Şəhla Nihan - Milli Kəlam (hekayə)


“Əlində quş lələyi, buludların mürəkkəbinə batırıb  seyr etdiyi bu fəci motivi – edam səhnəsini nəzmə çəkmək istəyirdi. Di gəl stimul yox idi...”

Milli Kəlam

Evə özünü güc-bəla çatdırdı. Üst geyimini asılqandan asıb elə paltarlı halda çarpayıya yıxıldı.

- Dediklərimi aldın?

- Yooox... – zarıdı.

- Niyə?? Bəs nə bişirim indi? Uşaqlar nə yeyəcək?

- Qurban olum, halım birtəhərdir, az deyin...

Qadının tənə dolu sözlərini eşitməməkçün ağırlaşıb zindana dönmüş başını balışın altında gizlətdi.

Uşaqlar səs-küy salıb yatmağa qoymurdular.

- Qurban olum, gedin burdan, mənlə işiniz olmasın.

Səhər vəziyyəti bir az da ağırlaşdı. İşə gedə bilməyəcəkdi. Şöbə müdirinə zəng etdi:

- Qurban olum, mənə bir günlük icazə...

- Bülleten açdır, üç günlük. İcazə verə bilmərəm.

Poliklinikaya zəng vurub sahə həkimini aradı.

- Qurban olum, ölürəm, bu gün özünüzü çatdırın, bülleten lazımdır mənə.

Uşaqların anası səhər uşaqları məktəbə apardığından evdə tək idi. Qadın gəlib çıxmaq bilmirdi, onunsa vəziyyəti get-gedə pisləşirdi.

Qonşuya zəng vurub qurban olaraq xahiş etdi ki, aptekə dəyib ağrıkəsici, mağazadansa süd alsın. Sonra aptekə zəng etdi:

- Qurban olum, qonşum indi gələcək. Mənimçün dərman verərsən, pulunu yaz nisyə dəftərinə.

Daha sonra minimarketdə işləyən tanış kassirə zəng vurdu. Tapşırdı ki, qonşuya onun üçün bir litr süd versin. Pulu borc olsun, qalsın maaş alana. Sonda qurban olmağı da unutmadı.

Bir azdan vəziyyəti lap kritik oldu. Fikirləşdi, bəlkə gedəsidi..., huşu hələ başındaykən bütün incik saldıqlarına, halallıq almadıqlarına, saya salmadıqlarına zəng vurub halal-hümbət elədi, hamıya qurban olub başına döndü... hamıya və hər kəsə... və rahatlandı..

- Qurban olum...

- Qurban...

- Qurrr..

 

Kimisə başaşağı asıb dərisini soyurdular. Ətraf doluydu adamla. Arvadı, övladları, şöbə müdiri, həkim, qonşu, əczaçı, kassır... , hamı əlində bir kasa, durub qurbanlıq ət gözləyirdi.

Bu zaman səba yeli, səhər nəsimi əsdi. Susuzlaşıb seyrəkləşmiş, pərən-pərən düşmüş buludların arxasından çətinliklə sezilən yaraşıqlı bir sima görünməyə başladı. Dalğın baxışlı, nurani çöhrəli... oydu o... meraca çıxmış, zənnü-gümana, şərhü-bəyana gəlməyən, dünyalara sığmayan O – gövhəri laməkan. Saralmış hürufi günəşi. Əlində quş lələyi, buludların mürəkkəbinə batırıb  seyr etdiyi bu fəci motivi – edam səhnəsini nəzmə çəkmək istəyirdi. Di gəl stimul yox idi deyə şeir alınmırdı. Qurbanın qanı da özü kimi o qədər üzüyola, axıcı, o qədər üsyankar ruhdan xali idi ki, ətrafdakı bir belə adamdan heç kəsin barmağına sıçramayıb itaətkarcasına düz yerə damcılayırdı, torpağa qurban olurdu.

Üsyankar şairin görünməz mürəkkəblə yazacağı misralar dodaqlarına ilişib qalmışdı..

 

 

 



Tarix: 21.03.2017

3344