İlin ədəbi və əbədi yekunu


“Kirpi. info” 2016-ci ildə dünyasını dəyişən tanınmış sənət adamlarının siyahısını təqdim edir.

Artıq 2016-ci ili yola salmağımıza sayılı günlər qalıb. Bu il daha çox siyasi və iqtisadi problemləri ilə yadda qaldı. Xüsusən də dolların və neftin qiyməti ilə bağlı. İngiltərədə keçirilən “Brexit” qoca qitəyə soyuq “düş effekti” verdi. Lakin bir çox ölkələrdə müşahidə edilən iqtisadi tənəzzül ədəbi həyatda da yaşandı. Bu il kimisi üçün sevincli, kimisi üçünsə kədərli hadisələrlə xatirələşdi. Yola salmağa hazırlaşdığımız 2016-ci ildə Dünya ədəbiyyatı bir çox tanınmış simalarını itirdi. “Kirpi. info” 2016-ci ildə dünyasını dəyişən tanınmış sənət adamlarının siyahısını təqdim edir.

Yeni ilin ilk ölüm xəbəri Dağıstandan gəldi. 2016-ci ilin ilk günü Dağıstanın xalq şairi, sovet-avar şairəsi, publisist, 80 kitabın müəllifi Fazu Əliyeva vəfat edir. 68 dilə tərcümə edilən kitablarında milli və mənəvi dəyərlər geniş yer ayıran, Dağıstan parlamentinin vitse-spikeri olan xanım yazıçı əxalqi dəyərlərlə yüksək qiymət verirdi əsərlərində, hətta yazıda jarqon ifadələrə belə pis baxırdı.  

19 Fevral 2016-cı il. Bu gün ədəbiyyat üçün yas günü hesab edilir. Belə ki, bir gündə iki dahi yazıçı dünyasnı dəyişir. Öncə məşhur yazıçı, filosof, semiotik-alim Umberto Eko vəfat edir. 84 yaşlı yazıçı öz evində gözlərini əbədi yumur. Ədəbiyyat aləmində “Gülün adı” və “Fukonun kəfkiri” romanları ilə tanınan yazıçı həm də Orta Əsrlər estetikası və semiotika üzrə professor idi. Tarixçi, filosof, Orta Əsrlər üzrə mütəxəssis olan Eko Ceyms Coys haqqında araşdırmalar müəllifidir. Yazıçının ilk romanı “Gülün adı” 1980-cı ildə çap olunub. Fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.

Həmin gün axşam daha bir yazıçının ölüm xəbəri gəlir. 89 yaşında Amerika ədəbiyyatının nadir görünən nüfuzlu qələm sahibi yazıçı Harper Li ədəbiyyat və həyatla vidalaşır.  “Bülbülü öldürmək” əsəri ilə qazandığı dünya şöhrətini ötən ilin sonlarında işıq üzü görmüş “Gözətçi təyin edin” əsəri ilə davam etdirməyi hədəfləyirdi. Ötən il əksər siyahılarda satış və müzakirə rekordlarına imza atan əsərin daha böyük uğurlarını görmək “Pulitzer” mükafatlı yazara nəsib olmadı.

Daha sonra Kanadalı yazıçı, şair və musiqiçi Leonard Koen Los-Ancelesdə vəfat edir. Məlumatı Koenin ailə üzvləri və Sony Music Canada səsyazma kompaniyası da təsdiq edir. Onun 82 yaşı vardı. 1956-cı ildə ilk şeirlər toplusu, 1963-cü ildə ilk romanı nəşr olunub. Koenin musiqiçi karyerası o, 1967-ci ildə ABŞ-a köçdükdən sonra başlayıb. Onun musiqiləri bir çox filmdə səsləndirilib. “Hallelujah” kompazisiyası isə ən sevilən bəstələrdəndir.

Bu il həmçinin klassik sovet yazıçısı Fazil İsgəndər də 88 yaşında Moskvada vəfat edir. Fazil İsgəndər 1929-cu ildə Suximidə anadan olub. Moskvada 1954-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 50-ci illərin sonlarında “Gənclik” jurnalında çap olunmağa başlayıb. O, “Çeqemli Sandro”, “Çikin uşaqlığı” eposu, “Dovşanlar və ilanlar” povesti, “Rusiya barədə düşünən və amerikalı” esse-dialoqu, “İnsan və onun ətrafı”, “Şair”, “İnsan dayanacağı” və s. populyar əsərlərin müəllifi olub.

Fransalı yazıçı Mişel Bütor da bu il dünyasını dəyişən yazıçılardandır. Bütor səhər saatlarında Yuxarı Savoyya departamentində yerləşən Kontamin-sür-Arv kommunasının xəstəxanasında keçinir. Bütorun yaradıcılığı Fransa nəsrində “yeni roman” istiqamətinə aiddir. O, “Dəyişiklik” romanına görə 1957-ci ildə Fransanın “Rendo” ədəbi mükafatına layiq görülüb.

