Etqar Keret –  Müasir İsrail ədəbiyyatı


“Mən uşaqlarımı baş nazirin sözlərinə inanaraq böyüdə bilmərəm”.

Müasir İsrail ədəbiyyatının dünyada ən tanınmış yazıçısı Etqar Kereti. Qısa hekayələri, qrafik novellaları və ssenariləri ilə məşhur olan yazıçı Holokost soyqırımının sağ qalan polyak əsilli qurbanlarının üçüncü övladıdır. Absurd və ironiya dolu qısa hekayələri ilə məşhurdu.

 

Onun sadə və çevik dillə yazdığı zəngin məzmunlu yığcam hekayələri öz nəslinin yazarlarına dərin təsir göstərib və 1990-cı illərdə İsrail ədəbiyyatında qısa hekayələrə yeni nəfəs verib. Jarqon və vulqar ifadələrdən istifadə etdiyi üçün gündəlik danışıq dilinə olduqca yaxındır. Keret yaradıcılığının əsas janrı hekayədir.

 Çox vaxt hekayələri sürrealist  olsa da inandırıcıdır. Keretin ilk nəşr olanan “Borular” adlı qısa hekayələr toplusu ona yetərincə məhşurluq gətirməyib. Onun əlliyə yaxın qısa hekayədən ibarət olan ikinci kitabı “Kissincer həsrətilə” isə ictimaiyyətin böyük diqqətini çəkir və məhz bu kitabdan sonra yazıçı geniş oxucu auditoriyası qazanır. Bu kitaba daxil olan və müasir İsrail cəmiyyətinin paradokslarından bəhs edən “Sirena” hekayəsi isə ali məktəbə qəbul imtahanı üzrə ədəbiyyat proqramına daxil edilir.

Daha sonra “Knellerin düşərgəsi” povest və qısa hekayələr toplusu işıq üzü görür. “Knellerin düşərgəsi” və digər hekayələrin daxil olduğu “Allah olmaq istəyən avtobus sürücüsü” adlı ingilis dilində nəşr olunan kitab İsrail ədəbiyyatında yeganə kitabdır ki, Fələstin Muxtariyyatında ərəb dilində nəşr edilib. Keret öz müsahibəsində belə deyib:

“Allah olmaq istəyən avtobus sürücüsü” adlı kitabım Fələstin Muxtariyyatında ərəbcə nəşr edilib. Oradakı naşirim demişdi ki, kitabların satışı yaxşıdır, hər gün sifariş verirlər, amma bilmirəm, bu sifarişlər sənin heyranlarındanmı gəlir, yoxsa “Həmas” terror qrupunun fəalları bu kitabları yandırmaq üçün alırlar”.

Yazıçının indiyə qədər ümumilikdə 5 qısa hekayələr toplusu, həmmüəllif olduğu 3 qrafik romanı, 1 avtobioqrafik kitabı və azyaşlılar üçün yazdığı 3 uşaq kitabı nəşr olunub. Keret ivrit dilində yazır və kitablarının əksəriyyəti ingilis, rus, ispan, türk və digər dillər daxil olmaqla 40 dilə tərcümə olunub.

“Yeddi yaxşı il” kitabı isə bu il dərc olunub. Kitab əhəmiyyətli dərəcədə yazıçının şəxsi həyatından bəhs edir, ata və oğul kimi həyatda rolunu anladır. Kitab terror aktından sonra oğlunun dünyaya gəlməsi ilə başlayıb yazıçının atasının dünyadan köçməsi ilə bitir. Kitabın ilk tərcümələrindən biri farscaya olub. Daha sonra İranda qeyri-qanuni yolla çap olunaraq satılıb. Yazıçı öz müsahibəsində də bunu etiraf edir:

“Bu işdə öz rolum olmayıb, ancaq kitabımın çap olunduğunu eşidəndə əlbəttə ki, sevindim. Bu ədəbiyyatın mədəniyyətlərarası münasibətlərdə nə qədər önəmli olduğunu göstərir”.

