
Azərbaycan xalqı heç vaxt Keçələ qız verməyib, vermir və verməyəcək. Hə, Keçəlin evi, maşını, mağazası olsa, başqa məsələ. Qızlar növbəyə durmasalar da, qızların anaları növbədə qabağa keçmək üçün saçyoldusuna çıxmasalar, gəl, bu əziz gündə mənim üzümə tüpür.
Elə cütlüklər var ki, - söhbət ər-arvadlardan getmir - mənsub olduqları xalqların mədəniyyətini onlarsız təsəvvür etmək olmaz. Məsələn, alman xalqının belə cütlüyü Marks və Engelsdir, fransızlarınkı, tutaq ki, Pyer və Mariya Küri ər-arvadlarıdır. Bu siyahıda rusları, məsələn, "Qarboçov və Raisa " çütlüyü təmsil edir.
Bir cütlük də var ki, onlarsız bizim adət-ənənələri, xeyir-şər məclislərini, el şənliklərini təsəvvür etsək, özümüzə altıaylıq, alayarımçıq, yəni basməmməd doğulmuş uşaq təsiri bağışlayırıq. Kosa və Keçəl - hünərin var, adət-ənənə sözlərini eşidəndə bu iki kişini, daha doğrusu, kişiyə oxşayan bu iki qəribə xeylağı yada salma. Bizim bütün adətlərin, ənənələrin əcdadlarıdır Kosa və Keçəl. Yeganə cütlükdür ki, tarixin sınaqlarından, bütün dövrlərin iqtisadi krizislərindən, ailə münaqişələrindən alnıacıq, üzüaçıq çıxıblar və bu günə qədər bir yerdədilər.
Leyli beş-altı səhifəlik əfsanəyə dözmədi, yazıq Məcnunu elə çərlətdi ki, zavallı aşiq havalanıb dərə-təpəyə düşdü, şirə-pələngə qoşuldu. Əsli toy gecəsi nə hoqqa çıxardısa, köynəyini altdan-üstdən nə təhər düymələdisə, Kərəm yorğanın altında dilxorçuluqdan yaş fişəng kimi tüstülədi, yanğınsöndürənlər gəlib çıxana qədər gərdəkdə yetimin külü qaldı; deyilənə görə, o vaxt FHN-nin əməkdaşları onun külündən dəmir kəlbətin tapıblar, yəni təzə bəy - Kərəm, toy gecəsi gəlinin - Əslinin yaxasını kəlbətinlə də aça bilməyib.
Şirini əldə etmək üçün Fərhad düşündü ki, minimum daş karxanasına sahib biri olmalıdır. Əlinə bir daş baltası alıb daş demədi, qaya demədi, əlini, ayağını əzə-əzə, qanada-qanada tələf oldu dağlarda: rəhmətliyin cəsədini zorla aldıq qarğa-quzğunun caynağından. Yəni demək istəyirəm ki, bizim mədəniyyətimizdə Kosa-Keçəl kimi keçmişdən ta bu günəcən bir-biriylə adam balası kimi yola gedən, can deyib, can eşidən ikinci cütlüyə rast gəlmək müşkül işdir. Bir az oyana get, bəri gəl, Əli və Ninoya ümidliydik, o da qız kafər qızı olduğu üçün oğlanın valideynləri razılaşmadı.
Bildiyimiz kimi, Kosa və Keçəl Novruz bayramında peyda olurlar, beş-altı dəqiqə dombalaq aşıb,cırtma çalıb düyüdən, fındıqdan-zaddan yığıb yenidən ərşi-aləmə çəkilirlər. Bəs necə yaranıb bu Kosa və Keçəl? Nə üçün bolluq rəmzi olan bahar bayramının əsas simvolları iki tüksüz qısır kişidir; özləri sovqat paylamalı olduqları halda, ondan-bundan əl-artıq yığırlar.
Novruzun əsas atributlarından biri tonqaldır. Atəşpərəstlərin inancına görə, Novruzda tonqalın üstündən "ya Allah!" deyib hoppansan, guya, ötən ildəki ağrıların, dərd-qəmin oda töküləcək, halbuki mənim bir dəfə mobil telefonum, bir dəfə isə pul kisəm (yaxşı ki, boş idi) tonqala düşüb yandı, dərd-qəm isə dərd və qəm olaraq qaldı, hətta bir az da artdı. Guya, elə ki tonqaldan atıldın day gələn ildə işığa, qaza borclu qalmayacaqsan, borcların odün üstünə tökülərək silinəcək, bir qızın da sənə könül verəcəyi istisna deyil, boş söhbətdi. Şəxsən mən bu il Novruz tonqalından elə bir niyyətlə tullanacağam ki, bir də yerə düşməyim.
