Boris Efimov – Sağlığında Stalinin karikaturasını çəkən karikaturist


“Bütün qanunlara görə, məni məhv etməli idilər. Amma Stalin nədənsə əmr etdi: “Karikaturaçıya dəyməyin!” Onun fikrini nə dəyişdi? Şeytanmı?”

 Boris Efimoviç Efimov. Sovet qrafik artisti, siyasi karikatura ustası, SSRİ  Xalq artisti,  Sosialist Qəhrəmanı Mükafatı sahibi, 2 dəfə Stalin Mükafatı sahibi , SSRİ İncəsənət Akademiyasının üzvü, İzvestiya qəzetinin baş karikaturaçısı. Onun mükafatlarının sayı-hesabı yoxdur. 109 ildə  40 000-dan çox karikatura çəkmiş bu şəxs Stalinin həyatda olduğu zaman karikaturasını siyasi çalarlar əlavə edərək çəkən nadir karikaturaçılardandır. Kiyevdə anadan olan Boris ailəsi ilə 1-ci Dünya Müharibəsi dövründə Xarkova köçməli olurlar. Oktyabr inqilabından sonra 1919-cu ildə Ukrayna sovetində Müdafiə Komissarlığının nəşriyyatlarında çalışıb. 1920-ci ildən etibarən sənətçinin karikaturaları “Kommunist”, “Bolşevik”  kimi jurnallarda dərc olunurdu. 1922-ci ildə Moskvaya gedir və burada “İzvestiya” və “Pravda” qəzetləri “Timsah” jurnalında çalışır. Koltsovun həbs olunmasından sonra kitab dizaynı işlərinə üstünlük verir. 2-ci Dünya Müharibəsi zamanı siyasi karikaturalara yenidən başlayır. Müharibənin bitməsilə yaradılan Nürnberq Beynəlxalq Hərbi Cəza Məhkəməsi işlərinə qoşularaq nasist müqəssirlərinin karikaturalarını çəkir. Yaşlanmasına baxmayaraq daim çalışan sənətkar ictimai həyatında daim fəal olub.  Tanınmış karikaturaçının müsahibələrində səsləndirdiyi maraqlı fikirləri təqdim edirik.

***

Mənim personajlarım arasında həqiqətən dəhşətli olanları çox deyil, amma hər ikincisi gülməlidir. Yeri gəlmişkən, karikatura bütünlüklə gülməli olmalıdır. Əks halda, o alınmaz. Lakin bu zaman gülüş təhqirə keçməməlidir. Yeganə istisna - qəddar düşmənlərdir. Məsələn, Hitler, Mussolini. Karikatura elan etdiyi düşmənə qarşı qəzəbli olmalıdır. Halbuki mənim ingilis həmkarım, məşhur Devid Lou, mənə deyirdi ki, faşistləri elə göstər ki, insanlar onlara baxanda, sadəcə, əsnəsin. Lou hesab edirdi ki, dünyada ən dəhşətli şey sıxıntıdır. Buna görə, kövrək, həzin faşizmi göstərmək lazımdır.

***

Sovet tarixi bizi darıxdırıcı siyasətçilərindən xilas etdi. Məsələn: Brejnev öz qaşları, ordenləri və qəribə bir nitqi ilə, sadəcə, yaddaşlarda qaldı. Şəxsən mənim onunla yaxşı münasibətlərim olub. Yadımdadır, mən “Sülh uğrunda mübarizədə satira” beynəlxalq sərgisində baş katibin yanında olanda ondan soruşdum: “Biz karikaturaçılar, tezliklə işsiz qalmayacağıq ki?”, o da mənə cavab verdi: “Yox! Buna hələ çox var. İşləməyə davam edin”. Və Qorbaçov və Yeltsin də maraqlı insanlar idi. Belə deyək, karikaturaçılar üçün özünəməxsus tapıntı idilər.

***

Siyasi karikatura gərək bir hədəfə vursun. Gülməklə əzsin. O amansız, hətta aqressiv olmalıdır. İndi isə bu keyfiyyətlər dəbdə deyil. Axı indi bütün dünya birbaşa toqquşmadan qaçır, tolerantlığa və siyasi korrektliyə çalışır. Ona görə də siyasi karikatura bu gün heç də yaxşı dövrünü yaşamır. Mənim fransız həmkarım Jan Effel demişkən, karikatura - nifrətli təbəssümdür. Halbuki hazırda insanlar güclü hisslərdən çəkinirlər, istər sevgi olsun istər nifrət.

