Qafar Şövqi Satirik şeirlər


Cənnətdəmi rüşvətlədir hərgah sual etsən?... Rüşvətxor olanlar deyəcək "söhbəti yoxdur."

 

 Ölürük

Necə səbir eyləyəlim, bizdə nə can var, ölürük?

Açıq-aşkar yaşamışdıq, açıq-aşkar ölürük.

*****

İçimiz qüssə kədərlərlə və ahlarla dolu

Dilimiz, vədəni verməkdə "sabahlarla" dolu.

Bu həyat yoldu bizə amma günahlarla dolu.

Gedirik cənnətə dogru, edirik ar, ölürük.

***

Yaşayıb-yanmaq üçün yalvar o pərvərdigara.

Bədən olsun qara hərgah kəfən olmursa qara.

Nə qədər ölkədə var ölməsi lazım avara

Oların da yerinə sən demə naçar ölürük.

***

Bizə şeytan özü dərs versə əgər öyrənərik.

Sora bayraq kimi hər səmtə əsib, yellənərik.

Əzrayıl sorsa bizim halımızı, dillənərik.

Şükür olsun, eləyirlər bizi vadar, ölürük.

***

Yenə qış gəldi qonaq, oldu qınaq, vay kişilər.

Bizi qazsız gecələr eylədi rüsvay, kişilər.

Bu soyuqluq alacaq canımızı, ay kişilər

Evdə arvad deyinir, çöldə yağır qar, ölürük.

***

Şövqi, susqunluq ilə çox da mənə vermə zülm.

Bu əcəl zəngi kimi kar eləyibdir, de bilim?

Ya elə tövbəkarıq ki, bizə vız gəlmiş ölüm.

Ya bizi etdiyimiz tövbə edib kar, ölürük.

 

Söhbəti yoxdur

 

Heyhat, o nə işdir, özü var, rüşvəti yoxdur?...

Rüşvətsiz olan işlərin heç ləzzəti yoxdur.

 

***

İnsan tanıram mən, hələ bilmir nədi dərd-qəm.

Daim yolu aydın, kefi çağ, arxası möhkəm.

Vaxtında verir rüşvəti vaxtında alır həm.

Əla kişidir, bir kişidən minnəti yoxdur.

***

Zəngindi bizim dil, danışanlar buna şahid.

Rüşvət sözünü xırdalaram, eyləmə təkid.

Rüşvət sözü mənası dərin sözlərə aid.

Qanmaz, demə rüşvət sözünün hikməti yoxdur.

***

Rüşvətxora hər kəs dedi "dördəlli sənətkar".

Qəlbində onun qorxudur, alnında da tər var.

Rüşvət alan hər türlü əziyyətlərə düçar

Rüşvət verənin zərrə qədər zəhməti yoxdur.

***

Şövqi, sualınla nəsə bir qalmaqal etsən,

Lazımlı cavab almağını ehtimal etsən,

Cənnətdəmi rüşvətlədir hərgah sual etsən?..

 

Rüşvətxor olanlar deyəcək "söhbəti yoxdur."



Tarix: 09.01.2017

1783