
Günü razborkada keçməkdədi bəxtsiz tifilin... Günə üç dəfə düşür bölməyə, ay maşallah.
Günahkar
Biz məsumuq ey dil, dövrandı günahkar
İnsan deyilik biz, insandı günahkar.
***
Vicdanlı olandan gəldi işimiz tərs.
Keçdi bizə min dərs, vicdandı günahkar.
***
Oğlanın evində qızdan danışıldı
Gördük qız evində, oğlandı günahkar.
***
Çirkabdı məhəbbət, pislik bizə xoşdur.
Mehmanxana boşdur, mehmandı günahkar.
***
Axırda cəhənnəm boş qaldı, təəssüf...
Cənnət həvəsiylə tez yandı günahkar.
***
Şövqi, bizə etdi, bir məhkəmə təsir...
Hayqırdı müqəssir, "zindandı günahkar".
Ay maşallah
Sənin oğlun oturub kürsüdə işbazlıq edir.
Mənim oğlum oturub nəşəyə, ay maşallah.
***
Doldurub çəkdiyimiz zəhməti kibrit qabına.
Çəkilib tində uzaq guşəyə ay maşallah.
***
Özü yernən sürünür, fikrisə, göylərdə gəzir.
Bu vəziyyətdə deyək biz nəyə, ay maşallah?
***
Onu divanə edib "contramall" sevdası.
Bu nəsib olmayır hər bəndəyə, ay maşallah.
***
Günü razborkada keçməkdədi bəxtsiz tifilin...
Günə üç dəfə düşür bölməyə, ay maşallah.
***
Dediyin eyləyən oğlandı, cavabdehdi balam,
Ağızından çıxan hər kəlməyə, ay maşallah.
***
Yaxşı qardaşlar üçün canını qurban eləyir,
Hələ bir pul də yığır türməyə, ay maşallah.
***
Şövqi, gördüm yuxuda oğlumuz islah olunub.
Düzəlib, çıxmayır heç məhləyə, ay maşallah...
Tarix: 19.04.2017
