Qafar Şövqi Satirik şeirlər


İndi o saqqallıyadır elanım. Lütlük haçandan dəb olubdur, canım? Qoymuş özün çöldə Tükəzban xanım. Yanvarı var, fevralı var, fevralı...

 Əhvalı var, əhvalı...

 Şairimin əhvalı var, əhvalı.

Sözlərinin sanbalı var, sanbalı.

***

Qanımızı bir nəfəsə içdilər.

Guya ticarət yolunu seçdilər.

Başqaları başqa mala keçdilər.

Bizdə fəqət, çin malı var, çin malı.

***

Malların əfsus, qutaran vaxtıdır.

Mallıların dərd aparan vaxtıdır.

Tüstümüzün göz çıxaran vaxtıdır.

Üstümüzün ədyalı var, ədyalı.

***

Gör bizi ədyal necə salmış dala...

Gör ki yatarkən necə gəldik hala?

Qoymadıq heç hörməti ağsaqqala.

Görmədik heç saqqalı var, saqqalı...

***

İndi o saqqallıyadır elanım.

Lütlük haçandan dəb olubdur, canım?

Qoymuş özün çöldə Tükəzban xanım.

Yanvarı var, fevralı var, fevralı...

***

Hamı o fevral yiyəsiyçün ölür.

Müştəri qəbuluna axınnan gəlir.

Çünki, Tükəzban xanım əla bilir

Harda ucuz şaftalı var, şaftalı...

***

Şaftalı da bitməyir hər sahədə

Şaftalının dərdi də var, vay dədə...

Yazsan əgər dastan olar bəlkə də,

Çəksən əgər serialı var, serialı.

***

Şövqi, bizi çox serial qorxudub.

Çoxsu bizə sir-sifətin turşudub.

Bir əlim haqqın yaxasından tutub,

Bir əlimin qandalı var, qandalı...

 

 

Bir-bir

 

Danışım azarımızdan?

Keçərək bazarımızdan...

Belə ruzigarımızdan

Nə deyim sizlərə bir-bir?

***

Dünən hərgah unudulsa,

Hədələr bizlərə qalsa,

Neçə barmağımız olsa

Girəcək gözlərə bir-bir.

***

Deyirəm gəlsənə, qərdeş,

Ola bildiksə, cəfakeş...

Yığaq alçaqları beş-beş,

Tüpürək üzlərə bir-bir.

***

Qopacaqdır qəm, ayırsaz...

Həmi bölsəz, həm ayırsaz,

Bizi bizdən cəm ayırsaz,

Baxarıq bizlərə bir-bir.

***

Hara qaçsaq da müsəlman?

Tapacaq bizləri şeytan,

Tutacaq bizlərə divan

Düşəcək izlərə bir-bir.

***

Yanan öz ixtiyarında,

Sönən öz ahu-zarında.

Yanaq odlar diyarında

Yaxılaq közlərə bir-bir.

***

Elə yandıqca karıxdıq.

Şəhərə kor kimi çıxdıq.

Nə cırıq donlara baxdıq

Nə yalın dizlərə bir-bir.

***

Şövqi, toplum dəyişib, eh...

Niyə olmur sənə valeh?

Ola bildinsə cavabdeh

 

Dediyin sözlərə bir-bir.



Tarix: 10.03.2017

4615

Ən çox gülünənlər