Herluf Bidstrup - Bakıda həbs olunan danimarkalı karikaturist


Danimarkalı karikaturaçı-rəssam, 5 mindən çox rəsmin müəllifi  - Herluf Bidstrup. 1912-ci ildə Almaniyada doğulan karikaturaçını cavan vaxtlarında kommunist baxışlarına görə SSRİ-də yaxşı tanıyırdılar və sevirdilər. Bidstrupun silsilə rəsmləri ayrı-ayrı albomlarla Danimarkada və onun hüdudlarından kənarında dəfələrlə nəşr olunub. Bidstrup bir çox ölkələrə səfərindən ibarət silsilə rəsmlər də yaradıb. Onların içərisində “Bakı Lövhələri” adlandırdığı Azərbaycan səfəri də var.

1964-ci ildə Herluf  ilk dəfə Azərbaycana səfər edib. Həftə ərzində karikaturaçını müşayiət edən maraqlı hadisələri məşhur azərbaycanlı rəssam Tahir Salahov təbəssümlə xatırlayır: “Mən uzun müddət danimarkalı karikaturaçı ilə dostluq edirdim. Vaxtilə ən onu Bakıya qonaq dəvət etdim. Bura onun çox xoşuma gəldi. Yadımdadır, biz Herlufla “Neft Daşları”na getdik, onu məscidə apardım. O zaman məscidi ziyarət etmək qəti qadağan idi. Bidstrup o vaxt onlarla qeydlər apardı. Daha sonra o qeydləri xaricdə nəşr etdirmişdi”.

Salahov deyir ki, bir gün milislər bazarda bloknotla gəzən Bidstrupu casus kimi qəbul edərək  həbs edirlər: “Bazardakı saxlanma məntəqəsinə getdim. Bidstrup orada oturub məntəqədə günahı olan şəxsləri çəkirdi”.

Bütün bunlara baxmayaraq respublikamıza gələn hər qonaq kimi Herluf da Azərbaycanın neft ölkəsi olmaqla yanaşı zəngin tarixə və qədim ənənələrə malik olduğunu bildirib. Karikaturaçı rəssam, öz rəsmlərində Azərbaycanın Şərq və Qərb mədəniyyətini özündə birləşdirən neft ölkəsi kimi gündən-günə daha çox inkişaf edən diyar kimi təsvir edib. “Herluf Bidstrup Sovet İttifaqında nə gördü” kitabında müəllif Azərbaycanın “Neft Daşları”ndan, tarixi abidələrindən, Bakının mehriban xalqından və əmək adamlarından geniş bəhs edib.

1972-ci ildə isə Tahir Salahov və Rusiyanın tanınmış rəssamı Boris Elfimov karikaturaçının vətənində olmuş, 60 illiyinin şərəfinə yubilyara yeni Azərbaycan konyakı hədiyyə ediblər. Hədiyyənin üzərində  “Herluf Bidstrup” etiketi mövcuddur. Bu konyak şüşəsi yeganə ekzemplyardır. İndiyədək onun əl işlərinin əksəriyyəti öz aktuallığını itirməyib.

Karikaturaçının verdiyi müsahiblərdən birini təqdim edirik.

- Siz şəkil çəkməyə nə zamandan başlamısınız?

- Mən özümü tanıdığım vaxtdan rəsm çəkirəm. Əlimə qələm və ya bir parça tabaşir düşən zaman dərhal çəkməyə başlayırdım ..Hətta heç nə olmadan belə çəkməyə başlayırdım. Xatırlayıram ki, hələ mən balaca oğlan olduğum zaman şəhadət barmağımla havada müxtəlif fiqurlar çəkirdim . Bir çox uşaqlardan fərqli olaraq məni çəkməyə təşviq etdilər. Atam rəngsaz və rəssam-dekorator idi və boş vaxtlarında rəssamlıqla məşğul olurdu. O, mənim ilk müəllimim və tənqidçim olub. Məhz o, gəncliyində olduğu ölkələrdən hekayələr bəhs edərək fikir dairəmi genişləndirib.

