
"Birdən ailə qurmağın bilsə çətinliklərini Heç nəzər etməz qoca Məcnun qoca Leylaya tərəf"
Misraya tərəf
Zəhmət olmasa ey gözüm baxma bu dünyaya tərəf.
Səadət axtarışına çıx, baxma xarabaya tərəf.
***
Yoxsa səfalətdə də, aclıqda da məna gəzəcək.
Bir də qaçızdırmayın ac şairi mənaya tərəf.
***
Birdən ailə qurmağın bilsə çətinliklərini
Heç nəzər etməz qoca Məcnun qoca Leylaya tərəf.
***
Hər kəsi həzm eyləməyin isminə sevda deyilir.
Qovma bu nifrət əhlini qovma bu sevdaya tərəf.
***
Gör neçə ildir ki, cəhalətlə barışmış kimiyik.
Gör neçə ildir ki sevincdən uçuruq ayə tərəf.
***
Ziyarətə pul dedilər, məndə pul hardandı? dedim,
Yəqin imam da istəmir gedim Kərbəlaya tərəf.
***
Cismimi qoy əzizləyim, Şövqi, mən onsuz yiyəsiz,
ruhumu sürgün etmişəm, hansısa misraya tərəf.
Lazım
Yaşayanlar niyə dərk eyləmir, ölmək lazım...
Bizə lazımlı olan şeyləri bilmək lazım.
***
Xoşuma gəlmədin ey dost, gözümə girmədin heç.
Gözə girməkçün ən əvvəl xoşa gəlmək lazım.
***
Tabaşir səndədir ömrün hələ bax lövhəsinə
Nəyi yazmaq gərəkir gör nəyi silmək lazım...
***
Deməyin düz görərik əyrini lazım gəlsə.
Axı "Lazım kişi" bilmir ki düzəlmək lazım.
***
Kişi olduq deyə külfət də böyüklük gözlər.
Kiçicik bir maaşı min yerə bölmək lazım...
***
Hələ çox ağlamalı, yaşlı qalan gözlərimiz.
Hələlik, kövrək ürəklərmizi dəlmək lazım.
***
Şövqi, xoşbəxtliyimiz də itiribdir başını.
O da bilmir hara əslində yönəlmək lazım...
Tarix: 31.03.2017