Bu, yazıçının yeganə qeyri-bədii kitabıdır. Kitabın ingilis dilinə olunan tərcüməsi Bu günkü Dünya Ədəbiyyatının “Tanınmış 75 Tərcümə” siyahısında ən yaxşı tərcümə edilmiş kitabı seçilib, həmçinin “NPR`s Book Concierge” tərəfindən hazırlanan 2015-ci il üçün ən oxunaqlı kitabların siyahısında yer alıb. Yazıçının verdiyi son müsahibədən seçmələri təqdim edirik.

- Sizə həsr olunan bir məqalədə belə bir cümlə diqqətimi çəkdi: “Etqar İsrailin ədəbi səmasında ən parlaq ulduzdur”. Ədəbi ulduz olmaq necədir?

- Ümumiyyətlə, oxucunun dərk etməsiylə yazıçının dərk etməsi arasında fərq böyükdür. Oxucu mənim üçün həmişə ulduzdur. Universitetdə məntiq, cəbr, bütün bu riyaziyyatı öyrəndiyim zaman yazmağa başladım. Kursda 600 tələbə idik. Öz hekayələrimi 20 nüsxədə dərc etdirib kampusdakı tələbələrə oxumaq üçün təklif edirdim. Təbii ki, bu təkilifə cavab verməyənlər də olurdu. Lakin çoxları bu çağırışa səs verdilər. Hekayələrim oxuyanların xoşuna gəlirdi. Bax, mənim sevimli yazıçım var - Frans Kafka. Kafka ulduzdur? Oğlumu ona etibar edə bilərdim mi? Və ya avtomobilimi idarə etməyi ? Şübhəsiz ki, yox.

- Kafka ulduz olmasa da o, ən azından, kult yazıçıdır.

- Hə, əlbəttə, elə yazıçıdır. Mən də həmçinin. Bütün hallarda hekayələrimin hamının xoşuna gələcəyi, maraqlı olacağı barədə heç vaxt düşünməmişəm. Qısa hekayələrdən ibarət olan kitabım ilk sayında 800 nüsxə satıldı. İkinci isə yüz min. Niyə?! Mənim hekayələrim daha yaxşı oldu?! Bilmirəm.

- Deyin, israilli yazıçı olmaq nə deməkdir? Siz bütün dünyanı səyahət edirsiniz, həmkarlarınız ilə görüşürsünüz. Sizin onlarla ortaq cəhətləriniz və ya fərqiniz varmı?

  - İsrailli – bu, ümumiyyətlə, kimliyi çox qəribə müəyyənləşdirilən şəxsdir. Mən “The New York Times” üçün bu yaxınlarda məqalə yazdım. Orada “İsrail tərəfdarı” sözünə nifrət etdiyimi qeyd etdim. Bəzən mənim əlimi sıxıb görüşən adamlar: “Biz İsrail tərəfdaryıq” deyir. Bəzən isə üzümə tüpürüb: “ Biz anti-israilliyik” deyirlər. Ümumiyyətlə, milli identiklik Taro kartları kimidir: Onu açan kimi sənə hər şeydən xəbər verəcək. Nədənsə düşünürəm ki, Lüksemburqdan olsaydım “The New York Times” üçün  mənim fikrim maraqlı olmazdı. Bir dəfə bizim baş nazirdən müsahibə aldm. Sonra məni “Sən öz ölkənin satqınısan” dedilər. Üç gün sonra “Berkli Universiteti”ndə mühazirə oxuduğumda gözəl qızlar, mənə tüpürüb: “Fələstinli uşaqların qatili” deyə fitə basdılar. Bu adamı çaşbaş salır. Kiməm mən? Satqın və ya uşaq qatili? Mənə elə gəlir ki, heç birindən deyiləm. Çox çətin təşkil olunan varlığam. Amma insanların bipolyar qərarlara ehtiyacı var. Bu həyatdır. Təhlükəlidir hər şey.

