Yeniçağın rus ədəbiyyatı


Boris Akunin: “İnsanlar kimə pərəstiş edirlərsə, ona özlərini hipnoz etdirmək imkanı verirlər”

 Rusiyanın ən tanınmış yazarı Qriqori Şalvoviç Çxartişvili. Hər kəs onu məşhur beletristika yazıçısı olaraq Boris Akunin adı ilə tanıyır. Əslən Gürcüstandan olan Qriqori 20 may 1956-cı ildə anadan olub. Moskva Dövlət Universitetinin məzunu olan yazıçı yapon və ingilis dillərindən ədəbi tərcümə ilə məşğul olub. 20 tomluq “Yapon ədəbiyyatı Antologiyasının”  baş redaktoru olan Qriqori 1988-ci ildən B. Akunin təxəllüsü ilə yazmağa başlayır. “Akunin” sözü yapon dilindən tərcümədə “Əclaf”, “Qəddar” deməkdir.  Cümlədə işlənmə yerinə görə isə mənası şərin tərəfində duran, böyük şəxsiyyət deməkdir. Lakin yazıçı tənqidi və sənədli filmləri əsl adı ilə dərc edir. Akuninə “Xəfiyyə Erast Petroviç Fandorinin macəraları” seriyasından olan romanları şöhrət qazandırıb. Bu seriyadan ən maraqlı əsəri “Qar Kraliçası”dır. Moskvada Aleksandr Bağçalarında gənc bir adam hamının gözü qarşısında naməlum səbəbdən intihar edir. Həmin vaxt Moskva və Sankt- Peterburqda da eyni növdən hadisələr tez-tez təkrarlanır. Polisdə dəftərxana işçisi kimi işləməyə başlayan Fandorin üçün bu hadisələr maraqlı görünür və cinayət işini araşdırmağa başlayır. “Leviatanda Cinayət” kitabında isə hadisələr Parisdə cərəyan edir. Belə ki, Lord Littlebi və on nökəri malikanəsində ölü tapılır. Bu arada əvəzsiz bir hind şalı da malikanədən itir. Komissar “Ata” Gauç cinayət yerində balina şəklində qızıl bir açar tapır. Bundan sonra cinayət səbəbləri məlum olmağa başlayır. Akuninin son romanı olan “Leviatanda Cinayət” oxuculara son səhifəsinə qədər gərginlik dolu anlar yaşadır.

 

Onun kitablarının ümumi satış rəqəmi  25 milyona çatıb, Rusiyada Qoqol, Tolstoy ilə barəbər tutulur. Rusiya prezidenti Vladimir Putinin xarici siyasətinə qarşı çıxan yazıçı 2013-cü ildən sonra ölkəni tərk edir. Bu tarixdən etibarən üç ölkədə, Böyük Britaniya, İspaniya və Fransada yaşayır. Bundan başqa bir neçə il bundan əvvəl Akuninin saxta əsərləri ətrafında böyük qalmaqal yaşanır. Ukrayna naşirləri naməlum sənətkarın qələmə aldığı kitabların üz qabığını Boris Akunin ismi ilə bəzəyərək, satışa çıxarırdılar. Yazıçı bu hadisələrdən sonra detektiv əsərlər yazmaqdan imtina edir. O, Rusiya tarixini yenidən yazmaqla məşğul olacağını bəyan edir. “Yeni Karamzin” olmaq istədiyini açıqlayan yazıçı qeyd edib ki, ən populyar qəhrəmanı Erast Fandorin haqda silsiləni tamamlayacaq və bundan sonra özünün 10 cildlik Rusiya tarixini yazmağa həsr edəcək. Artıq birinci cild hazırdır. Orada Rusiya tarixinin monqol istilasına qədər olan hissəsi əks olunur.