13 oktyabr tarixində isə məşhur italyan yazıçı, dramaturq, rejissor, aktyor, rəssam, görkəmli mədəniyyət xadimi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Dario Fo 91 yaşında vəfat edir. Bu ilin mart ayında D.Fo 90 illik yubileyini yeni tamaşa ilə qeyd etmişdi. Yazıçı son vaxtlara qədər fəallığını qoruyur və çoxlu işləyirdi, publika və jurnalistlərlə tez-tez görüşürdü. İtaliya baş naziri Matteo Rentsi bildirib ki, D.Fonun vəfat etməsi ilə ölkə mədəni həyatının böyük fiqurunu itirib.

Bundan başqa yəhudi yazıçı və ictimai xadim, Holokostun canlı şahidi Eli Vizel 87 yaşında gözlərini əbədi yumur. “Osvensim” və “Buhenvald” əsir düşərgələrində dustaq həyatı yaşamış Vizel Holokost barədə təşviqatla məşğul olub, “Gecə” romanının dərcindən sonra bütün dünyada məşhurlaşıb. Həmin əsərdə İkinci Dünya müharibəsi illərində yəhudilərin kütləvi qırğınından bəhs edilir. Yazıçı bir çox mükafatlara, o cümlədən, ABŞ Konqresinin Qızıl medalına və 1986-cı ilin Nobel sülh mükafatına layiq görülüb.

Eli Vizellə eyni həyatı yaşayan, Fransanın tanınmış yazıçısı, Holokost faciəsini yaşayan Martin Qrey də 94 yaşında vəfat edir. Yazıçının meyiti yaşadığı evin hovuzunda aşkar edilib. Öz əcəli ilə dünyasını dəyişən yazıçının ən məşhur əsəri 1971-ci ildə çapdan çıxan “Özününkülərin adından” (Au nom de tous les miens ) əsəri olub.

ABŞ-ın dünya şöhrətli  dramaturqu, üçqat Pulitser mükafatı laureatı Edvard Olbi də bu il həyatla vidalaşır. 88 yaşında vəfat edən Edvard Olbi ХХ-ci əsrin ikinci yarısında ən tanınmış ABŞ dramaturqu kimi tanınıb. Onun ən məşhur “Virciniya Vulfdan kim qorxur?” (Who's Afraid of Virginia Woolf?) pyesi 1962-ci ildə Brodveydə tamaşaya qoyulub.  E.Olbi Nyu-York ştatındakı evində vəfat edib.

21 noyabr tarixində isə İrlandiyalı yazıçı və dramaturq Uilyam Trevor 88 yaşında dünyasını dəyişir. Trevor 24 may 1928-ci ildə Mitçelstaun şəhərində (İrlandiya) dünyaya gəlib. Onun ilk “Standart davranış” romanı (“A Standard of Behaviour”) 1965-ci ildə nəşr edilib. Trevor yaradıcılığı ərzində təqribən 30 roman və hekayə nəşr etdirib ki, onların da bəzilərinin süjeti pyes və filmlərin əsasını təşkil edib.

Azərbaycanda hərbi xidmət keçən ukraynalı yazıçı da bu il vəfat edib. Yazıçı, siyasi və ictimai xadim, Ali Radanın deputatı (1990-1994), Ukrayna qəhrəmanı Roman İvanıçuk 88 yaşında Lvovda keçinir. Roman İvanıçuk 27 may 1929-cu ildə Traç kəndində (hazırda İvano-Frankovski vilayətinin Kosovski rayonu) dünyaya gəlib. 1948-ci ildə Lvov Universitetinin Ukrayna filologiyası fakültəsinə daxil olub. 1949-cu ildə oradan xaric edilib. O, 3 il Azərbaycanda hərbi xidmətdə olub, 1953-cü ildə universitetə bərpa olunub və 1957-ci ildə oranı bitirib. 1958-ci ildə onun ilk novellalar toplusu çapdan çıxıb. Yazıçının aktivində 20 tarixi roman var. Onun əsərləri fransız, rus və digər dillərə tərcümə olunub.

Bu il ərzində həmçinin ədəbiyyatşünas, Rusiyanın ədəbiyyat tənqidçisi Feliks Kuznetsov, şair, ədəbi tərcüməçi, 30 kitabın müəllifi Novella Matveyeva, Fransalı naşir, ədəbiyyatşünas və tərcüməçi, Rusiya mədəniyyəti təhqiq edən Nikita Struve də dünyasını dəyişib.

 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 16.12.2016

3717