Qafar Şövqi Satira


“Yaramız bağlı olur Anyalara, Sonyalara. Balamız, Fatma, Tükəzbanı salır yadımıza”

 

 Yadımıza

Bəzən illər yığışıb, anı salır yadımıza.

Yeni keçmişdəki nöqsanı salır yadımıza.

***

Şeytanın heç bizə yox ehtiyacı, diqqət elə.

Yenə insandı olan nəfsinə, istəyinə kölə.

Dəli şeytan dəli insanı unutdursa belə,

Dəli insan, dəli şeytanı salır yadımıza.

***

Bizi də özgə bilir, özgəyə töhmətni verən.

Özgənin özgəliyindən də bizik pay götürən.

Bizə rişğənd eləyir üstümüzü unlu görən

Təzə dən, köhnə dəyirmanı salır yadımıza.

***

Yarananlar da yığışmış, "yaradanlar" da gəlib.

Və gedənlər də qayıtmış, qayıdanlar da gəlib.

Bizi dərin yuxulardan oyadanlar da gəlib,

Uyudanlar kimi, yorğanı salır yadımıza.

***

Salıb öz şəhvətimiz bizləri yad dünyalara.

Gedirik çimmək üçün saunalara, banyolara.

Yaramız bağlı olur Anyalara, Sonyalara.

Balamız, Fatma, Tükəzbanı salır yadımıza.

***

Şövqi, hər xanəyə etsən də belə seyrini sən.

Güdmədin amma ki hər xanədə öz xeyrini sən

Acı sözlərdən ibarət elə öz şeirini sən.

Acı sözlər, acı dərmanı salır yadımıza.

 

 Oyandıqmı biz?

 

Bir kərə haqq əhlini andıqmı biz?

Bir kərə haqsızlığı dandıqmı biz?

***

Siz həmi düşdüz, həmi saldız tora.

Biz həmi öldük, həmi girdik gora.

Sizdəki "təqvanı" görəndən sora

Siz deyən Allaha inandıqmı biz?

***

Ağzımıza dəyməsə də bir tikə,

Oldu maaşmız cibimizdən yekə.

Mən desəm hərgah, düşəcək mərəkə.

Sən də, süründükmü, dolandıqmı biz?

***

Saydımı tale bizi insan kimi?

Verdimi fürsətlərə qurban kimi

Oldumu dünya bizə zindan kimi?

Düşmədən atəşlərə yandıqmı biz?

***

Yandığımız yerdə olub halbahal

Qandığımız halda salıb qalmaqal,

Girdik oyundan oyuna dalbadal.

Cənnəti cekpotla qazandıqmı biz?

***

Göydəki sülh quşlarını daşlayıb,

Yerdəki bayquşları alqışlayıb,

Həm bizə tankın lüləyin tuşlayıb

Həm soruşursuz yaralandıqmı biz?

***

Şövqi, bizim özümüzü aldatdılar.

Gözümüzə pulnan yuxular satdılar.

Min dəfə yorğanımızı dartdılar

 

Bir dəfə qəflətdən oyandıqmı biz?



Tarix: 15.12.2016

1349