Erast Fandorindən söz düşmüşkən. Bu ad Borisin ən məşhur və uğurlu əsər qəhrəmanıdır. O, öz qəhrəmanını  demək olar ki, ideal insan səviyyəsinə qaldırır. Lakin qəhrəman Allaha inanmır. Erast həm yapon fəlsəfəsini bilir, həm də yapon döyüş növlərini əla öyrənir. Hətta nindzyaların başçısının yanında təlim keçir. Güclü məntiqə malikdir. Yazıçının bu il ərzində verdiyi müsahibələrdən maraqlı sualları təqdim edirik.

- Müasir oxucu ötən nəslin oxucusu ilə müqayisədə necə dəyişib?

- Oxucunun zövqü tez-tez dəyişir. Deyərdim ki, iyirmi il ərzində auditoriyanın zövqü ən azı üç dəfə dəyişib. Yazıçılığa başladığım dövrdə qanlı xəncər və məsum sarışınların üz qabığında olması insanları cəlb edirdi. Daha sonra vəziyyət ağırlaşdı. İntellektual, yüngül qiraətçilərin sayı çox oldu. Son iki ildə oxucular böyüyüb və ciddiləşib. Belletristikanı az oxumağa başlayıb və daha çox non-fikşna maraq göstərir.  Bu, məni çox sevindirir.

- Kimdən ilham alıb yazıçılığa başladınız? Hansı məşhur insanlar sizin üçün nümunədir?

- Mən uzun illər ədəbi jurnalda çalışıb özgə mətnləri redaktə, bir neçə il tərcüməçi işləyərək ayrı-ayrı şəxslərin mətnlərini tərcümə edirdim. Hər cür müəlliflər rastıma çıxıb: Yaxşı, qorxunc və orta. Yaxşılardan yazmağı necə öyrənməyi qavrayırdım. Qorxunclardan uzaq dururdum. Orta səviyyəlilərdən isə heç nə öyrənmirdim. Təəssüf ki, əksəriyyəti belədir. Bir qayda olaraq, onların kitabları çox peşəkar formada dərc edilsə də tam ölüdür. Ədəbi “müəllimlərin” adını sadalasam vaxt alacaq. Yalnız bir neçəsinin adını deyəcəm: Aqata Kristi, Serqey Dovlatov, Robert Van Qulik, Penn Uorren Robert və s.

- Sizin fikrinizcə, XXI-ci əsrdə ədəbiyyat necə olmalıdır?

- Necə olursa olsun, təki darıxdırıcı olmasın. Gözləyirəm ki, yeni yaranacaq üsullar, janrlar qarşımızda yeni imkanlar açsın. Yəni elektron kitab kimi. Digər tərəfdən kağız kitab gözəl olmalıdır. Oxucu rahat və ucuz mobil qurğu ilə oxumağı kənara qoyaraq ağır, narahat əşyaya pul xərcləyə bilsin, bunu başa düşsün. Ona görə mənim bütün kitablarım şəkillidir. Çünki bu həm də vizual baxımdan çox vacibdir. İsrar edirəm ki, nəşriyyatlar kitab üçün yaxşı kağız sərf etsinlər, ən yaxşı rəssamı işlərinə cəlb etsinlər. Kitabı ələ götürmək insana rahatlıq, dinclik verməlidir. Buna görə mənim kitablarım bahadır. Bilirəm ki, bu kitabların satışına ciddi təsir edir. Əgər biz kağız kitabı saxlamaq istəyiriksə əminəm ki, məhz bu istiqamətdə irəliləmək lazımdır. Elektron kitabı ad günündə və ya yeni ildə hədiyyə etmək olmur. Lakin kağız kitabı mümkündür. Təbii ki, onun gözəl görüntüsü varsa.

- Hansı kitabınızda başlanğıc ideyadan sonda cüzi nüanslar qalıb?

