Qafar Şövqi Satira


  "Verdiyin bunca hədiyyə cibimizdənsə bizim, Kasıbın mənzilinə gəlmə qonaq, Şaxtababa".

 Şaxtababa

 

Bizi zinhar eləmə, qoy yaşayaq, Şaxtababa.

Yoxdu bizlərdə o əvvəlki maraq, Şaxtababa.

***

O nədir ki, elə arxanda tutursan, əzizim?

Belə gizlətmə ki, torbanda sənin yoxdu gözüm.

Verdiyin bunca hədiyyə cibimizdənsə bizim,

Kasıbın mənzilinə gəlmə qonaq, Şaxtababa.

***

Bu zaman ilə ayaqlaşmaq üçün qalmadı hal.

Pulun olsun üzü qarə, yenə salmış bizi dal.

Çığırır evdə uşaqlar "dədə get partladan al".

Ürəyim partlayacaq bombasayaq, Şaxtababa.

***

Demə "paytaxt salatından", daha ləzzətli deyil

Yolka qurmaq da kasıbçun əhəmiyyətli deyil.

Qar qızın da daha əvvəlkitək ismətli deyil.

Daha yüngüldü, sürüşkəndi ayaq, Şaxtababa.

***

Uşağım şənliyə gətmək diləyir, var höcəti.

O qədər ağlayıb, artıq qızarıbdır sifəti.

Yeni il şənliyinin onca manatdır bileti.

Belə halnan necə şənlənsin uşaq, Şaxtababa?

***

Səsini qaldıraraq, qışqıraraq dad elədin

Axı ağsaqqal olandan kimə irad elədin?

Qarlı dağlar aşıb axırda bizi yad elədin

Elə axırda da çəkdin bizə dağ, Şaxtababa.

***

Çoxu şampan vuracaqdır, düşəcək qatma-qarış.

Sən də ağ saqqalına hörmət elə, həm də çalış,

Bizə xoşbəxtliyi vəd eyləyəcəksənsə, danış.

 

Nə deyirsən saçı ağ, saqqalı ağ Şaxtababa?...



Tarix: 30.12.2016

1605