***

Qardaşımı güllələdikləri zaman başa düşdüm ki, bu iqtidarla zarafat etmək olmaz. Qardaşımı 42 yaşında öldürdülər, amma mən o qədər yaşayıram ki, özüm utanıram. Etiraf edim ki, mən öz adımdan, xatirələrimdən həm ağrıdan, həm də qorxudan yorulmuşam. Deyəsən, təkcə yaxşı zarafatdan yorulmamışam.

***

Mən tərbiyəsiz insanları, eləcə də xəyanəti, sərtliyi, kobudluğu xoşlamıram. Amma asanlıqla bağışlanması mümkün olan ən yaxşı keyfiyyətlər də var. Məsələn, çərənçilik. Axı mən özüm də ümumi götürdükdə qoca boşboğazam. Kiminsə haqqında yaxşı adamdır, ya pis adamdır demək lazım deyil. Amma vicdanlı adam - bu, məsələdə nəsə deyilməlidir. Amma təəssüf ki, bu gün belə insanlar azdır.!

***

Mən çoxlu yaxşı əllər sıxmışam. Mussolininin əl sıxmasını yaxşı xatırlayıram. O, 11 nəfərlik sovet nümayəndə heyətini qəbul etdi və hər biri ilə ayrılıqda görüşdü. Mussolini qəşəng, əzəmətli ağ mülki kostyum geyinmişdi. Mazlanmış, lakin dəbdə olan ikirəngli ayaqqabı ayağında idi. Sadəcə, frant. Və kimin onda ağlına gələrdi ki, onu baş-ayaq asacaqlar! Ümumiyyətlə, bu dünyanın böyük şəxsiyyətlərinin çoxu ilə ünsiyyətdə olmaq mənə nəsib olub. Mən Lenini görüb və eşitmişəm, Lunaçarskonu son mənzilə yola salmışam. Bir dəfə Stalinlə ayaqüstə durub telefonla danışmışam. Titonun evində nahar etmişəm. Lakin ən ağrılı anım Lev Davidoviç Trotskini Alma-Ataya sürgünə göndərildiyi zaman yola salmağım olub.  Biz onunla qucaqlaşıb, öpüşdük və o, qatardan çıxdığım zaman öz paltosunu mənə verdi. Mən ona: “Siz nə danışırsınız, Lev Davidoviç”. O isə: “Yox, yox, yox”, paltonu mənə uzatmışdı. Bir dəfə mənə tapşırdılar ki, xalqın düşməni kimi onu təsvir edim. Hara qaça bilərdim? Mən cavab verə bilərdim ki: “Mən həmişə ona hörmət etmişəm və Lev Davıdoviç sevdiyim şəxsdir, onun haqqında karikaturalar çəkməyəcəm”. Amma mənim arvadım, valideynlərim, 10 yaşlı oğlum vardı. Onların hamısını məhv edəydim? Həmin gün onları düşərgəyə aparardılar. Mən təslim oldum. Yaxşı oldu ya pis? Məlum deyil. Müdriklik ondadır ki, hər kəs haqlıdır.

***

 

Mən Stalini nəhəng, böyük çəkmədə təsvir etmişdim. Amma bu heç də o demək deyil ki, mən onun şəxsiyyətinin qeyri-adiliyini azaltmışam. Stalin müxtəlif, mürəkkəb adam idi. Onun cani və hər kəsi qətlə yetirən şəxs olması yanlışdır. Axı mən hələ də yaşayıram. Doğma qardaşım Mixailin ardınca da bütün qanunlara görə məni məhv etməli idilər. Amma Stalin nədənsə əmr etdi: “Karikaturaçıya dəyməyin!” Onun fikrini nə dəyişdi? Şeytanmı? Bir Allaha məlumdur. Amma sözsüz ki, o, çox güclü adam idi. Bizim bütün siyasətçilərdən və prezidentlərdən üstün və güclü idi.

Hazırladı: Günəş Fərhadlı

 



Tarix: 06.04.2017

3861