Rafik Şami - Suriya mühacir ədəbiyyatı


“Suriya müxalif düşərgələrində iranlılara, ruslara və çinlilərə qarşı nifrət mövcuddur”

40 il bundan əvvəl o, Almaniyaya Suriyadan qaçıb. Bu gün qaçqın düşərgələrində yaşayan soydaşlarına kömək edir. Müsəlman ölkənin xristian yazıçısı - Rafik Şami. Suriya əsilli alman yazarı 1946-cı ildə paytaxt Dəməşq şəhərində, xaçpərəst ərəb ailəsində dünyaya göz açıb. Əsl adı Süheyl Fadeldir, təxəllüsündəki Şam sözü isə Dəməşqin qədim adına işarət edir. Dəməşq Universitetində kimya ixtisası üzrə ali təhsil alıb. Həmişə ədəbiyyata böyük maraq göstərən Şami 1965-ci ildən yaradıcılığa başlayıb. Altı ildən sonra Almaniyanın Heydelberq şəhərinə köçüb və qastarbayter kimi müxtəlif işlərdə çalışmaqla bərabər, alman dilini də öyrənib. 1979-cu ildə kimya üzrə doktorluq müdafiəsi edib və daha sonra Almaniyanın kimya sənayesində çalışıb.

 

 1960-cı ildən Almaniyada hökumətin siyasi gedişlərinin ən başlıca məqsədi Aralıq dənizi ölkələrindən əmək miqrantlarının cəlb edilməsi idi. Nəticədə 1970-ci illərin sonlarında alman-türk, alman-italyan, alman-ərəb, alman-yunan audio-vizual mediası, nəşriyyatı, mətbuatı, ədəbiyyatı və digər transmilli qurumları yaradıldı. Almanca yazan Şami “Cənub küləyi” ədəbi qrupunu və “Çoxmillətli ədəbiyyat və sənət hərəkatı” nı qurur. O, Almaniyada “Qastarbayter ədəbiyyatı”nın ən tanınmış nümayəndələrindən biridir.

Onun məşhur əsəri “Xəttatın Sirri”dir. Romanda hadisələr Suriyada, Dəməşqdə baş verir. Müəllif  sözlərlə şərq paytaxtının nəfəsini çatdırmağı bacarıb: Günəşin doğuşu ilə köhnə məhəllələr və küçələrdə şərq yeməklərinin yağları, tüstü-qoxusu havada uçuşurlar. Həssas müsəlman bayramları, al-əlvan bazarlar və müxtəlif quş səsləri yaddaşlardan itmir. Kitabda məhəbbət, dostluq, xəyanət və sirr var. Bu nağıl demək olar ki, həqiqətdir. Hekayə qalmaqallı epizod ilə başlayır. Yalnız günəş Şərq qapısı üzərində yüksələn kimi bütün şəhər alimin qızı və məşhur xəttatın həyat yoldaşı Nurun qaçmasını müzakirə edir. Romanda 4 süjet xətti mövcuddur. Xüsusən də sevgi əsas qəhrəmanlar üçün fərqli məna daşıyır.

Uşaq ədəbiyyatında isə onun ən çox oxunan nağılı “Siçan qorxusu”dur. Bütün siçanların qorxaq olmasına baxmayaraq balaca siçan Minanın qorxusu yoxdur. O, bu cür qorxusunun olmamasını anlamaq üçün öz doğma evini tərk edir və bunun səbəbini araşdırmağa başlayır. Qarşısına çıxan bütün heyvanlardan bunun səbəbini soruşsa da cavab tapmır. Hətta nə şir, nə fil, nə də cırcırama bu sirri izah edə bilmirlər. Nağılda illüstrasiyalar gözəl təsvir edilib. Bu kitabda ərsəyə gələn mövzu və rəsmləri müəllifin digər kitablarında tapmaq mümkün deyil.

“Məhəbbətin qaranlıq tərəfi”, “Əli ulduz dolu: Roman (Qulivver)”, “Qaranquşun arzusu” romanlarında yazıçı özünəməxsus sevgini, Şərqə xas pritçavari, duzlu-məzəli təhkiyəni qoruyub saxlayıb. O, həm realist, həm də fantastik janrlarda nəsr və dram əsərlərinin, uşaqlar üçün bədii mətnlərin müəllifi kimi tanınır. Əsərləri dünyanın 23 dilinə çevrilən Şaminin yaradıcılığı Şamisso (1993), Herman Hesse (1994), Hans-Erik Nossak (1997), Vaylhaym (2003) və Nelli Zaks (2007) ədəbi mükafatlarına layiq görülüb.

Yazıçının müsahibəsini təqdim edirik.

- Ərəb dilini unutmamısınız?

- Doğrusu, ərəb şrifti göz üçün musiqi deyil. Çünki sözlər arasında boşluqlar yoxdur, bağlayıcı xəttinin uzunluğu xüsusi əhəmiyyət kəsb edir. Onun azalma və ya artması səslənmənin uzunluq dairəsinin dəyişməsinə bərabərdir. “Əlif” şaquli-düz görkəmli hərf olaraq nəzakət rolunu oynayır. Belə “musiqili” hərfləri diqqətli və ehtiyatla istifadə etməlisən. Onların arasındakı boşluqlarla işləmək daha böyük ustalıq tələb edir. Odur ki, bu cür çətin nüanslar beyindən çətin silinir. Dilin ağızda olması əldə qələmin olması kimidir.

- Siz bir dəfə yazıbsınız: “Hər dəfə səhər duranda ilk olaraq Dəməşq barədə  düşünürəm”. Son zamanlar saysız-hesabsız insanlar Suriyadan yenə qaçmağa məcbur olub. Onlara yardım göstərilməsi üçün çıxış edirsiniz.  “Yeni” qaçqınlar da eyni hissləri yaşayırlarmı?