Apardığım tədqiqatlar nəticəsində bu qənaətə gəlmişəm ki, Kosa və Keçəl elə bu tonqalın ilk qurbanlarıdır. Belə ki, ilk Novruz tonqalı Urmiya gölünün şimal-qərb sahillərində qalanıb. O vaxtın media orqanları ac-yalavac camaatı inandırıb ki, əgər xoş güzaran görmək istəyirlərsə ürəklərində xoş niyyət tutub tonqalın üstündən hoppansınlar. Avam əhali də sevincindən qarışıb dəyib bir-birinə, indiki Kosa və Keçəl isə o vaxt uşaq imişlər; hər ikisi də yetim. (O vaxtlar valideynlərin müxtəlif bəhanələrlə tezbazar ölüb aradan çıxması, bir növ, dəb idi). Tarixi mənbələrdə qeyd olunur ki, bu iki uşaq qarşı-qarşıya hoppandıqları üçün tonqalın üstündə kəllə-kəlləyə gələrək oda düşüblər və saçları, sir-sifətləri yanıb. Arvadlar onları qatıq küpünə soxub zorla dirildə biliblər. Sonralar böyüdükcə Keçəlin başından, Kosanın isə üzündən tük çıxmayıb. Əslində, Kosa da keçəldir, sadəcə, şiş uclu papaq qoyduğu üçün keçəli görsənmir. Sonralar hər il tonqalda yanmış bu iki usağı ildə bir dəfə Novruz bayramında yada salmaq, onların tonqalda yanmış yetim qəlblərini ovundurmaq, aşdan-qaradan bir boşqab onlara da pay vermək camaat arasında adətə çevrilib. Ətağa cəddi, belə olub. Sir-sifəti ütülmüş bu iki yetim böyüyəndən sonra xalq onları unudub və bu ac səfillər kəndləri, mahalları gəzib sədəqə toplamaqla dolanıblar, beləcə tarixə düşüblər. Öz dövrlərinin, belə deyək, Qavroşları olublar. Heç düşünübsünüzmü, Novruz axşamı beş-on dəqiqə ekranda görünüb, arvadlardan pay yığandan sonra onlar hara gedirlər? Əlbəttə ki içməyə. Kosanın torbasında həmişə araq olur. Ümumiyyətlə, Kosa və Keçəlin üzündə hər il "paxmel" ovqatın əlamətləri görünür. İstənilən içən adam bunu təsdiqləyə bilər.
"Zakuska" yığmaq üçün çox uğurlu bəhanələri də var; guya, öz arvadını döyüb öldürmüş Kosa Keçəli evləndirmək istəyir, buna görə də yardıma ehtiyacı var. Bəyəm arvad almaq belə ucuz başa gəlir? İki-üç boşqab düyü, beş-altı çürük fındıq, qurdlu alma, vəssalam, arvad qabağına yüyürəcək. Bəs bunun soyuducusu, qır-qızılı, paltaryuyanı, "Madonna" servisi nə olacaq? Əslində, Kosa çox yaxşı bilir ki, Azərbaycan xalqı heç vaxt Keçələ qız verməyib, vermir və verməyəcək. Keçəldən tövbəlidir. Nəinki keçələ, ikicə ay işsiz qal, gör gəlib evdəki halal arvadını əlindən alarlar, ya yox. Hə, Keçəlin evi, maşını, mağazası olsa, başqa məsələ. Qızlar növbəyə durmasalar da, qızların anaları növbədə qabağa keçmək üçün saçyoldusuna çıxmasalar, gəl, bu əziz gündə mənim üzümə tüpür. Özü də yağlı keçələ heç kimin hünəri çatmaz keçəl desin. Əgər onun adı, tutalım, Məmişdisə, ona el-obada hörmətlə Məmməd müəllim, hətta Məhəmməd bəy, vəzifəsi də varsa, cənab Məlik Məhəmməd ağa deyə müraciət edəcəklər. Hətta onun olmayan saçlarının ağarmasının qayğısını çəkənlər tapılacaq. Şairlərimiz onun gözəgörünməz saçlarını vəsf etmək üçün get-gələ düşəcəklər. Əgər bu keçəl - artıq özüm də ona keçəl deməyə cəsarət etmirəm – Həcc ziyarətin də getsə, lap fısqırıq olacaq. Onun keçəlliyi ilahi hikmət mənbəyi kimi düşüncələrimizin üfüqlərində parlayacaq daima.
Ancaq bizim yazımızdakı Novruz Keçəli həqiqi keçəldir, yəni lütün, acından ölənin biridir. Ona nəinki qız, heç qotur keçi də verməzlər. Belə olmasaydı çoxdan şildən, kordan birini verib yumardılar Kosanın ağzını. Keçəlsənsə oğlan gəlib, oğlan gedəcəksən bu dünyadan; içki düşkünü olacaqsan, BOMJ olacaqsan, Kosaya qoşulub dilənəcəksən.
Bizim Kosa və Keçəl bunu bildiyi üçün hər il başlarını aşağı salıb çak-çuklarını edirlər. Çak-çuk varsa, deməli, bizim azərbaycanlıya zaval yoxdu.
Tarix: 14.03.2017
