Paxla almağa iki pennisi olmayan milyarder


Coan Roulinq və onun “Harri Potter”i haqqında

“Harri Potter” seriyasının müəllifi, 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadını, dünyaca məşhur yazıçı Coan Roulinq. Ona qədər hələ heç bir yazıçı milyarder ola bilməyib. “Forbes” jurnalının hesablamalarına görə Roulinqin qazancı milyard dolları keçib. “Harri Potter” 68 dilə tərcümə olunub, gənc cadugərlə bağlı kitab ümumilikdə 450 milyon ədəd satılıb. Müqayisə üçün deyək ki, dünyaca məşhur yazıçı Stiven Kinq kitablarından cəmi 200 milyon dollar qazana bilib. Dedektiv əsərlərin kraliçası Aqata Kristinin kitabları isə 5 milyon funt gəlir gətirib. Milyarder xanım ilk nəşriyyat evinin vaxtilə ona “uşaq kitablarından böyük pullar heç vaxt qazanmayacaqsınız” xəbərdarlığını təbəssümlə xatırlayır. O necə də yanılıb!

1999-ci ildə “Warner Brothers” şirkətinin nümayəndələri Coannaya ilk üç romanı onlara satmaq təklifi ilə müraciət edir. Yazıçı romanlara görə milyon funt üstəgəl gələcək kassa yığımlarının 1 faizini, “merçendayzinq”in 2 faizini istəyir. O zaman üçün bu məbləğ fantastik böyük görünürdü, amma kino şirkətinin prezidenti Lorentso di Bonaventura bu şərtlərlə razılaşmağa dərhal əmr verir: “ Kitabın insanlar üçün belə maraq doğurması həyatda yalnız bir dəfə görünüb. Bu şansı əldən buraxmaq olmaz” - deyə o bildirib. Hazırda bu milyon dənizdə bir damladır. Bu günə qədər Roulinq öz kitabları ətrafında imperiya yarada bildi. Təkcə “Harri Potter” brendinin qiyməti 21-24 milyard dollar arasındadır. Yazıçı kitabı əsasında çəkilən filmin satışından təkcə 7 milyard dollar qazanır. Bununla da “Harri” dövrün ən çox satılan filmi adını qazandı. Təkcə DVD-lərin satışından əldə olunan gəlirin 4 milyard funt olduğu deyilir.

Naşirlər, prodüserlər və digər pul əldə edən şəxslər bir ağızdan deyirlər ki, Roulinq simicdir. Əlbəttə, kənardan kömək olmadan Coanna bu cür uğurlar qazana bilməzdi. Yazıçının 15 ildir agenti olan Kristofer Littl onun istedadını dünyaya nümayiş etdirdi. Bütün bu müddət ərzində yazıçının maraqlarını vicdanla qorusa da Coanna bu yaxınlarda səbəbsiz yerə onu işindən kənarlaşdırır. Onun yerinə isə 43 yaşlı hüquqşunas Nil Bleyeri işə götürür. Bununla belə o, öz balaca “krallığında” bütün əsas gəlir mənbələrinə şəxsən özü nəzarət etməyə çalışır.

İntiharın bir addımlığında

Harrinin tarixi 1990-ci ildə yaranıb. Belə ki, 25 yaşlı Coanna Mançesterdən Londona gələn qatarı gözləyərkən birdən-birə haradansa beynində, alnında kiçik çapığı olan sehrbaz obrazı formalaşır: “Mən bunu özüm üçün yazmağa başladım və heç zaman nəşr etdirmək barədə düşünməmişəm” - daha sonra Coanna etiraf edir. Yeri gəlmişkən, tezliklə o, ədəbi hobbisini atmağa yaxın olur. Həmin dövrdə Coanna iki sarsıdıcı zərbə alır. Əvvəlcə çox sevdiyi anası dünyasını dəyişir. Üç il sonra o, faktiki olaraq yaşamaq üçün vəsaiti olmadan qalır. Belə ki, ilk həyat yoldaşı portuqaliyalı jurnalist Jorji Arantoşemdən boşanır.