Mənim evciklərim, insanlarım, ağac və atlarım bütün uşaqların rəsmləri kimi istər-istəməz insanlarda təbəssüm doğururdu. Yadımdadır, dayım çəkdiyim bir rəsmə görə çox gülmüşdü. Bu isə çox xətrimə dəymişdi. Çünki ən azından onun üzərində  ustad sənətkarın müqəddəs Madonna obrazının yaradılması üzərində işlədiyi qədər çalışmışdım.  Onda beş yaşım vardı və rəsmlərimin insanlar tərəfindən istədiyim kimi qarşılanmadığı üzərində xeyli fikirləşirdim.

-Və bundan sonra sizdə karikatura haqqında ilk fikirlər  yarandı?

- Bəli, getdikcə məhz nələrin komik təəssürat yaratdığını anlamağa başladım və tez-tez, artıq tamamilə şüurlu şəkildə tamaşaçılarda gülüş doğura biləcək rəsmlər çəkməyə başladım. Tezliklə anladım ki, gülüş mənim müttəfiqimdir. Məktəb illərində özüm də bu qabiliyyəti daha da inkişaf etdirdim və bəzən isə müəllim və şagirdləri əyləndirmək üçün lövhədə eskizlər çəkirdim. Müəllimlərin və məktəb yoldaşlarımın portretlərini çəkməklə uğurlu karikaturanın sarsıdan güc olduğunu anladım.

- Sizcə gülməli karikatura nədir?

- Karikatura şişirdilmə deməkdir, amma o daha çox təhrif edilmə kimi başa düşülür. Ancaq mən heç vaxt həqiqəti təhrif etməmişəm. Lakin mübaliğə üsulubundan karikaturalarımda tez-tez istifadə edirdim. O, tamaşaçılara rəsmin müəllifdə yaratdığı güclü təəssüratı ötrüməlidir. Ağ və hamar kağız vərəqin üzərindəki xeyli kiçildilmiş qara rəngli rəsmlər zəif təəssüratları olan şəxslərdə şiddətli qavrama gücü yaratmalıdır.

Karikaturaçılar çəkdiklərinin orijinal təsvirə daha yaxın olduqlarını daim nəzərə almalıdırlar. Əgər karikatura baş tutmayıbsa, əgər ox hədəfə dəyməyibsə, bu artıq karikatura deyil. Karikaturanı çəkmək çətindir. Burada heç bir xətkeş və bucaq yardım etməyəcək. Ona görə də bir çox səhv edən  rəssamlar səhvlərini bəzən belə izah edirlər: “Karikatura orijinal rəsmə oxşaya bilməz”

- Sizin işlərdə daha çox siyasət mövcuddur. Niyə?

- “Kral Akademiyası”nda rəssamlıq dərslərim dünyada siyasi vəziyyətin kəskinləşməsi ilə üst-üstə düşüb. Reyxstaqın Berlində yandırılması, Hitlerin iqtidara gəlməsi, antifaşist hərəkatı əsl həyat işlərindən uzaq, rənglərin vəhdəti ilə məşğul olan bizlərə maraqlı gələ bilməzdi. Bizim üçün rəsm problemləri vacib olsa da beynəlxalq hadisələri də cəld müzakirə edirdik.

- Yaradıcılıqda eksperimentlərə necə  yanaşırsınız?

-Mən heç bir eksperimentin əleyhinə deyiləm. Eksperimental təcrübə köhnə, çürük, cansıxıcı, təsir gücünü itirən üsul və təsvirlərin yeniləşməsinə gətirib çıxara bilər. Lakin ən başlıcası, rəssamın fikri və əsərin ideyası nə dərəcədə aydın ifadə olunub.

- Siz öz üslubunuzu dərhal tapdınız?

 

- Mən qəzet rəssamı işlədiyim zaman qarşımda problem çıxdı: Necə çəkim? Bizim fərdiyyətçilik əsrimizdə hər bir rəssam ilk növbədə öz “dəst-xətti”ni tapmağa çalışır, bunun üçün isə xüsusi üslublardan istifadə edir. Mən isə əksinə etdim. Rəsmlərimə simasız xarakter verdim ki, müxtəlif yaş qrupunda olan oxucular çəkilən karikaturanı başa düşə bilsinlər.  Formanı rəsmin mövzusu, qəzet zolağı, çalışdığım müəyyən insanlar təyin edirdi.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 17.04.2017

5826

Ən çox gülünənlər