- Mühacirətlə şəxsi tale həmişə sıx bağlıdır. Mən hətta mühacirət şəraitində olan iki adamın öz vəziyyətini eyni cür qəbul etdiyini görməmişəm. Lakin ümumi cəhətlər çoxdur: Bütün suriyalılar ölkələrinin və mədəniyyətlərinin dağıdıldığının şahidi olurlar. Onların əksəriyyəti bu gün də çox istəyir ki, evinə qayıtsın. Onlar üçün ümumi və kədərləndirici məqam bu qədər gözəl şəhərlərin indi məhv edilməsidir.

- Siz suriyalı qaçqınlara konkret necə kömək edirsiniz?

- Belə ki, onların taleyini daim və yorulmadan ictimaiyyətin diqqətində saxlayıram. Dünya hər şeyi tez unudur, laqeydlik isə belə olan halda qaçqınların ən dəhşətli düşmənidir. Dostlarımla mən Tyubinqenede “Schams” birliyi yaratmışıq. Biz ilk növbədə Türkiyə, İordaniya və Livandakı qaçqın düşərgələrində uşaqlara və gənclərə kömək edirik. İanələrlə, aksiyalarla onlardan bəzilərinin çətin həyatını bir qədər yüngülləşdirə bilərik. Yerli təşkilatlarla birlikdə qaçqın uşaqların oxuması, qidalanması, tibbi və psixoloji yardım alması üçün tədbirlər görürük. Pul - bu yalnız işin bir tərəfidir, ən başlıcası şəfqət göstərməkdir. Qaçqınlara istənilən formada yardım insanların bacı və qardaş olmasının, həmrəyliyinin sübutudur. Heç kim düşünməməlidir ki, onun köməyi çox azdır. Həmişə təcili yardım sürətlə uğura doğru aparır. Səxavət səbrlə müşayiət olunmalıdır.

- Suriyanın gələcəyi..!

- Çin və Rusiyanın Suriyada “qlobal maraqları” var. Eyni zamanda İranın maraqları da lokal, strateji və siyasidir. Əsəd rejimi Çin istehsalı olan müxtəlif malların və Rusiya silahı ilə qazının böyük alıcısıdır. Bu əlverişli sövdələşmələr sübuta da yetirilib. Bunun nəticəsidir ki, müxalif düşərgədə iranlılara, ruslara və çinlilərə qarşı nifrət mövcuddur.

- Bəşər Əsədi kim dəyişə bilər?

- Ən yaxşı halda Əsədi qardaşı Maher və ya onun qaynı dəyişə bilərdi. Amma onlar da Bəşər Əsəddən daha çox şeyə nail ola bilməzlər. Əsəd - təkcə hökmdar deyil, həm də öz sisteminin əsiridir. Digər tərəfdən Suriyaya qarşı iqtisadi sanksiyalar heç nə verməyəcək. Bunu İraq nümunəsi də göstərdi. Daha yaxşı olardı ki, onların əlaltılarının bütün hesabları dondurulsun. Bundan əlavə, müxalifəti dəstəkləmək lazımdır. Həmçinin dinc sakinlərin qətlinə görə cavabdeh şəxslər həbs edilməlidir. Onların adları artıq məlumdur. Əsəd ailəsi tərəfindən ölkədən çıxarılmış milyardlarla pullar geri qaytarılmalıdır. Çünki bu pul xalqa məxsusdur. Azadlıq və demokratiya tətbiq edilməli, cinayətkar partiya buraxılmalı və azad seçkilər keçirilməlidir.

- Siyasətdən uzaqlaşaq. Dini baxışlarınız maraqlıdır. Məsələn: cənnət və cəhənnəm barədə nə düşünürsünüz?

- Cənnət hər bir varlını məyus edəcək. O, yalnız kasıblara lazımdır. Üstəlik, əgər orada doyunca yemək və normal yaşayış şəraiti varsa. Həyat - əbədi olaraq parçalanmağa, ölümə qarşı mübarizədir. Və nəticədə biz məğlubiyyətə düçar oluruq. Sevgi gözəldir, ölüm kimi tərsdir. O, xəbərdarlıq etmədən gəlir və elə gözlənilmədən uçub gedir. Və onun seçimi bəzən qəribə olur. Digər tərəfdən Sevgi - dibi görünməyən dərin bir göldür. İnsan burada boğulmamaq üçün ömrünü toylarla və ailə qayğıları ilə doldurur.

Bəzən şəxsiyyəti müqqəddəsləşdirmək günah sayılır. Lakin Ana var. İlahi varlıqdır. O, ölən zaman bizim Allahımız da ölür. Çünki insan kövrək varlıqdır. Cüzi virus və ya beyində qısaqapanma onu qəhrəmandan əzik əskiyə çevrir. Sonda həqiqətən, cənnət və cəhənnəm insan ixtirasıdır və onlar yalnız yerdə mövcuddur.

- Yeni nəsildən gözləntiniz nədir?

 

- Yeni nəsil birincinin qoyduğu təməli, ikinci nəslin tikdiyini dağıdır. Hazırda qaranlıqdır. Qara - rənglərin ən qüdrətlisidir. O, bütün qalan rəngləri söndürür və işığı öldürür. O, ağıl və məntiq kimi soyuq, amansızdır. Amma yaxşı insanlar da var. Gözəl insanlara geyimlər lazım deyil. Allah onları ən yaxşı şəkildə yaradıb.  Ancaq belə insanlar nadirdir.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 12.01.2017

2250