“Facebook” da bir növ təhlükədir. Çünki qayda-qanun yoxdur, konspirasiya, böhtan və ksenofobik yalanlar yaymaq çox asandır. Bütövlükdə dünya özü təhlükədədir. Bunu ABŞ-da seçkilər zamanı Trumpın çıxarışlardan görmək olar. Və yaxud da İsrailin baş naziri Netanyahunun danışıqlarına fikir verərkən elə bilirsən bu məsuliyyət daşıyan bir lider deyil, hansısa realiti-şou verilişinin iştirakçısıdır.

- Bu il növbəti kitabınız “Yeddi yaxşı il” çıxdı. Bu kitab birinci dəfə yəhudi dilində deyil, başqa dildə çıxdı. Səbəb nə idi?

- Bunun ayrıca və olduqca qəribə tarixi var. Məsələ ondadır ki, arvadım ölkədə çox tanınmış, məşhur, hörmətli yazıçı və şairin qızıdır. Balaca olan zaman ata öz qızı haqqında çoxlu şeir və hekayələr yazıb. Arvadım deyir ki, bir dəfə iş görüşməsinə getdiyi zaman onu tanıyıblar. Atasının yazdığı və uşaqlıqda geyindiyi yaşıl pijamanı geyinib-geyinməməsi ilə bağlı sorğu-sual ediblər. Həyat yoldaşım bu cür sualların onu bezdirdiyini deyirdi. Odur ki, kitabımı çap etməzdən əvvəl oğlumdan soruşdum ki, mənim kitabım ona problem yaradacaqmı, o da yaradacağını dedi. Oğlum dedi ki, tanıdığı adamların onun haqda çox şeylərdən xəbərdar olmasını istəmir.

Onda mən soruşdum ki, kitabımı başqa ölkədə çap edə bilərəmmi? O isə: “Bu bizə pul gətirəcək mi? - dedi. Mən “bəli” deyə cavablandırdım. Eyni zamanda oğlum başqa ölkələri tanımadığını və İsraildən başqa harada istəsəm kitabımı çap etdirə biləcəyimi dedi. Onun ivritcə çap olunmamasının bir neçə səbəbi vardı, ancaq birincisi oğlumun bunu istəməməsi oldu.

Amma digər problem yaranmışdı. Çünki mən İsraildə kitab nəşr etmək istəmirdim, ona görə də bu kitabı ingilis dilində çap etməsi üçün nəşriyyatla müqaviləm yox idi. Daha sonra biz kitabı ingilis dilinə sətiraltı, kobud formada tərcümə etdik. İndi də oğlum istəmir deyə bu kitabın ivrit dilində tərcüməsi yoxdur.

- Sizin hekayələrdə demək olar ki, həmişə faciə ilə ironiya uzlaşır.

 

 - Düşünürəm ki, hər bir yaxşı hekayə kədərlə bağlı olmalıdır, çünki öz varlığımız kədərlidir. Bu oyun əvvəlcədən məğlubiyyətə hesablanb: Orada heç kim qazanmır. Mənim üçün qoruyucu mexanizm yumor və bununla bağlı olan ehtiraslardır. O, məni mərhəmətdən, ürək ağrısından xilas eləyir. Oğlum mənə bir dəfə dedi: “Ata! Gülməli ol” Mən ona izah etdim ki, həmişə gülməli və şən olmaq o qədər də asan deyil. Məsələn, qıdıqlayan yumor var: Sən sözə yox, səni qıdıqlayırlar deyə gülürsən. Amerikada üzvi reaksiya yumoru da var. Orada bunu çox peşəkarcasına bacarırlar. Mən, həyatında nəsə anlamaq cəhdlərindən kənar effekti olan yumora üstünlük verirəm. Bəziləri nikbin ideologiyanın tərəfdarıdır, ancaq mən gələcəklə bağlı nikbin deyilən, uşaqlarımı baş nazirin sözlərinə inanaraq böyüdə bilmərəm.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 07.12.2016

2116