“Hər həftə aldğım 70 funt sosial müavinətlə yaşayırdım və iş tapmaq imkanım da yox idi. Qızım Cessikanı baxçaya qoymaq və dayə tutmaq üçün imkanım çatmırdı. Bu günə qədər həmin dəhşətli təhqir hisslərini unuda bilərəm: Poçta sosial müavinəti almaq üçün gedəndə mənə elə gəlirdi ki, niyə gəldiyimi hamı bilir. Yoxsulluq sanki mənin üçün biabırçı xəstəlik kimi bir şey idi. Qızım üçün yoxsullar üçün mağazalardan paltar almağa nifrət edirdim. Uşaqlarına gözəl əşya və oyuncaqlar ala bilən valideynlərə həsəd aparırdım. Bir dəfə supermarketdən nahar və şam yeməyində istifadə etmək üçün götürdüyüm konservləşdirilmiş paxla üçün iki pensim çatmırdı. Kassir qarşısında bir aktirsalıq etdim... Guya, çantanın içindən 10 funtu çıxara bilmirəm ki, bu paxlanı alım. Xoşbəxtlikdən mağaza işçisinin mənə  yazığı gəldi və ona əksik pul verməyimi bağışladı. Uşaq mağazasına isə yalnız Coanna üçün pulsuz pampers almağa gedirdim. Mağazanın istirahət otağında pulsuz pampers olurdu. Lakin bunun üçün özümü müştəri kimi aparmalı və məhsullara, oyuncaqlara baxmalı idim”.

“Gərgin sosial durum onu çox yorurdu. Gündüzlər qızı ilə məşğul olan Coanna gecələröz romanını yazırdı. Bu cür həyatın davam etməsi onu klinik depressiyaya gətirib çıxarır və bir gün Roulinq ayılır ki, artıq beynində intihar planını götür-qoy edir. Cessikanın yetim qalmaq qorxusu onu fikrindən daşındırır. Məhz qızının xatirinə psixoloqa kömək üçün müraciət etmək qərarına gəlir. Müalicə kursu keçdikdən sonra  Coanna heç bir halda roman üzərində işi dayandırmamaq qərarına gəlir. “Harri”nin yazılması onun üçün psixoterapiya kimi bir şey oldu: “Başa düşdüm ki, fiziki və zehni sağlamlığım üçün yazmaq lazımdır” .

Yazıçını yoxsulluqdan qurtaran sehirbaz

Gerçəklik yazıçının bütün gözləntilərini üstələdi. Düzdür, ilk kitabın avansı cəmi min beş yüz funt olsa da yazıçı öz agenti vasitəsi ilə kitabın hüquqi varisliyini Amerika nəşri üçün sataraq 100 min dollar aldı. İndi Coannanın işlər yağ kimi gedir. Onun sərvəti saniyədə beş funt sürətlə artır.Yazıçı hazırda ikinci əri anestezioloq Nil Myurremlə xöşbəxtdir. Bu izdivacdan onların iki uşağı dünyaya gəlib. Onun hazırda dünaynın müxtəlif ölkələrində 4 evi var. Bundan başqa, bu yaxınlarda yazıçı Avstraliyada qiyməti 6 milyon funt olan geniş malikanə alıb.

Hər şey gözəl kimi görünsə də amma yazıçı bir neçə il əvvəl kədərləndiyini etiraf edib: “Harri haqqında son nöqtə qoyulanda əsl isterikam başladı. Mən uzun müddət, ümidsiz olaraq sanki yaxın qohumunu itirən şəxs kimi ağlayırdım”. Əslində belə də olmalı idi. Çünki Coanna dəfələrə bəyan edib ki, Harri Cessikanın uydurulmuş qardaşıdır. Bundan başqa yazıçının digər qorxusu da məlum olub. Sən demə, milyarder olmasına baxmayaraq onun qəlbinin dərinliklərində yenidən yoxsul olmaq qorxusu var: “Bəli, mən pul barədə hələ də narahatam”. Bütün bunlara baxmayaraq, Coan Roulinqin qələmə aldığı romanı “The Cuckoo`s Calling” (“Ququ quşunun çağırışı”) ekranlaşdırılacaq. Roman Əfqanıstanda yaralanan xüsusi xəfiyyə Karmoran Straykın bir modelin intiharını araşdırması haqqındadır. Baş rolları Tom Bruk və Hollidey Qreyncerin ifa edəcəyi serialın çəkilişləri artıq başlayıb.

 

Hazırladı: Günəş Fərhadlı 



Tarix: 28.11.2016

2798