 

Keçən əsrin əvvəllərində yaşamış, yenilikçi ideyaları ilə Avropa qadınının davranışında və geyimində inqilab etmiş məşhur fransız modelyeri Koko Şanelin aforizmlərindən biri belədi: “Bir var pullu adam, bir də var zəngin adam”.

Bəli, pul, var-dövlət insanın daxili zənginliyinə qətiyyən dəlalət edə bilməz. Bu yerdə demək istərdim, yersiz ədabazlığı, pullu yekəxanalığı kübarlıqla qarışıq salmayın. Kübarlıq heç vaxt maddi durumla ölçülmür. Buna bir misal. Bakı küçələrində dilənən soydaşlarımızı da, bakılı rus qarılarını da görmüşəm. Küçələrdə dilənən azərbaycanlı qadınlar, reket kimi adamın üstünə sürək çəkib sırtıqlıq edir, keçənlərdən zorla pul qoparmağa çalışır. Bəziləri isə əttökən dini alqışlar söyləyib yanınla addımlayaraq ianə almamış yaxanı buraxmazlar. Ancaq dilənən rus qarılarını tinin birində oturub sakitcə ovcunu açaraq susan görmüşəm. Onlar daxilən zəngin olduqlarına görə bu hərəkətləri ilə öz durumlarından xəcalət çəkdiklərini hiss elətdirirlər. Daxili aləmi müflis olan bizim dilənçilər isə heç vaxt öz yolçuluqlarından utanmaq fikrində deyillər.

Elələri də var, əlinin, ayağının kəsilmiş yerlərini “tamaşaçılara” göstərərək daha çox ianə yığmağa çalışır. Düşünmür ki, heç kimə xoş olmayan bu faciələri ilə səhər-səhər metroya düşən adamların qanını qaraltmaq olmaz. Heç kimin öz şikəst, kəsik yerlərini nümayiş etdirərək yanından adlayan uşaqların psixikasını pozmaq kimi haqqı yoxdu. Yəni, kəsik qol köynəyin altından da bilinir.

Daha bir misal. Bir xeyriyyəçi iş adamı imkansızlar üçün Mərdəkanda pulsuz paltar mağazası açmışdı. Mağazanın şərti belə idi: paltara ehtiyacın varsa götür, ehtiyacın yoxdursa, evində artıq saydığın paltarları gətir. Ancaq mağaza işçilərinin söylədiyinə görə, paltar üçün gələnlərin çoxusu ehtiyacı olandan artıq geyim götürür. Bəzən isə ehtiyacı olmayan adamlar gəlib paltar götürür və əyinlərinə geyinmədən, ölçmədən yoxa çıxırlar. Elələri var, həftədə iki-üç dəfə mağazaya gəlib paltar aparır. Sonradan məlum oldu ki, onlar burdan götürdükləri paltarları aparıb haradasa dəyər-dəyməzinə satırlar.
Bax belə! Daxili kübarlığın olmaması insanı arsız vəziyyətə salır. Utanc hissini itirmiş insanların çoxluq təşkil elədiyi cəmiyyət də vicdansız olur.

Yadıma gəlir, Moskvada tələbə olarkən yağışlı havalarda özümüzlə çətir götürərdik. Yağış yağanda şəhərdə çətirsiz adam görməzdin. Bundan başqa, hər bir sakinin çiyin çantası olardı. Metroda uzun yol gedən sərnişinlər çantadan kitab çıxarıb oxuyardılar. Metro vaqonları oxu zalına bənzəyirdi. Məhz, belə kitaboxuyan vətəndaşları olduğu üçün Rusiya atom ölkəsidi. Qiymətli beyinə malik, kübar, ziyalı adamların çoxluğuna görə Rusiya çoxlu sayda varlı, böyük, lakin savadsız ölkələri özünə yalvarda bilir.

Ancaq bizdə yağışlı günləri görəsən! Hərə bir yana qısılıb miskincə daldalanır. Düzdü, Bakı o qədər də yağıntılı şəhər deyil, lakin hər halda, yağan yağış altında islanıb ördək kimi silkinməkdən çətirlə gəzmək daha mədəni görünür.

 

İstəyirsiniz birini də deyim. Təxminən son iyirmi il ərzində Çindən gələn sənaye mallarının sayəsində də mədəni səviyyəmiz xeyli aşağı düşüb. Hamımızın əynini belimizdən acazıq aşağını örtməyə çatan mazut gödəkcələr “bəzəyir”. Çoxdandı, əyni paltolu, şlyapalı şəhər sakinləri yoxa çıxıb. Çünki kübarlığımız göyə çəkilib... 



Tarix: 10.05.2017

2979