Qafar Şövqi Satira


Məndə sanma, ya Həci, hər kəs kimi can dərdi var. Məndən olsaydı ölərdim, amma ehsan dərdi var.

Can dərdi

 Məndə sanma, ya Həci, hər kəs kimi can dərdi var.

Məndən olsaydı ölərdim, amma ehsan dərdi var.

 

***

Hər nəyi dərk etməsən də dini bilmək yaxşıdır.

Həm əcəl gəlməzdən öncə haqqa gəlmək yaxşıdır.

İndi evdə xəstə yatmaqdansa, ölmək yaxşıdır.

Xəstəlik də bir bəladır, çünki, dərman dərdi var.

***

Qəlbimiz qan ağlayarkən biz məgər hönkürmədik?

Qan bizə lazım olarkən qanı pulsuz görmədik...

Bəs məhərrəmlik ayında biz gedib qan vermədik?

İndi nə fəryad edirlər "ölkədə qan dərdi var"?...

***

Əşşi, bir böyrəklə də işlər keçər, əl çək, satır.

Kim gedib topdan pərakəndə, kimi tək-tək satır.

İşləyən qəssab olur, işləməyən böyrək satır.

Orqanda millət dərdi, millətdə orqan dərdi var.

***

Mən sənə bir söz deyim, sən get fikirləş bir ara.

Rastına çıxmışdısa kefsiz və halsız binəva.

Sən pulu niyyət edib, sorma nəyin var ey gəda?...

Şübhəsiz ki heç nəyi yoxdursa, hökman dərdi var.

***

Qəlbimizdə şeytan itirib, cin tapmışıq.

Əldə təsbeh fırladıb, söykənməyə tin tapmışıq.

Şövqi, çox zəhmət çəkib hər dərdə bir din tapmışıq.

 Xürrəm ol kəsdir, müsəlmandır, müsəlman dərdi var.



Tarix: 05.12.2016

1552