- Minimal dəyişiklik detektivdə olur. Səbəb isə sadədir. Detektiv əsərlər yüksək dəqiqlik tələb edən bir mühəndislik konstruksiyasıdır. İdeyanın əsərin ortasında və müəyyən yerlərində dəyişikliyi süjet xəttinin elə də vacib olmadığı romanlarda olur. Həm də mən çoxdandır özümə maraqlı olanları yazıram. Əgər yazdıqlarım auditoriyamın maraqları ilə uzalşırsa buna sadəcə, sevinə bilərəm. Publikanın gözləntilərinə boyun əyməkdən saxta heç nə yoxdur.

- Siz yazıçılıqdan başqa həm də ictimai, vətəndaş və hətta siyasi fəaliyyətlə məşğul olursunuz.

- Nə zamansa siyasi fəaliyyətlə məşğul olmağımla bağlı düşüncəm olmayıb. Digər tərəfdən, özümü siyasətçi kimi təqdim etmirəm. Bu başqa məsələdir ki, rəyi ilə razı olduğum siyasi qüvvəni dəstəkləməyi, ölkəm üçün ziyanlı görünən siyasi qüvvəyə isə opponentlik etməyi lazım bilmişəm. Amma bütün hallarda yazıçı olaraq qalmışam. Öz daxilimdə ədəbiyyat və qeyri-ədəbiyyat bölgüsü aparıram. Düşünürəm ki, bütün yazıçılarda belədir və gündəlik problemlərdən qaçmağıma dəlalət etməməlidir. Bloqum, Facebook-um var. Əgər nəyisə açıq mətnlə demək istəyirəmsə, bunu orada edirəm.

- Sosial şəbəkələr ədəbiyyata necə təsir göstərir?

- Çox yaxşı. Bir çox insanlar qələmini yoxlayır, auditoriya cəlb edir. Kimdəsə bu yaxşı alınır və sosial şəbəkənin “ulduzlar”ına çevrilir. Əminəm ki, zaman keçdikcə həmin şəxslərdən məşhur yazıçılar olacaq. Ancaq təəssüf ki, “qısa” platformalı “Facebook” və “Twitter” bloqları sıxışdırır. Guman edirəm bu daha çox davam etməyəcək.

- Deyirlər ki, Putin öz xarici qonaqlarını hipnoz edir. Fransua Fiyon da bundan qaça bilməyib. Bunu necə izah edərdiniz?

- Bir qayda olaraq insanlar kimə pərəstiş edirlərsə, ona özlərini hipnoz etdirmək imkanını verirlər. Əgər Vladimir Putin sizi cəlb etmirsə, düşünmürəm ki, onun sizi fəth etmək imkanı olsun. O, yaxşı təsir bağışlamaq istədiyi insanlarla danışmağı bacarır. Unutmayın ki, bu gün Rusiya, əslində, Putinin bütün qərarlarını qəbul edən bir dövlətdir. Rejim antidemokratikdir, müxalifəti əzir, siyasi motivlərlə insanları həbsxanaya salır. Bu təcavüzkar ölkənin ideologiyası qəddarlıq, ksenofobiyadır. Bu günkü Rusiya məhz bu ölkədir. Digər problem əhalinin beynindədir. Nə vaxta qədər ki, insanlar başa düşməyəcəklər ki, onları gic yerinə qoyurlar, nə vaxta qədər ki, böyüyüb ərsəyə yetməyəcəklər və müstəqil düşünməyi öyrənməyəcəklər bu düzəlməyəcək...

- Suriya siyasəti necə?

 

- Çeçenistanla Suriya fərqli dövlətlər olsa da, Putinin məntiqində Çeçenistan planını Suriyada tətbiq etməkdir. Onun düşüncəsində ölkəyə ən yaxşı şəkildə dəstək vermək yox,  ən güclüyə dəstək verməkdir. Özü də nəyin bahasına olursa-olsun, o cümlədən insan hüquqlarının pozulması bahasına belə. Belə hesab edirəm ki, Suriyada vəziyyət yaxşı deyil və Çeçenistandan da müsbət olmayacaq. Bu iş uğursuzluğa məhkumdur. Rusiya ilə hər bir alyans zəiflik əlamətidir.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 13.12.2016

1630